Kərəm Həsənov “Vosmoy bazarı”nı ələ keçirdi

MTN-in polkovniki Akif Çovdarov komitə sədrinə uduzdu

Əmlak məsələləri üzrə dövlət komitəsi Kərəm Həsənov 8-ci kilometr bazarını (“Vosmoy bazarı”) sökdürür. Bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki,  uzun müddətdir bazar uğrunda gedən savaşda qalib çıxan komitə sədri oranı sökərək yerində göydələn inşa etmək niyyətindədir. Bazarın hara köçürüləcəyi isə hələlik bəlli deyil. Məlumata görə, söküntü işlərinə növbəti ilin ilk aylarından başlanılması planlaşdırılır.
8-ci kilometr bazarı uğrunda oliqarxlar arasında uzun müddət mübarizə gedib. Bazar əvvəllər Bakının sabiq meri Rafael Allahverdiyevin nəzarətindən olub. Sonradan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin əlinə keçib. Fərhad Əliyev həbs ediləndən sonra bir müddət bazara sabiq nazirə yaxın sahibkarlar nəzarət edib. Nizami rayonunun sabiq icra başçısı Mehbalı Əliyev bazarın bir hissəsini onlardan ala bilsə də, uzun müddət əlində saxlaya bilmədi. MTN-in “Qara kəmər” əməliyyatından sonra bazar nazirliyin idarə rəisi, “Azadlıq”ın əməkdaşı Aqil Xəlili döyən və bıçaqlanmasında adı keçən Akif Çovdarova verilib. Lakin Mehbalı Əliyev bazarla bağlı iddialarından geri çəkilməyib. Bazar bir neçə dəfə yandırılıb və bu, Mehbalı Əliyevin ayağına yazılıb. O, tutduğu vəzifədən kənarlaşdırılandan sonra bazardan da əl çəkməli olub.
Görünür, ailənin bir sıra iri tikinti layihələrinin icraçısı olduğu üçün bazar Kərəm Həsənova güzəşt edilib.

Informasiya şöbəsi