BDU rəhbərliyinin növbəti ifşası

Professor Yusif Seyidov: «Mən oxuduğumda elə ciddi bir şey yox idi»

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin birbaşa göstərişilə hakimiyyətin Ziyalılar Forumuna qarşı təşkil etdiyi hücumda alimlərdən və ali məktəb müəllimlərindən istifadə cəhdi əks-effekt verdi. Cəmiyyətin özünə hörmət edən nüfuzlu nümayəndələri hakimiyyətin “qara piar” kampaniyasına qoşulmadı. Əksinə, xalq bu hakimiyyətin alternativ fikrə, ziyalı sözünə dözümsüz olduğunu gördü,  geniş ictimaiyyət ölkədə Rafiq Əliyev kimi dünya şöhrətli bir alimin yaşadığından xəbər tutdu. Gündəmi müğənnilər və şou əhvalı deyil, ziyalılar və milli problemlər zəbt etdi. Ən başlıcası, bu kampaniya cəmiyyətdə mənəvi dəyərlərin və ziyalı ruhunun ölmədiyini sübut etdi.
Hakimiyyət ideoloqları bəsit və uğursuz “ifşa” kampaniyasına  yalnız Neft Akademiyasının rəhbər vəzifə tutan bir neçə əməkdaşını, Milli Elmlər Akademiyasının bəzi adlılarını, bir də Bakı Dövlət Universitetinin (BDU) rektorluğunu cəlb edə bildi. Birinci və ikinci dəstənin professor Rafiq Əliyevə bolşeviksayağı hücumu, sadəcə, hiddət doğurdu. Hətta akademik Budaq Budaqov “professor Rafiq Əliyevin əleyhinə imza atanların barmaqları kəsilməlidir” dedi.
BDU rəhbərliyi isə tanınmış alimlərin imzasını almaq üçün hiyləyə əl atmalı oldu. Yəni, Abel Məhərrəmov bəzi müəllimlərin etirazını gördükdən sonra onlara milli birlik və s. kimi gərəkli fikirləri ifadə edən fərqli mətn göstərmişdilər. Lakin yalanın ömrü bir neçə saat çəkmiş, ictimaiyyətin yaxşı tanıdığı iki alim həmin müraciətdə ziyalıların ünvanına söylənən ittihamları dərhal təkzib etmişdilər. Hətta bir çoxlarının, sadəcə, ağ kağıza qol çəkdiyi məlum olmuşdu. Hazırda BDU-da bu müraciəti “qarşıdurma yaradan ziyanlı addım” hesab edən onlarla alim var, amma bəlli səbəblərdən səslərini çıxarmırlar. Onları daha çox narazı salan məqam isə alimləri aldatmaq üçün universitet rəhbərliyinin əl atdığı hiylədir. “Azadlıq” radiosuna müsahibə vermiş filologiya elmləri doktoru, prezident təqaüdçüsü, 82 yaşlı professor Yusif Seyidov da   BDU-da müraciətin iki mətninin olması ehtimalını təsdiq edib. Həmin söhbətdən bir hissəni təqdim edirik:

– Bugünlərdə Bakı Dövlət Universitetinin bir qrup müəllimi, o cümlədən siz Ziyalılar Forumuna müraciət ünvanladınız. Bununla bağlı arqumentlərinizi eşitmək istərdik. Çünki sonradan bəzi müəllimlər imzalarından imtina etdilər və bildirdilər ki, onlara başqa variant göstərib imza atdırıblar. Bu müraciəti zəruri edən səbəb nə idi?
– Mən gərək o varianta da baxım, bu varianta da. Bəzi müəllimlər deyir ki, dəyişib. Bəlkə doğrudan da dəyişib. Dəyişilibsə, neyləmək olar? Mən oxumamışam axı. Oxumamış deyə bilmərəm.

– Ümumiyyətlə, siz o müraciəti niyə imzaladınız? Nə idi sizi narahat edən?
– Oxudum, ilk variantı. Qəzetdə çap olunmamış variantı. Orada belə çağırış vardı ki, həmfikir olaq, ölkəmizə qulluq edək, münaqişə olmasın. Belə şeylər, vəssalam.

– Yəni, orada “Ziyalılar Forumunu düşmən dəyirmanına su tökməkdə günahlandıran” ton yox idi?
– Mən oxuduğumda elə ciddi bir şey yox idi.

– Sizcə, Ziyalılar Forumu ölkədə qarşıdurma yaradırmı?
– Düzü, mənim Ziyalılar Forumunun mahiyyətindən xəbərim yoxdur ki, görüm nə deyirlər, necə edirlər, onun mənası, ideyası nədir? Onlar nə deyirlər ki, mən də etiraz edim?! Mən oxuduğum variant elədir ki, ciddi etiraz olmadığı üçün qol çəkdim. Qol çəkdiyim variantda (indi bəlkə də həmin variantdır, ya deyil) deyilənləri həmişə demək olar. Həmişə deyirik ki, ölkəmizdə əmin-amanlıq olsun. Hər belə yazının altından qol çəkməyə hazıram.

– Dediniz ki, Ziyalılar Forumunun ideyasından xəbəriniz yoxdur. Necə olur ki, ideyasından xəbərsiz olduğunuzÿ halda, onlara qarşı müraciətə qol çəkirsiz?
– Mənim oxuduğum müraciətdə onlara qarşı ciddi heç nə yoxdur. Belə xüsusi qarşıdurmaya ehtiyac yox idi.

– Bəs həmin forumun üzvü, professor Rafiq Əliyevin işdən çıxarılmasına necə baxırsız?
– Bilmirəm, o, nə motivlə çıxarılıb. O, işdən çıxarılıb? Ixtisasımız da ayrıdır. Mən onun haqqında bir şey deyə bilmərəm. Görürsüz, sizdən eşidirəm ki, o işdən çıxarılıb…

***

Göründüyü kimi, qocaman professor oxuduğu mətndə (qəzetdəki müraciətdən fərqli olaraq) “ciddi bir şeyin” olmadığını, o cümlədən Ziyalılar Forumunun ünvanına ittihamların söylənmədiyini, söhbətin yalnız milli birlik və barışıqdan getdiyini deyir. Müraciət olayının ertəsi günü professorlar Cəlal Allahverdiyev və Qulu Məhərrəmli də eyni fikri səsləndirirdilər. Amma hələ də Ziyalı Forumunun nə olduğunu bilməyən professor Yusif Seyidov “mətn dəyişilibsə, neynəmək olar?” deyirsə və universitet rəhbərliyinin alimlərin ləyaqətinə toxunan davranışına etiraz edə bilmirsə, artıq bu, başqa və çox ciddi bir söhbətin mövzusudur.

Hikmət