Sumqayıtın icra başçısı Eldar Əzizov küçələri sahibkarlara təmir elətdirmək istəyir
Sumqayıtın icra başçısı Eldar Əzizov şəhərin abadlıq-quruculuq işlərində sahibkarların büdcəsindən yararlanır. Bu isə sahibkarlarda ciddi narazılıq yaradıb. Adının çəkilməsini istəməyən bir qrup sahibkarın “Azadmekan”a verdiyi məlumata görə, artıq iş o yerə çatıb ki, küçələrə daş döşənməsi də onların üzərinə qoyulub.
Sahibkarlar bildirir ki, bu iş üçün obyektlərinin sahəsindən asılı olaraq onlardan 5-20 min manat civarında pul tələb edilir. Pulu verməyənlərin obyektləri qapadılır: “Hesablamışıq, hər kvadrat metr daş döşənməsi üçün 100 manat pul tələb edilir. Halbuki bu işin qiyməti 20-30 manatdır. Icra hakimiyyətinin nümayəndələrinə bildirdik ki, daş döşətdirmək lazımdırsa, özümüz döşətdirərik. Ustamız, fəhləmiz var. Lakin razılaşmırlar, deyirlər, siz pulu verin biz döşətdirərik”.
Sahibkarlar deyir ki, hətta tikintisi başa çatmayan obyektlərdən də onun qarşısına daş döşətdirmək tələb olunur: “Təsəvvür edin, elə adamlar var ki, obyektlərini hələ tikib başa çatdırmayıblar. Amma onlara deyirlər ki, siz də obyektin qarşısına daş döşəməlisiniz. Bu adamlar başa düşmür ki, tikinti başa çatmayıbsa, obyektin qarşısına necə daş döşəmək olar? Bura daş, qum, sement gəlir. Bu materialları iri tonnajlı maşınlar gətirir. Döşəmə dağılacaq axı. Bütün bunları icra hakimiyyətinin nümayəndələrinə deyəndə cavab verirlər ki, göstəriş belədir”.
Sahibkarların sözlərinə görə, onları Ilham Əliyevin adı ilə təhdid edirlər: “Bizə deyirlər ki, 1-2 günə prezident Sumqayıta gələcək, ona görə də küçələr abadlaşdırılmalıdır”.
Informasiya şöbəsi



