Dövlət Xəzər Dəniz Gəmiçiliyi idarəsinə qarşı korrupsiya ittihamı var
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi idarəsində korrupsiya hallarının mövcudluğu barədə “Azadlıq”a şikayət daxil olub. Müəssisənin Orxan Carçı adlı işçisi bildirir ki, onunla bərabər işləyənlərin sertifikatlarının müddəti 5 ilə bitir. Sertifikatı yeniləmək üçünsə kurs keçmək tələb olunur.
“Kurslardakı dərslərə isə çoxları gəlmir, pul verib, evdə yatırlar. Mən özüm bir gün səhhətimə görə dərsdən qalmışdım. Ona görə imtahanda pul istədilər, vermədim. Buna görə də məni imtahana buraxmadılar. Amma bir dəfə müəllim üzü görməyənlər imtahana buraxıldı, hətta bəzisi imtahana gəlməyə-gəlməyə, imtahandan ”keçdilər”, – deyə Orxan Carçı bildirib.
Şikayətçinin sözlərinə görə, sertifikat problemini yaradanın kimliyi də məlumdur. Bu, Hacı adlı şəxsdir: “Mən bu insana ölkədə anti-korrupsiya tədbirləri aparıldığını deyəndə, o güldü. Sonra da mənə ağıllı olmağı, ”qanun-qanun” deyib, onun zəhləsini tökməməyi tövsiyə etdi”. Məsələni aydınlaşdırmaq üçün adıçəkilən müəssisə ilə əlaqə saxlamağa cəhd göstərsək də, qarşı tərəfdən suallarımızı cavablandıran olmadı. Qeyd edək ki, Dövlət Xəzər Dəniz Gəmiçiliyi iri gəmi sahibkarıdır. Onun əsas fəaliyyət istiqamətləri əsasən neft və neft məhsullarının daşınmasıdır.
Natiq