Qaranlıqdan qeydlər – 8

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Devalvasiya

Manatın taleyindən narahat olan xeyli adam var ki, özlərinin çoxdan mənəvi devalvasiyaya uğradıqlarından xəbərləri yoxdur. Amma durub manata görə narahat olurlar.

Neft və yaltaqlıq

Yaltaqlanmayan adamların qədrini bilmək lazımdır. Onlar neftdən daha tez tükənə bilərlər.

Bəs necə, neft azalıbsa, olan-qalan neftin qiyməti də “su qiymətinə” düşübsə, yaltaq kimə lazımdır, onu hansı pulla saxlasınlar?!

Bəyanat

Müdafiə nazirimiz çox sərt, radikal bəyanat verib, deyib ki, xalq rəhbərliyin girovuna çevrilib. Amma…

– Ermənistanda!

Venesuela nümunəsi

Neft ölkəsi Venesuelada seçki keçirilib, müxalifət qalib gəlib.

Uqo Çavesin xələfi Maduro müxalifətin qələbəsini etiraf edib.

Bu nə deməkdir?

Bu o deməkdir ki, neft təkcə qiymətini yox, qüdrətini də itirir dünyada. Demokratiyaya əngəllər yaratmaq gücündən sürətlə məhrum olur.

Bir kitabxananın qəmli hekayəti

Bakıda Ənvər Məmmədxanlı adına kitabxana vardı, Mahnı Teatrının arxasında yerləşirdi, 2000-ci illərdə mən ən çox o kitabxanaya gedərdim, kollektivi gülərüz idi, qapını açıb içəri girən adam görəndə gözləri parlayırdı. Hər halda mən beləgörmüşdüm.

Müğənni Yalçın Rzazadənin həyat yoldaşı (adı səhv xatırlamıramsa, Roza xanım idi) kitabxananın müdiri idi. Günlərin birində həmin kitabxanaya gedəndə dəhşətli mənzərə ilə rastlaşdım: oranı dağıdırdılar, kitablar barbarcasına daşınıb çölətökülürdü.

Soruşanda məlum oldu ki, kitabxananın yerini AZAL prezidenti Cahangir Əsgərova satıblar. Kitabxana kollektivi xeyli dirəşdi, axırda buldozerəcən gətirdilər, Yalçın Rzazadənin həyat yoldaşını döyüb şil-küt elədilər, xeyli xəstəxanada yatdı, hətta sonra sussun deyə şərləməyə başladılar ki, bəs korrupsiya ilə məşğul imiş, cinayət işi açılmalıdır-filan.

Dediyim odur ki, Azərbaycan bu günlərə elə-belə gəlmədi. Azərbaycanı bu günə saldılar. Kitabxanalar kababxanalara, məktəblər rüşvət yuvasına, müəllim seçki saxtakarına çevrildisə, alimlərdən tamada düzəltdilərsə, bunun gün kimi aydın səbəbi vardı: cəhaləti kütləviləşdirmək, savadsızlığı totallaşdırmaq. Çünki “cəhalət bütün pisliklərin anasıdır” (Kamyu).

Cəhalətin olduğu yerdə Şərin meydanı da böyüyür.

Hamı və hər şey bir yana dursun. Indi mən Ənvər Məmmədxanlı kitabxanasının zibil kimi çölə atılan o kitablarının ahına inanıram.

O kitabların ahı bir gün zalımları tutacaq.

Gülməli-ağlamalı

“Binə” yarmarkasında velosiped dükanı olan tanış satıcıdan soruşdum ki, “alver necə gedir?” Dedi, “velosiped yerinə müxalifətçi olsa, bundan çox satılardı”.

(Bir oxucum yazıb göndərib…)

Nə baş verir?

Amerika yazıçılarından birinin belə bir sözü var: “Yalan, ola bilsin, bir problemi həll edir, amma özüylə əlavə yüzlərlə problem gətirir”.

Illərdir siyasi, iqtisadi, sosial, mənəvi, bir sözlə, hər cür yalanın istehsal edildiyi, həqiqətin inkar olunduğu Azərbaycanda məhz bu dövr başlayıb – bu günədək söylənilən hər yalan özüylə saysız problemlər, əzablar gətirir.