aliyev-yap

Hakimiyyətin özünütəkzib təbliğatı

aliyev-yapBeynəlxalq təşkilatların tənqidinə süngü qaldırıb, tərifinə məst olanlar

Açığı YAP hakimiyyətini ifşa etmək üçün hər hansı araşdırmaya, fakta ehtiyac yoxdur. Hakimiyyətin “repertuar”ına nəzər salanda açıq şəkildə görmək olur ki, ziddiyyətlər bolluğudur. Məsələ burasındadır ki, artıq yalanın ifşa edilməsi hökuməti qətiyyən utandırmır. Dünən dediklərini bu gün rahat şəkildə dana, dünən söydüklərini bu gün öyə bilirlər.

Leyla və Arif Yunusların həbsdən azad edilməsi isə hökuməti növbəti biabırçılıqla üz-üzə qoydu. Məsələ təkcə onda deyil ki, Leyla Yunusa qarşı səsləndirilən ittihamlar boşa çıxdı və hakimiyyətin masqası cırıldı.

Düzdür, bu da mühüm məsələdir ki, hakimiyyətin birtərəfli təbliğatı uğur qazanmadı, dünya və ölkə ictimaiyyəti insanların siyasi baxışlarına görə şərləndiyinə inandı.

Amma ən maraqlı və hökumətin ifşasını möhürləyən məqam isə hökumətin baş verənlərə münasibətidir. Belə ki, rejim mətbuatı Leyla və Arif Yunusların azadlığa çıxmasını humanizmin təntənəsi kimi təqdim edir, dövlətin dəyərlərə hörməti kimi tirajlayır. Hansıki, bu qəzetlər dünənə qədər Leyla Yunusu “vətən xaini”, “ermənipərəst” kimi təqdim edirdilər.

Sual meydana çıxır ki, vətən xainini, erməni agentini azadlığa buraxmaq necə humanizm sayıla bilər? Dünənə qədər Leyla Yunusun həbsini dövlətin qətiyyətli addımı kimi təqdim edənlər, bu gün humanizmdən danışanda utanmırlar? 60 yaşlı qadının günahsız həbs olunmasını, işgəncəyə məruz qalmasını alqışlayanlar, indi azadlığa çıxmasını alqışlayırlar. Hansıki, biz bu adamların azadlığa çıxmalı olduğunu yazanda həmin qəzetlər bizi də “ermənipərəst” adlandırır, bəzi qüvvələrin sifarişini yerinə yetirməkdə ittiham edirdilər.

Amma hökumətimizin ifşası bununla da yekunlaşmır. Bildiyiniz kimi Leyla Yunusun və digərlərinin həbsinə beynəlxalq təşkilatlar da zaman-zaman etiraz bildiriblər, Azərbaycan hakimiyyətindən bu insanların azadlığı tələb olunub. Amma hər dəfə rejim təmsilçiləri, rejim mətbuatı bu təşkilatların “erməni lobbisi”nin təsirində olduğunu, Azərbaycana qarşı ikili standartlardan yanaşdıqlarını, Azərbaycana paxıllıq etdiklərini tirajlayıb. Gecə-gündüz bu təşkilatlarla bağlı ən ağlagəlməz ittihamlar səsləndirilib. Indi isə hakimiyyət bu təşkilatların alqışından məst olub. Bəli, ATƏT, AŞPA, ABŞ-ın Helsinki Komitəsi və digər təşkilatlar Leyla Yunusun azadlığa buraxılmasını müsbət addım kimi qiymətlənidirib.

Deməli, bu təşkilatlar Leyla Yunusa azadlıq tələb edəndə edəndə “ermənipərəst” olurlar, azadlığa çıxmasını təqdir edəndə isə dəyərə çevrilirlər. Ann Brassöri, Yaqlandı Azərbaycanın düşməni kimi təqdim etmək nədir, bu adamaların tərifini tirajlamaq nədir?

Göründüyü kimi bu hakimiyyət üçün dövlətin maraqları qətiyyən önəmli deyil. Öz yalanlarına haqq qazandırmaq üçün dövləti bütün dünya ilə düşmən etməyə, dünyanın nüfuzlu simalarını ləkələməyə hazırdılar. Və bütün bunlardan sonra bu adamların, təşkilatların tərifindən yararlanmaq istəyəcək qədər riyakardılar.

Bir sözlə, hökumət növbəti dəfə etiraf etdi ki, beynəlxalq təşkilatlar və siyasi məhbuslar haqqında deyilənlər yalan, böhtan, qərəz imiş. Bütün bu iyrənc təbliğatda məqsəd hakimiyyət maraqlarını təmin etmək imiş. Amma nəticə göstərdi ki, hakimiyyət gen və dərin qazsa da, quyuya düşən özü oldu.

İlham