Hökumətin şikəst islahat tədbirləri

ilham-mushavireYaxud, anti-böhran tədbiri hardan başlamalıdır?

Hökumətin həyata keçirdiyi “islahat”lar vəziyyətin nə qədər ağır olduğunu bir daha təsdiqləyir. Ötən yazılarımzıda da hökumətin “anti-böhran” tədbirləri haqqın da yazmışdıq. Amma fəlakətin miqyası artdıqca, hökumət real islahatlardan daha da uzaqlaşır.

Guya, mitinqə çıxanlara, evində səs-küy salanlara, qanunsuz vəkillik edənlərə, dərsə getməyən uşaqlara cərimə tətbiq etməklə, büdcəni dolduracaqlar. Bəli, hökumət yaranmış böhranı vətəndaşın cibinə girməklə sığortalamaq istəyir. Amma normal düşünə bilən hər bir adam başa düşür ki, cərimələrin artırılması problemi həll edə bilməz. Deməli, hakimiyyət həm islahat imitasiyası edir, həm də vətəndaşı daha ağır vəziyyətə salır.

Doğurdan da böhrandan çıxış yolları axtarılsaydı, bunun üçün xeyli ünvan tapmaq olardı. Məsələn, niyə məmurlar gəlirləri haqda məlumat vermirlər? Ölkənin böyük pullara ehtiyacı var, büdcədə hər il azalma müşahidə olunur və bir qrup adam aşırı varlanır. Evində səs-küy salanları 400 manat cərimələyən hökumət, 400 yerdə evi olan nazirin, icra başçısının, komitə sədrinin də fəaliyyətinə göz gəzdirsin. Milyardlar rahat şəkildə yanımızdan ötüb gedir, hökumət isə dərsəgetməyən uşağın 100 manatına göz dikib.

Yaxud, vəzifəli şəxslərin özlərinin, ailələrinin, katibələrinin xidməti maşınları var. Bu maşınların üstəlik təmir, yanacaq xərci mövcuddur. Belə çətin vəziyyətdə bu xidməti maşınlar ləğv olunmalı və xərclərə qənaət edilməlidir. Onsuz da məmurlar şəxsi avtomobillərin sayını itiriblər.

1500-2000 manat əmək haqqı alan vəzifə sahiblərinin iri holdinqlərə, banklara, şadlıq saraylarına necə sahib olduqları araşdırılsın. Kasıbın qəpik-quruşuna tamah salmaqdansa, iri məmurların əmək haqqı azaldılsın. Bilirik ki, heç bir nazirin, nazir müavinin, icra başçısının əmək haqqına ehtiyacı yoxdur.

Gömrükdəki yeyintilər üzə çıxarılsın, büdcədən yayınan pulların qarşısı alınsın. Hansısa məhsula görə satıcını yox, həmin məhsulu ölkəyə gətirənləri cərimələmək lazımdır.

Ölkədə bir-birini təkrarlayan onlarla struktur var və bu strukturlarda yüksək vəzifəlilərin qohum-əqrabası çalışır. Belə lazımsız strukturlar ləğv olunmalı, ailə təsərrüfatına çevrilmiş bu strukturlara ayrılan milyonlar lazım olan istiqamətəyönəlməlidir.

Demək istəyirik ki, qarşıdan gələn ağır böhran dalğasını kasıb-kusubun 5-10 manatı ilə zərərsizləşdirmək olmaz. Dövlətin milyardlarını mənimsəyənlər oğurladıqlarını geri qaytarmalı, şəffaflıq yaranmalıdır.

Amma müşahidə etdiyimiz budur ki, hökumətin qətiyyən islahat aparmaq fikri yoxdur. Sanki, vətəndaşın dilənçi vəziyyətinə düşməsindən məmnundular və bu prosesi sürətləndirirlər.

Əks halda bir neçə real əməliyyat nəticəsində 10 milyardlarla vəsait ortaya çıxarmaq olar. Hələ son 10 ildə ölkədən çıxarılmış 95 milyardı nəzərdə tutmuruq.

Bir sözlə, anti-böhran tədbirləri hökumətin özündən başlasa nəticə əldə etmək olar.

Samir