“Azərbaycanda 100-ə yaxın dissident avtoritar rejimin girovluğundadır”
Xarici mətbuat Azərbaycanda hüquq müdafiəçisi Leyla Yunusun səhhətindəki problemlərlə əlaqədar həbsdən buraxılması fonunda bu ölkədəki repressiyaları yenidən gündəmə gətirib. Fransanın “La Croix” qəzeti Azərbaycanda avtoritar rejimin hökm sürməsi, ölkədə 100-ə yaxın siyasi məhbusun olmasından bəhs edən məqalə yayımlayıb. “Azərbaycanda Leyla Yunus azadlıq əldə etdi” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
Taleyinə görə beynəlxalq ictimaiyyətin səfərbər olduğu tanınmış hüquq müdafiəçisi Leyla Yunusun həbsxanadan buraxılmasından sonra hələ də yüzə yaxın siyasi dissident neft-qazla zəngin ölkədəki avtoritar rejimin girovluğundadır.
Yunusların qızı Dinaranın dünya ictimaiyyətini xəbərdar etmək istiqamətində mübarizəsi hədər getmədi. Hüquq müdafiəçisi Leyla Yunus il yarıma yaxın müddətdə həbsdə saxlanıldıqdan sonra dekabrın 9-da səhhətindəki problemlərləəlaqədar azadlığa buraxıldı. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Leyla Yunusa verilmiş 8 il 6 aylıq həbs cəzası onun sağlıq durumu ilə əlaqədar şərti hesab edildi və o, 5 il sınaq müddəti olmaqla azadlığa buraxıldı. Vəkillərinin sözlərinə görə, onun qaraciyəri parçalanır, Hepatit C və şəkərli biabetdən əziyyət çəkir.
Sülh və Demokratiya Institutunun direktoru olan 59 yaşlı Leyla Yunus və həyat yoldaşı Arif Yunus 2014-cü ilin yayında dövlətə xəyanət, vergidən yayınma kimi ittihamlarla həbs olunmuşdu. Məhkəmənin hökmü ilə Leyla Yunus 8 il 6 ay, həyat yoldaşı isə 7 il azadlıqdan məhrum edilmişdi.
Tanınmış politoloq olan Arif Yunus səhhətinin ağır olması ilə əlaqədar bu ilin noyabrında həbsdən buraxıldı. Həbsdən çıxandan sonra da həyat yoldaşının “xəstə və yaşlı qadın” olduğunu bildirir və onun azadlığa buraxılmasını xahiş edirdi.
Insan haqlarının müdafiəsi uğrunda mübarizəsinə görə Fransada Legion ordeninə layiq görülən Leyla Yunus prezident Ilham Əliyev tərəfindən sərt idarə olunan Qafqaz ölkəsində haqsızlığa qarşı səsini ucaltmaqda davam edirdi. 2014-cü ilin mayında prezident Ollandın Bakıya səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində Leyla Yunus həbs təhlükəsindən danışmışdı.
Azərbaycandakı rejimin Qərblə sıx əlaqələri var. Əhalisi əsasən müsəlmanlardan ibarət olan bu ölkənin prezidenti Ilham Əliyev adətən regionu silkələyə biləcək islam terrorunu əlində əsas tutur. O həmçinin ölkəsini Xəzərdəki zəngin neft-qaz ehtiyatlarından gələn pullar hesabına “Qafqazın Qətəri”nə çevirməyə çalışır. Bu ölkənin enerji ehtiyatları Avropanın Rusiyadan neft-qaz asılılığını azaldır.
Azərbaycan Fars körfəzi ölkələrinin nümunələrini təkrarlayır, Luvr kimi muzeyləri təmir elətdirir, idman turnirlərinə investisiya qoyur.
Keçmiş sovet ölkəsi olan Azərbaycan 2015-ci ildə birinci Avropa Oyunlarına “ev sahibliyi” etdi. Gələn il isə Bakıda “Formula-1″ yarışları keçiriləcək. Bütün bunların məqsədi isə ölkədəki rejimin nüfuzunu artırmaqdır.
Bu ölkədə amansız repressiyalar həyata keçirilir. Həbsxanalarda 100-ə yaxın siyasi məhbus var. Leyla Yunus bildirirdi ki, onu saxlanıldığı istintaq təcridxanasında döyürlər. Ədliyyə Nazirliyi isə bu barədə deyilənləri təkzib edirdi.
Avropa Ittifaqının bəyanatında Leyla Yunusun azadlığa buraxılması alqışlansa da, digərlərinə münasibətdə də eyni addımın atılacağına ümid ifadə olunur.
Bu ilin sentyabrında Avropa Parlamenti Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı misli görünməmiş repressiyaların baş verməsini pisləyərək, bu səbəbdən rəsmi Bakıya qarşı sanksiyaların tətbiqinə çağırış etmişdi.
Araşdırmaçı jurnalist, korrupsiyaya qarşı mübarizə aparan fəal Xədicə Ismayılova ötən ilin dekabrından həbsdədir. O, bu il sentyabrın əvvəlində vergidən yayınma, qanunsuz sahibkarlıq və s. ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, ittihamları qəbul etmir və saxta olduğunu bildirir.
Xədicə Ismayılova Azərbaycanda müstəqil jurnalistikanın əsas fiqurlarından biridir. O, əsasən 1993-cü ildən Azərbaycanda hakimiyyətdə olan Əliyevlər klanının vad-dövləti ilə bağlı araşdırmalar aparırdı.
Təkcə bu il ərzində hakimiyyətin siyasətinə qarşı çıxan 7 jurnalist və fəal uzunmüddətli həbs cəzasına məhkum edilib.
Hakimiyyət həmçinin 2014-cü ilin dekabrında Azad Avropa/Azadlıq radiosunun ofisində reyd keçirərək, qapıları möhürləyib. Onun bu addımı ABŞ Dövlət Departamenti və Avropa Şurası tərəfindən pislənilib.
Siyasət şöbəsi



