Penitensiar Xidmət keçmiş polis polkovnikinin yerini gizli saxlayır; yaxınları da son vaxtlar ondan xəbərsiz olduqlarını deyir
Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında son olaylardan sonra on ildən çoxdur ki, bu qurumun təcridxanasında saxlanılan, Daxili Işlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili, polkovnik Hacı Məmmədovun bandası ilə bağlı işin yenidən araşdırılması məsələsi gündəmə gəlib.
Azərbaycanda məhkumların saxlanma qaydalarına uyğun olaraq, ömürlük azadlıqdan məhrum edilən şəxslər bu barədə hökm qüvvəyə minəndən sonra Qobustandakı qapalı həbsxanaya köçürülür. Amma Hacı Məmmədov istisna idi. O, 2005-ci ilin martında həbs olunandan bəri MTN-in istintaq təcridxanasında saxlanılırdı. Bunun səbəbilə bağlı medianın sualları isə həmişə cavabsız qalırdı.
MTN ətrafındakı son olaylardan sonra Hacı Məmmədovla bağlı yayılan xəbərlərdə bildirilir ki, bu qurumun rəhbərliyi məqsədli şəkildə onu orada saxlayıb, ondan Daxili Işlər Nazirliyi rəhbərliyinə qarşı istifadə olunub. Məhz Hacı Məmmədovun ifadəsi əsasında Daxili Işlər Nazirliyinin Baş Cinayət-Axtarış Idarəsinin sabiq rəisi Zakir Nəsirov hazırda ömürlük azadlıqdan məhrumetmə cəzasını çəkməkdədir. Son vaxtlarda Hacı Məmmədovun adından məlumat yayıldı ki, Zakir Nəsirovun onun bandası ilə heç bir əlaqəsi yoxdur, sadəcə, MTN-in keçmiş rəhbərliyinin təzyiqi ilə onun əleyhinə ifadə verib.
Son günlərdə isə xəbər yayılıb ki, Hacı Məmmədov artıq MTN-in təcridxanasından köçürülüb. Əgər bu xəbər doğrudursa, o halda, çoxsaylı qətllər və adam oğurluqları törətmiş bandanın başçısı Qobustan həbsxanasına köçürülməlidir. Çünki ömürlük azadlıqdan məhrum edilmiş şəxslər, yuxarıda da qeyd etdiyimiz kimi, orada saxlanılır. Amma bu bandanın işi üzrə yenidən araşdırmalar aparılırsa, istintaq yenilənirsə, bu halda, Hacı Məmmədov MTN-dən Penitensiar Xidmətin tabeliyindəki istintaq təcridxanalarından birinə də göndərilə bilər.
Maraqlıdır ki, məhkumların saxlanılmasına nəzarət edən orqan – Penitensiar Xidmət də Hacı Məmmədovun yerini gizli saxlayır.
“Cəzaların Icrası Məcəlləsinin 16-cı maddəsinə əsasən, məhkumun yerdəyişməsi haqqında məlumat, hətta yaxın qohumları və ailə üzvlərinə yalnız onun öz razılığına əsasən verilə bilər. Hər hansı cəzalandırılan və ya təqsirləndirilən şəxsin yeri onun vəkili yaxud yaxınları tərəfindən açıqlana bilər. Qanun, hətta onlardan alınan cavabın təsdiqlənməsi üçün Pentensiar Xidmətə ünvanlanan sualın cavablandırılmasına icazə vermir”, – deyə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bugünlərdə “modern.az”a açıqlamada bildirilib.
Hacı Məmmədovun bacısı Arifə ÿMəmmədova da “Azadlıq”a açıqlamasında qardaşının hazırda harada saxlanmasından xəbərsiz olduğunu bildirib. Qeyd edib ki, son vaxtlar Hacı Məmmədovla nə görüşüblər, nə də telefonla əlaqə saxlayıblar.
İnformasiya şöbəsi