Müdafiə naziri Əhməd Vahidi: “Müharibənin nə demək olduğunu onlara başa salacağıq”
“İsrail özünü nə qədər raketə hazırlayıb? 100-150 min, yoxsa daha çox?”
İranın müdafiə naziri Əhməd Vahidi ABŞ və İsrailə xəbərdarlıq ünvanlayıb. Nazir bu ölkələrin İrana qarşı müharibəyə başlayacağı təqdirdə ağır itkilər verəcəyini bildirib: “ABŞ İrana hücum edərsə, müharibənin nə demək olduğunu onlara başa salacağıq”.
Vahidinin sözlərinə görə, ABŞ İranla müharibəyə davam gətirə bilməyəcək: “Biz ABŞ-ın hərbi gəmilərini dənizlərə qərq edəcəyik. Əgər İsrail İranla müharibəyə girişməyə hazırlaşırsa, fikrindən dönsün. Savaş başlayarsa, raket atəşinə tutulacaqlar. ABŞ Əfqanıstan və İraqda savaşdığını sanmasın. İraqda Səddam geri çəkildi, Əfqanıstanda isə dirənəcək kimsə yox idi. Hər kəs ABŞ-ın Vyetnamda nə günə düşdüyünü yaxşı xatırlayır”.
ABŞ-ın ikinci dünya müharibəsindən bəri 60 il ərzində 100-ə yaxın hərbi əməliyyat keçirdiyini, ancaq bunların heç birində savaşmadığını bildirən Vahidi “iman və inanca güvənən İranın” digərlərindən fərqli olduğunu söyləyib. Nazir İsrailin təhdidlərinə cavabında isə bunları deyib: “Sionist rejim hansı güclə İranı təhdid edir? O özünü nə qədər raketə hazırlayıb? 10, 20, 50, 100, 150 min, yoxsa daha çox? İsrail Sabra, Şatilla və Qəzzadakı qətliamların hesabını hələ verməyib. İrana hücum edəcəyi təqdirdə bu qətliamların intiqamını alacağıq. İndi əgər savaşa hazırdılarsa irəli çıxsınlar”.


