General Əmir Əli Hacızadə: «Irana hücum olarsa, ilk addım kimi, Türkiyədəki raketdən müdafiə sistemlərini vuracağıq»
Islam Respublikası ABŞ və Israillə müharibənin ssenarisini açıqladı
Iran Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general Əmir Əli Hacızadə ölkəsinə qarşı mümkün hücum baş verəcəyi təqdirdə, ilk növbədə Türkiyədə yerləşdiriləcək NATO-nun raketdən müdafiə sistemini hədəf alacaqlarını bildirib. Iranın xəbər agentliklərinin yaydığı məlumata görə, “Bəsic” qüvvələrinin konfransında çıxış edən general Hacızadə Türkiyə ərazisində qurulması planlaşdırılan NATO-nun raketdən müdafiə sisteminə görə rəsmi Ankaranı tənqid edib.
Hərbi Hava Qüvvələri komandanının sözlərinə görə, Türkiyədə yerləşdiriləcək raketdən müdafiə sistemi NATO-nun deyil, ABŞ-ın istəyilə Israili qorumaq məqsədi daşıyır: “Onlar başda türk xalqı olmaqla, dünya ictimaiyyətini aldatmaq üçün NATO-nun bu işi reallaşdırmaq istədiyini deyirlər. Hazırda sionist rejim öz işlərini ABŞ-ın adıyla, ABŞ isə öz əməllərini NATO adıyla icra edir. Buna baxmayaraq, türk xalqı şüurludur və biz inanırıq ki, bu millət xain planın qarşısını alacaq. Biz özümüzü hazırlamışıq. Irana qarşı hücum olarsa, ilk növbədə Türkiyədəki raketdən müdafiə sistemlərini vuracağıq və daha sonra digər hədəflərə yönələcəyik”.
General Hacızadə bildirib ki, Türkiyədəki raketdən müdafiə sistemi 1000 kilometrlik bir sahəni əhatə edə biləcək. Hərbi Hava Qüvvələrinin komandanı həmçinin ABŞ-ın Iranın cənub hissəsinə nəzarət etmək üçün Bəsrə körfəzi ölkələrindən birində digər raketdən müdafiə sistemi yerləşdirməyə çalışdığını söyləyib.
Bundan başqa, ölkənin ali dini lideri Ayətullah Əli Xamneyinin rəsmi saytında Irana qarşı ABŞ-ın hərbi müdaxiləsinin mümkün varinatları barədə hərbi analitik Əmir Mohebyanın araşdırması dərc olunub. Ekspertin fikrincə, ilkin variantda ölkəni taqətdən salmaq üçün hərtərəfli müharibə planlaşdırılır. Burada həm havadan, həm də yerüstü hücumdan istifadə ediləcək, sonra rejimin sabitliyinin pozulması və Iranda ümumi vəziyyətin qarışması üçün məhdud zərbələrdən istifadə oluna bilər. Bu cür hücum Tehranı danışıqlara vadar etməklə yanaşı, həm də rejimin çökməsinə gətirib çıxara bilər. Üçüncü variant isə ABŞ-a və xüsusilə də Israilə zərbə vurmağa qadir ayrı-ayrı hərbi hissələrin məhv edilməsini nəzərdə tutur.
Mohebyan qeyd edir ki, birinci variantın həyata keçirilməsi ehtimalı aşağıdır. Çünki Qərb ölkələri bunu gerçəkləşdirmək üçün yetərincə gücə və vəsaitlərə malik deyillər. Həmçinin, ABŞ seçkiqabağı dönəmdə iri miqyaslı müharibəyə başlamağa risk etməz. Ikinci və üçüncü ssenari daha realdır, amma onların gerçəkləşdirilməsinə də müəyyən maneələr var.
“Iran əsas siyasi və hərbi mərkəzlərini qorumağa hazırdır. Iranın hücuma reaksiyası gözlənilməz olacaq. Müdaxilə rejimi konsolidasiya etdirəcək və radikallaşdıracaq. Böyük Yaxın Şərq müharibəsinin əsası qoyulacaq. Bütün nüvə obyektlərinin tam məhvi də mümkün olmayacaq, çünki onlar ölkə üzrə geniş yayılıblar”, – deyə Mohebyan yazır.
Siyasi şərhçilərin fikrincə, Iran rəsmilərinin son açıqlamaları onu deməyə əsas verir ki, rəsmi Tehran istənilən an hərbi hücuma məruz qalacağını istinsa etmir. Məhz buna görə də Iran təhdid dolu açıqlamalarla özünə qarşı formalaşmış koalisiyanı hərbi müdaxilə variantından daşındırmağa çalışır.