ARDNŞ prezidenti nazirin «Azneft»ə məxsus torpaq sahələrini ələ keçirməsini həzm edə bilmir
Şirvan şəhərinin əhəmiyyətli hissəsində qaz olmaması barədə məlumat vermişdik. Bildirmişdik ki, ucqar rayonlara qaz çəkildiyi halda Şirvanın qazsı qalmasının səbəbi neft şirkətinin prezidenti Rövnəq Abdullayevlə müdafiə sənayesi naziri Yavər Camalov arasındakı ziddiyyətlərin nəticəsidir.
Şirvanın icra başçısı Mərdan Camalov Yavər Camalovun qardaşıdır. Bu baxımdan Rövnəq Abdullayev Şirvana qaz çəkilişində maraqlı deyil.
Onu da qeyd etmişdik ki, Yavər Camalovla Rövnəq Abdullayev arasındakı qarşıdurmanın səbəbi bəlli olmasa da, ziddiyyətlər birinci “Azəneft”in rəisi olan zamandan korlanıb. Hətta iş o yerə çatıb ki, Rövnəq Abdullayev ARDNŞ prezidenti olan zaman Yavər Camalova xidməti avtomobilini “Azneft”in qarşısında saxlamasına qadağa qoyub.
Dünən məlumat aldıq ki, Rövnəq Abdullayevin Yavər Camalova qarşı mənfi münasibət bəsləməsi müdafiə sənayesi nazirinin “Azneft” rəisi olarkən bu qurumun balansında olan torpaq sahələrini zəöt etməsilə bağlıdır. Məlumatlarda deyilir ki, Yavər Camalov “Azneft”in balansında olan torpaq sahələrinin əhəmiyyətli hissəsini yaxınları arasında bölüşdürdükdən sonra Bakı Şəhər Icra Hakimiyyətinə müraciət edərək bu ərazilərin rəhbərlik etdiyi quruma lazım olmadığını və balansdan çıxarılmasını xahiş edib. Sonradan bu torpaqlar müxtəlif bələdiyyələrin balansına keçib. Və Yavər Camalovun yaxınları çox asan şəkildə torpaq sahələrini öz adlarına rəsmiləşdiriblər.
Rövnəq Abdullayev ARDNŞ prezidenti təyin olunduqdan sonra torpaq sahələrini geri almaq istəsə də, cəhdləri uğursuz olub. Hətta ARDNŞ prezidenti məhkəmələrdə də uduzub. Konkret olaraq Xocasən bələdiyyəsinə qarşı qaldırılan iddia təmin edilməyib. Məlumatlarda deyilir ki, Rövnəq Abdullayev hələ də iri torpaq sahələrini bu şəkildə itirməsini həzm edə bilmir. Ona görə də hər fürsətdə Yavər Camalovdan qisas almağa çalışır.
Informasiya şöbəsi