Rusiyada prezident seçkisinə start verildi

Rusiyada rəsmi surətdə prezident seçki kampaniyasına start verilib. Bu “Rossiyskaya qazeta”da Federasiya Şurasının seçkilərin 2012-ci il martın 4-nə təyin olunması barədə qərarının dərc olunmasından sonra baş verib.

Prezidentliyə namizədlərin yekun siyahısı dekabrın 25-də məlum olacaq. Artıq Rusiya parlamentində təmsil olunmuş 4 partiyadan 3-ü namizədlərini müəyyənləşdiriblər. “Yedinaya Rossiya”nın namizədi baş nazir Vladimir Putin olacaq. Kommunistlər ənənəvi olaraq Gennadi Züqanovun namizədliyini irəli sürəcəklər. Liberal-demokratların da namizədi ənənəvidir – Vladimir Jirinovski. Yalnız “Spravedlivaya Rossiya” hələlik namizədini müəyyənləşdirməyib. Parlamentdən kənardakı partiyalardan “Yabloko”nun namizədi bir neçə dəfə analoji seçkilərdən iştirak etmiş Qriqori Yavlinskidir. “Pravoe delo” isə Mixail Proxorovu partiyadan kənarlaşdırdıqdan sonra yeni namizəd axtarışındadır.