Ukrayna Baş prokurorluğu: «Timoşenkonun şirkətləri sifarişli qətlin pulunu ödəyiblər»
Ukrayna Baş prokurorluğu 1996-cı ildə deputat və biznesmen Yevgeni Şerbanın sifarişli qətlinə görə pulun Yuliya Timoşenkoya məxsus şirkətlər tərəfindən ödənildiyi barədə təkzibolunmaz sübutlara malikdir. Ukrayna baş prokurorunun birinci müavini Renat Kuzmin belə bir bəyanatla çıxış edib.
Iri “Anton” maliyyə korporasiyasının prezidenti, həmçinin Ali Radanın deputatı olan Şerban 1996-cı ildə Donetsk hava limanında qətlə yetirilib. Onunla bir yerdə həyat yoldaşı və hava limanının işçisi də həlak olublar. 2002-ci ildə qətldə şübhəli bilinən 8 nəfər saxlanılıb. Onlardan üçü ömürlük həbs cəzasına məhkum edilib. Baş prokurorluq qətlin sifarişçisinin Ukraynanın keçmiş baş naziri Pavel Lazarenko olduğunu bildirib. Lazarenko hazırda ABŞ-da çirkli pulları yumaq ittihamı ilə həbsdədir. 1990-cı illərdə Yuliya Timoşenko Pavel Lazarenkonun tərəfdaşı olub.
“Qatillərin hesablarına pullar Lazarenko və Timoşenkoya məxsus şirkətlər tərəfindən köçürülüb.
Pul köçürən şirkətlərdən biri – “Somali Enterprises” Timoşenko paltar, qızıl əşyaları, avtomobil alarkən, restoranda nahar edərkən, oteldə qalarkən onun əvəzinə hesabı ödəyirmiş. Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko 2009-cu ildə “Naftoqaz Ukrayna” və “Qazprom” arasında saziş imzalanması zamanı səlahiyyətlərini aşmaq ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.


