Tunisin Apelyasiya Məhkəməsi Liviyada devrilmiş Qəzzafi rejiminin baş naziri olmuş Əl Bağdadi əl Mahmudinin ölkəsinə ekstradisiya olunması haqda qərarı təsdiqləyib. Rəsmilər bildirib ki, məhkəmənin qərarını Tunis hökuməti və dövlət başçısı da təsdiqləyəndən sonra keçmiş baş nazir Liviyaya göndəriləcək.
Xatırladaq ki, 42 illik Qəzzafi rejiminə qarşı üsyan başlandıqdan sonra iyulda qaçaq yollarla Tunisə keçmək ittihamıyla orada mühakimə olunan Əl Bağdadi əl Mahmudi həbs cəzası almışdı. Ancaq Liviyanın yeni hökumətinin rəsmiləri həbs cəzasına məhkum olunan Əl Mahmudinin ölkəsinə geri qaytarılmasını istəmişdi. Qəzzafi rejiminin baş naziri olmuş Əl Mahmudinin vəkilləri isə müxaliflərin Liviyada hökuməti devirdiyini xatırladaraq, eks hökumət başçısının ölkəsinə dönəcəyi təqdirdə ölüm təhlükəsilə üzləşəcəyini iddia edir.


