Cəmiyyətdən Fuad Qəhrəmanlıya geniş dəstək

Onun hansı maddə ilə ittiham olunması əhəmiyyətsizdir. Bu həbs birmənalı olaraq siyasi motivlidir”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsi gözlənildiyi kimi, ilk saatlardan ictimai etirazla qarşılandı. Xüsusən feysbukda bir sıra istifadəçilər həbs barədə xəbərlər yayılandan onun qanunsuz olduğuna, F.Qəhrəmanlının siyasi mövqeyi və fəaliyyətinə, o cümlədən sərt tənqidi çıxışlarına görə cəzalandırıldığına inamlarını ifadə ediblər. Sonradan Respublika Prokurorlğu da yaydığı açıqlamada F.Qəhrəmanlının məhz feysbukdakı yazılarına görə tutulduğunu etiraf etdi.

F.Qəhrəmanlının müdafiəsi ilə bağlı dekabrın 11-dən feysbukda yeni bir kampaniya da başlayıb. Bu, onun üzərində “Fuad Qəhrəmanlıya azadlıq! (#FreeFuad)” yazılmış fotosunun kütləvi şəkildə yayılmasıdır. Bir çox istifadəçilər bu fotonu özlərinin profil fotosu da ediblər.

Feysbukda AXCP rəhbərliyi və fəallarından başqa, bir sıra tanınış istifadəçilər, ictimai-siyasi xadimlər də F.Qəhrəmanlını müdafiə edən, onun həbsinə etiraz bildirən yazılarla çıxış edirlər.

gultekin-hacibeyli1

Bu həbs cəmiyyəti qorxutmaqdan çox, nümunə yaradacaq

Məsələn, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli səhifəsində yazır ki, Fuad Qəhrəmanlı açıq şəkildə, sırf siyasi motivli maddələrlə və eyni zamanda feysbukdakı tənqidi yazılarına görə ittiham olunan ilk müxalifət təmsilçisidir. Bu, bir ilkdir.

Görünür, neftin qiymətinin kəskin ucuzlaşması, ölkədə sosial vəziyyətin hədsiz dərəcədə ağırlaşması, işsizliyin, kütləvi ixtisarların, bahalaşmanın artması, regionun bütün avtoritar ölkələrinin xaç atası olan Rusiyanın təklənməsi və çökdürülməsi fonunda kütləvi narazılıqların açıq şəkildə ifadəsindən və maddiləşməsindən qorxan hakimiyət bir tərəfdən özünün yeganə real siyasi alternativi Milli Şura və AXCP-ni zəiflətməklə alternativsizlik mühiti yaratmaq, digər tərəfdən feysbukda özünüsenzura mühiti formalaşdırmaqla günü-gündən artan ictimai narazılığı susdurmaq yolunu tutub. Təbii ki, yanlış yoldur. Çünki, ictimai narazılığın gerçək səbəbi nə Fuad Qəhrəmanlı, Milli Şura və AXCP, nə də sosial şəbəkələrdir. Bu ictimai etirazın gerçək qaynağı elə hakimiyyətin özü, onun yürütdüyü yanlış siyasət, insanların hər gün tapdalanan haqları, zorlanan hüquqlarıdır. Fuad bəy möhkəm, əqidəli və mübariz insandır. Onun xanımı Zümrüd Yağmur özündən də möhkəm, mərd və qətiyyətli əqidə dostumuzdur. Odur ki, bu həbs cəmiyyəti qorxutmaqdan çox, klassik bir nümunə yaradacaq: vicdan məhbusu və ailəsinin demokratiya və azadlıq uğrunda məğrur mübarizə nümunəsini. Və belə nümunələr insanları Vətənin azadlığı və demokratiya naminə daha çox fədakarlıqlara sövq edəcək. Fuad bəy və Zümrüd xanım, sizlərlə qürur duyuruq, var olun!” deyə G.Hacıbəyli yazıb.

Fuad Qəhrəmanlı həyatını elə yaşadı ki…”

Keçmiş vicdan məhbusu, hüquqşünas Qurban Məmmədov da bu fikirdədir ki, Fuad Qəhrəmanlı düz danışdığı, haqqı dediyi üçün həbs edilib. Feysbukdakı qısa qeydində Qurban bəy də diqqəti ona çəkir ki, bu dəfə hakimiyyət nə narkotiklə, nə silahla şərləməyə əl atdı, birbaşa siyasi ittiham irəli sürdü. Onun fikrincə, bunun özü böyük uğurdur, çünki “Fuad Qəhrəmanlı həyatını elə yaşadı ki, onu siyasi məhbus kimi susdurmaqdan başqa yolları qalmadı”.

Bu ittihamlar absurddan başqa bir şey deyil”

Rafiq manaf

Milli Şuranın Koordinasiya Mərkəzinin daha bir üzvü Rafiq Manaflı da bu həbsə feysbuk səhifəsində münasibətini bildirib. R.Manaflı yazır ki, F.Qəhrəmanlıya qarşı o maddələrlə ittiham irəli sürənlər dövlətlə hakimiyyət anlayışını qarışıq salır.

Hakimiyyət dövləti təmsil etsə də, amma heç bir halda dövlət deyil. Hakimiyyət dövlətin sadəcə bir strukturudur. Fuad Qəhrəmanlıya qarşı tətbiq edilən maddələrdən biri dövlət əleyhinə yönələn açıq çağırışlardır (281.1). Halbuki, prokurorluğun yaydığı məlumata görə, Fuad Qəhrəmanlı guya feysdə vətəndaşları hakimiyyət nümayəndələrinə qarşı itaətsizliyə çağırışlar edib. Fuad Qəhrəmanlını bu maddə ilə ittiham edənlərə xatırlatmaq istəyirəm ki, hakimiyyətin yüksək mərtəbələrində əyləşənlərin bir çoxu 25 il bundan əvvəl, indi başlarının üstündə asdıqları bayraqlarla ayyaqqabılarını siləndə, gənc Fuad öz yaşıdları ilə əl-ələ verib rus tanklarının qarşısında sinə gəriblər, vuruşub Azərbaycanın müstəqilliyini qazanıblar, dövlət qurublar…” deyə R.Manaflı yazıb.

R.Manaflı vurğulayıb ki, F.Qəhrəmanlıya qarşı irəli sürülən ittihamlar absurddan başqa bir şey deyil. F.Qəhrəmanlı qanunun ona verdiyi imkanlardan istifadə edib, dövləti uçuruma aparan hakimiyyətlə mübarizə aparır.

Kimdir cinayətkar?”

namized seferov

Hüquqşünas Namizəd Səfərov da yazır ki, Baş Prokurorluq yaydığı rəsmi açıqlama ilə Fuad Qəhrəmanlını əslində qərəzli formada, heç bir təqsiri olmadan, hər hansı cinayət törətmədiyi halda qəsdən həbsə aldığını təsdiqləyir. “Baş Prokurorluğun yaydığı məlumat kökündən yalan, uydurma, həm də gülüncdür” deyə hüquqşünas qeyd edir.

Başqa bir qeydində isə o belə bir ritorik sual verir: “Kimdir bu ölkədə cinayətkar? Ölkənin milliardlarla ölçülən sərvətlərini talayanlar, yoxsa onlara “siz oğrusunuz” deyən Fuad Qəhrəmanlı?”.

Acizliyin təzahürü”

nesimi

Başqa bir ictimai fəal Nəsimi Məmmədli isə yazır ki, Fuad Qəhrəmanlının hansı maddə ilə ittiham olunması əhəmiyyətsizdir. Bu həbs bütün hallarda birmənalı olaraq siyasi motivlidir. “Özünə hörmət edən hökumətlər müxalifəti həbslə deyil, siyasi arqumentlərlə, debatlarla susdurmalıdır” deyə qeyd edən Məmmədli yazır ki, son illər günahsız insanların kütləviləşən həbsi sanki cəmiyyətin vicdanlı kəsimindən intiqam almağa yönəlib. Bu qanunsuz əməl isə çoxluq tərəfindən açıq ifadə olunmasa da, cəmiyyətdə ciddi gərginlik və etiraz yaradır.

Əlindəki nəhəng gücdən suistifadə edib təkəbbürcəsinə öz vətəndaşına meydan oxuyan, onları siyasi düşüncəsinə görə günahsız həbsə məhkum edən rejimlər müvəqqəti qalib olsalar da, əbədi məğlubiyyətə uğradıqlarını şüuraltı anlayırlar. Odur ki, öz vətəndaşları ilə qəddar, amansız davranmağa, fərqlı fikir söyləyən müstəqil və müxalif şəxslərə qarşı dözümsüz olmağa meyllənirlər. Təəssüf ki, zorbalığını güclülük bilən idarəetmə düşüncəsi dərinləşməkdədir. Bu, sürətlə zəifləməyin, sadə vətəndaşı qarşısında arqumentsizliyin və acizliyin təzahürüdür…” deyə N.Məmmədli qeyd edib.

Bu məğrurluğu kimsə sındıra bilməz!”

ataxan ebilov

Xaricdə yaşayan azərbaycanlı fəal, hüquqşünas Ataxan Əbilov da feysbukda bu həbsə münasibət bildirib. O, Fuad Qəhrəmanlının ailəsini Azərbaycanın məğrur ailələrindən biri adlandırıb. O, Fuad bətin xanımı yazıçı Zümrüd Yağmurun da vətəndaş mövqeyi ilə seçildiyini xatırladaraq yazıb: “Tarix bu ailədən sevə-sevə danışacaq. Bu məğrurluğu kimsə sındıra bilməz! Olsa-olsa onları yalnız həbs edə bilərsiniz. Onlar isə nəinki sizə, hətta cəzalarınıza çoxdan meydan oxuyur. Fuad bəyin həbsi xəbərini eşitdim… Qəhr olsun istibdad!”

Bir il keçməz, hakimiyyətdə olanlarla yerlərini dəyişərlər”

turqut_er-musahibe

Türkiyənin ölkəmizdəki səfirliyində çalışmış diplomat, Azərbaycanda demokratik hərəkata verdiyi mənəvi dəstəklə yaxşı tanınan Turqut Ər də Fuad Qəhrəmanlının həbsi barədə Zümrüd Yağmurun yaydığı məlumata reaksiya verməklə hadisəyə münasibət bildirənlər sırasındadır. Turqut Ər yazır: “Zümrüd xanım, Fuad bəy və onun çox qəhrəman silahdaşlarının üzləşdiyi olaylar artıq Azərbaycan üçün normal hadisədir. Tarixi proses davam edir, axırını səbrsizliklə gözləyirəm. Təxmin edirəm ki, bir il keçmədən türmədə olanlarla hakimiyyətdə olanlar yerlərini dəyişəcəklər. Çünki bu vəziyyətə nə Azərbaycanın ayıq vətəndaşları dözər, nə də çağdaş dünya…”.

Fuad Qəhrəmanlının adından status

eldeniz-quliyev

Azərbaycanın Ziyalılar Birliyinin sədri, tanınmış kinodramaturq Eldəniz Quliyev isə bəlkə də yeni bir kampaniyaya ideya olacaq maraqlı fənd işlədib. O, feysbuk qeydlərindən birini “FUAD QƏHRƏMANLININ ADINDAN YAZILAN STATUS” başlığı ilə paylşaıb. Statusda yazılır: “Mütərəqqi düşüncəli hər bir insan həyatda üç müqəddəs anlama qarşı müxalifətdə ola bilməz – Allah, Xalq və Dövlətçilik.
Sən ateist ola bilərsən, dinsiz-imansız yaşaya bilərsən, amma Allah-Təalaya müxalif ola bilməzsən. Sən öz doğma xalqının mental dəyərlərini, mili-mənəvi keyfiyyətlərini qəbul etməyə, bəyənməyə bilərsən, amma ona müxalif ola bilməzsən. Sən dövləti təmsil eləyən hökumətin siyasəti ilə razılaşmaya bilərsən, idarəçilik metodlarını, məmurlarını tənqid edə bilərsən, amma Dövlətçiliyə müxalif ola bilməzsən. Dövlətçilik əbədi, hakimiyyət müvəqqətidir!
Biz, əbədi və müqəddəs saydığımız Dövlət müstəqilliyimizi Allahın izni, Xalqımızın iradəsi və öz halalca qanımız bahasına qazanmışıq!.. Bunu unutmaqmı olar?!”.