Ali Radada dava düşdü

ali rada davaUkrayna baş naziri Arseni Yatsenyukun Ali Radada çıxışı zamanı dava düşüb. Qalmaqal “Pyotr Poroşenkonun Bloku” deputatları ilə Yatsenyukun “Xalq cəbhəsi” partiyası arasında olub. Yatsenyukun Poroşenkonun deputatlarına “energetika sahəsində vəziyyəti gedin “nazir”iniz Vladimir Demçişindən soruşun” deməsi Poroşenkonun deputatlarını qəzəbləndirib.

Bu zaman “Pyotr Poroşenkonun Bloku”nun deputatı Oleq Barna tribunada əlində qızılgül buketi ilə dayanan Arseni Yatsenyukun yanına qaçıb. Onu qucağına götürərək tribunadan uzaqlaşdırmağa çalışıb. Elə bu zaman tribunaya başqa deputatlar qaçıb. Qarmaqarışıqlıq 5 dəqiqə ərzində davam edib. Bundan sonra deputatlar yerinə oturub.

Yatsenyuk isə tribunadan “Heç nəyə şərh verməyəcəyəm, burada şərh veriləcək heç nə yoxdur” – deyə çıxışını davam etdirib.