İlham Əliyevdən növbəti qeyri-səmimi addım

Ziya Bünyadovla bağlı yubiley sərəncamı imzalamaqdansa, akademikin qətlinin üstünün açılmasını təmin etmək daha yaxşı olardı

Ilham Əliyev akademik Ziya Bünyadovun 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Oxucuların diqqətinə çatdıraq ki, 1997-ci ilin fevralın 21-də qətlə yetirilən akademikin 90 yaşı dekabrın 21-də tamam olacaq. Ilham Əliyevin mərhum akademikin yubileyinin keçirilməsi barədə sərəcəncam imzalaması əlbəttə təqdir olunası haldır.
Lakin ölkə başçısının bu addımı səmimiyyətdən uzaqdır. Çünki Ilham Əliyevin atasının dövründə öldürülən Ziya Bünyadovun qətlinin üstü hələ də açılmayıb. Doğrudur, bu hadisəyə görə həbs olunanlar var və hökumət akademikin qətli ilə bağlı cinayət işinin başa çatdırıldığını iddia edir. Lakin MTN-nin xüsusilə mühüm işlər üzrə sabiq müstəntiqi Ramin Nağıyevin akademikin qətli ilə bağlı “Azadlıq”a yazdığı məqalələrdə iddia edilirdi ki, onun qətlinə görə həbsdə yatanlar təqsirsiri yoxdur. Ramin Nağıyevə görə Ziya Bünyadovun qətli adam oğurluğu və bir sıra ağır cinayətlərdə ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilən DIN-in sabiq əməliyyat müvəkkili Hacı Məmmədovun bandasının işidir. Qətlin motivi isə siyasi xarakter daşıyır və akademikin öldürülməsi “yuxarılar”dan gələn sifariş əsasında həyata keçirilib. DIN-in sabiq əməliyyatçısı, Ziya Bünyadovun qətlinin araşdırılmasında bilavasitə iştirak edən Salman Əliyev də Ramin Nağıyevin fikirlərini bölüşərək bu qanlı hadisənin DIN-dəki mütəşəkkil dəstənin işi olduğunu bəyan etmişdi. Salman Əliyev həmçinin bu hadisə ilə bağlı bir ilgin faktı da açıqlamışdı. Bu, Ziya Bünyadovun qətlində istifadə olunan silahın Hacı Məmmədovun evində tapılmasıdır. Hacı Məmmədovun həbsini həyata keçirən MTN bu faktı nə təkzib, nə də təsdiq etmişdi.
Beləliklə, Ziya Bünyadovun qətlinin səbəbləri hələ də sirr olaraq qalır. Bu qanlı hadisənin sifarişçiləri də azadlıqdadır. Bizcə, Ziya Bünyadovun 90 illik yubileyinə ən böyük hədiyyə onun qətlinin üstünün açılması olar. Əgər Ilham Əliyev akademikin ruhunu əziz tutursa, akademiklə bağlı qanlı cinayətin üstünün açılması üçün zəruri olan tədbirləri görsə daha yaxşı olar.

Azad