Yaxud, yoluxmuşların Əli Kərimli qorxusu
İlham Hüseyn
Etiraf edək ki, ölkədə yeni “sort” insanlar peyda olur. Daha doğrusu normal adam kimi dünyaya gələnlər hökumətin qəlibinə girib “fiqura” dəyişirlər. Qəzetimizin ötən saylarında da yazmışdıq ki, “Yeni Müsavat” “uzun-incə bir yoldadır” və qəzet AXCP-dən terror təşkilatı düzəltmək üçün istənilən yerə əyilməyə hazırdı.
Əvvəlcə qeyd edək ki, iqtisadi böhranın qapını döydüyü bir vaxtda hökumətin eyni missiyanı daşıyan 3-4 qəzeti maliyyələşdirməsi israfçılıqdır. “Yeni Müsavat” varsa, “Səs”ə, “Yeni Azərbaycan”a nə ehtiyac var. İnsafən demokratik düşərgəni “daha çox ləkləmək” naminasiyanda “Yeni Müsavat” qəzeti alternativsizdir. İstənilən siyasi xarakterli həbsi “iki qonşunun davası” kimi təqdim edə bilərlər.
Deəməli, “Yeni Müsavat” əvvəlcə AXCP-ni Nardaran əməliyyatlarına “calaq” etməyə cəhd göstərdi. Az qalmışdı yazsınlar ki, əməliyyatı cəbhəçilər hazırlayıb. Amma AXCP-nin, Milli Şuranın bəyanatlarını ortaya qoyduq və bu iyrənc kampaniyanı boğduq.
Amma “rejim əsgərləri” yenə də dayanmadı və bu dəfə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsinə “münasibət” bildirdilər. Guya, Fuad Qəhrəmanlı Əli Kərimlinin növbəti qurbanıymış, Əli Kərimli onu radikal statuslar yazmağa məcbur edirmiş və.s Sonda isə sifariş yerinə yetirən müəllif bu qənaətə gəlir ki, həbslərin dayanması üçün Əli Kərimli həbs olunmalıdır.
Bu həmin “Yeni Müsavat” qəzetidir ki, AXCP-dəki həbsləri Fuad Qəhrəmanlının adıyla bağlayırdı, Fuad Qəhrəmanlının hökumətlə əlaqələrinin olduğunu tirajlayırdı. İndi isə Fuad Qəhrəmanlının həbsini MTN-lə bağlamağa çalışırlar və bu adamın Eldar Mahmudova görə cəzalandırıldığını tirajlayırlar.
Bəli, Eldar Mahmudov nazir olanda MTN haqqında bir cümlə yaza bilməyənlər, MTN-in xəttində olan adamın təbliğatını aparanlar, indi anti-MTN-çiyə çevriliblər. Hətta bunların MTN sevgisi o qədər böyük olub ki, bu quruma qarşı təhdidlər ortaya çıxanda “Sevinc Babayevada səs yazıları, kompramatlar, görüntülər var” yazaraq, qarşı tərəfi şantaj edirdilər. Yəqin ki, İlqar Əliyevin çayxana dostları bu faktları da unutmayıb.
Ən maraqlısı isə budur ki, “Yeni Müsavat” bir yazıda Fuad Qəhərmanlının MTN-lə iş birliyinə görə həbs edildiyini, o biri yazısında isə Əli Kərimlinin qurbanına çevrildiyini sübut etməyə çalışır.
Çirkaba o qədər adaptasiya olublar ki, ziddiyyətlər bataqlığında çırpındıqlarını unudublar. Yəni, əsas məqsəd ləkə atmaqdır, şərləməkdir. Təki, sifarişçi razı qalsın. Həm də yuxarıda qeyd etdiyimiz kimi “Yeni Müsavat” ləyaqətli insanlara MTN çirkabı atmaqla, hökumət qarşısında keçmiş günahlarını yumaq istəyir. Yəni, “o vaxt müdafiə etmişəmsə, indi də əleyhinə döşəyərəm” mesajı verir.
Amma onu da qeyd etmək lazımdır ki, hətta çirkab içində də yumor hissini saxlamaq mümkündür. Belə ki, yazı müəllifi Əli Kərimlinin son vaxtlar hakimiyyətə qarşı loyal açıqlamalar verdiyini söyləyir. Etiraf edək ki, müəllif bu ifadəylə şeytanı da şoka sala bilər. Əvvəla, hansısa icra başçısından yazmağa cəsarəti çatmayanların, Əli Kərimlini hakimiyyətə loyal münasibətdə suçlaması “fenomen”di. Digər tərəfdən Əli Kərimli hakimiyyətə qarşı loyal münasibət sərgiləsə “Yeni Müsavat” bu adamın həbs olunmasının vacibliyindən yazmaz.
Onu da xatırlatmaq yerinə düşər ki, “Əli Kərimlinin qurbanları” ifadəsini bundan öncə yalnız Hafiz Hacıyev işlədib. Görünür, uzun müddətli mənəvi aşınmadan sonra, Rauf Arifoğlu Hafiz Hacıyevin varisinə çevrilməyi bacarıb.
Əvvəlki yazılarda da qeyd etmişik ki, “Yeni Müsavat”ın yeni “dəyərləri” bizi təəccübləndirmir. Qəzetin missiyası ədalətsizliklə barışmayanları, prinsiplərinə sadiq qalanları, siyasi fərarilik etməyənləri ləkələməkdən ibarətdir. “Əli Kərimlini tutmaq lazımdır” ifadəsi isə qəzəbdən yaranıb. Çünki, Əli Kərimli “sənəgərdəyişənlər”ə keçmişi xatırladır. Onun yolundan sapmaması şərə təzim edənlərdə kompleks yaradır. Əli Kərimli bu ölkədə çoxları üçün gügü rolunu oynayır. Satılmışlar ona baxanda keçmişlərini görə bilirlər. Amma bu güzgü Rauf Arifoğlunu daha şəffaf göstərdiyinə görə “Yeni Müsavat” onu qırmaq istəyir.
Məlum məqalədə müəllif Əli Kərimlini “adamxərcləyən” kimi təqdim edir. Bəli, sərt avtoritar rejim şəraitində azadlıq, demokratiya uğrunda mübarizə aparanlar həyatlarını xərcləyən adamlardı. Kimisi haram pulları, kimisi şəxsiyyətini, mənliyini, vicdanını, kimisi də ümumxalq maraqlarına görə həyatını xərcləyir.
Görəsən, Fuad Qəhrəmanlının niyə həbs olunduğunu, Əli Kərimlinin hakimyyətə münasibətini bilə-bilə, bu faktlara don geynidirən insan nəyini xərcləmiş olur?
Kimsə mübarizədən yorula bilər, kimsə qorxub geri çəkilə bilər, bunu başa düşürük. Amma kişi kimi mübarizə aparanlara şər atıb, sonra ailə başçısı kimi evə qayıtmaq faciəlidir.
Bəli, cənab müəllif, bu ölkədə iyrəncliklər mütləq başa çatacaq. Amma Əli Kərimli həbs olunanda yox, iyrənc adamların bazarı bağlananda. Ayılın, çox pis yoluxmusunuz. Məhz epidemiya daşıyıcısı olduğunuza görə sağlam orqanizmlərə nifrət edirsiniz.