«Həkimlər qardaşıma qarşı çox səhlənkar idilər»

İlqar Tağıyev: «Rafiq özü vəziyyətini bilirdi, həkimlər isə «başımızın altına yastıq qoyurdular»

“Rafiq rəhmətə gedərkən yanında bir mən olmuşam, bir də bacım. Vəziyyəti də guya yaxşı idi”. Bu sözləri “Azadlıq”a yazıçının qardaşı Ilqar Tağıyev deyib. Onun sözlərinə görə, qardaşının bir az tənginəfəsliyi var imiş: “Həkimlər sakitləşdirdi, biz də sonda belə olacağını ehtimal etmirdik. Çay verdik, hətta o biri qardaşım gələndə, ona ”bulyon” və qatıq gətirməsini sifariş etmişdik”.
I.Tağıyevin dediyinə görə, qəfildən R.Tağı qaytarmaq istədiyini deyib: “Həkim gəldi iynə vurdu. Ancaq nə iynə olduğunu bilmirəm. Iynədən sonra o qaytarmaq istədiyini bildirdi, mən də sellofan tutdum. O həddindən çox qaytardı. Sonra gözləri bərəldi. Həmin vaxt həkimlər və tibb bacıları yox idi”.
I.Tağıyev deyir ki, həkim Nizaməddin Əsgərov onlara narahat olmamağı məsləhət görürdü: “Başımızın altına yastıq qoyurdu”. Rafiq həkim kimi özünün vəziyyətini bilirdi. Nizaməddin isə deyirdi ki, həkimlər qorxaq olar, ciddi bir şey yoxdur. Qarnında köp vardı, halı tez-tez pisləşirdi. Tibb bacıları qəhqəhə vururdular. Sanki hər şey yaxşıdır. Bir sözlə çox səhlənkarlıq var idi. Reanimasiyada bir gün qaldı. Hamımız ümidli idik. Deyirdim, Rafiq, ailəni götür xaricə get, orada yazılarını sərbəst yaz. O gülümsədi, bir söz demədi”.
Xatırladaq ki, noyabrın 25-də Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəsmi məlumatında R.Tağının ölüm səbəbi ilə bağlı ilkin rəy açıqlayıb. Həmin rəyə görə, R.Tağı qarın boşluğuna işləmiş bıçaq yarasının fəsadı nəticəsində dalağın, mədəaltı vəzin quyruğunun zədələnməsi səbəbindən ölüb. Xəstədə peritonit inkişaf olub, atoniya baş verib və bu da ölümlə nəticələnib.

Ramin DEKO