İş adamı kimlərinsə sifarişilə cəzalandırıldığını deyir
“AMAY” Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayevin apelyasiya şikayəti üzrə məhkəmə başa çatdı. “AMAY Abdulla” kimi tanınan iş adamının 13 il azadlıqdan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanıldı.
Bakı Apelyasiya Məhkəməsində keçirilən dünənki iclasda yekun qərar elan olunmamışdan əvvəl iş üzrə zərərçəkmiş qismində tanınmış Müşfiq Nəcəfov dindirildi. O, adının zərərçəkmişlər siyahısından çıxarılmasını istədi: “Mən zərərçəkmiş deyiləm…”
Daha sonra dövlət ittihamçısı çıxış edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istədi.
Məhkəmə qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmaması və 7 sentyabr 2015-ci il tarixli hökmün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərarı elan etdi.
Xatırladaq ki, Abdulla Abdullayev 2014-cü il aprelin 4-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə iş adamı 13 il azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan keçmiş işçilərindən Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanovun hər birinə 9 il, Nadejda Ilyasovaya isə 8 il şərti cəza verilib. Onlar dələduzluq, mənimsəmə kimi əməllərdə təqsirləndirilir. Şərti cəza alanlardan yalnız Elşən Novruzov apelyasiya şikayəti vermişdi ki, o da təmin olunmadı.
Abdulla Abdullayevin vəkili Osman Kazımov Bakı Apelyasiya Məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edir. Vəkil “Azadlıq”a açıqlamasında bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək: “Apelyasiya məhkəməsi heç bir araşdırma aparmadan qanunsuz qərar çıxartdı. Məhkəmə prosesində ciddi qanun pozuntularına yol verildi. Bu qərar həm də məhkəmələrin icra strukturlarından asılı olduğunu bir daha sübut etdi”.
Vəkilin sözlərinə görə, Abdulla Abdullayev də qərarın sifarişli olduğunu deyir: “O, hesab edir ki, kiminsə sifarşilə həbs olunub və buna uyğun da qərar verilir”.
Aytən Məmmədova




