ABŞ-ın “Global Financial Integrity” Tədqiqat Təşkilatı xaricə qeyri-qanuni kapital axını həyata keçirilən ölkələrin siyahısını açıqlayıb. Bu siyahıda Azərbaycan 17-ci sırada dayanır. Təşkilatın araşdırması 2004-2013-cü illəri əhatə edib. Araşdırmaya görə, bu illər ərzində hər il Azərbaycandan 9 milyard dollar dəyərində qeyri-leqal yollarla pul çıxarılıb.
İqtisadçı-ekspert Samir Əliyev AzNews.az-a açıqlamasında Azərbaycandan xaricə kapital axınının real olduğunu bildirib: “Azərbaycan manatı üçün təzyiq yaradan iki amil var. Onlardan birincisi neft, ikincisi isə kapital axınıdır. Neftin qiyməti düşəndən sonra sabitlik oldu. Qiymət 40-50 dollar arasında dəyişir. Mərkəzi Bank isə valyuta ehtiyyatlarını xərcləyir. Bunun da əsas başılca səbəbi ölkədə güclü kapital axınının olmasıdır. İnsanların pulu yoxdur ki, dollar alsın və bazarda tələbat yaransın. Sadə vətəndaşların aldığı pul 1000 və 10 minlərlə ölçülür. Əsas alış bir qrup insanlar və şirkətlər tərəfindən həyata keçirilir”.
S.Əliyev qeyd edib ki, son günlər sahibkarların kredit verməklə bağlı banklara çağırılması, yoxlamalar və s. aparıldığı müddətdə xeyli şirkətlər bağlandı və ölkəni tərk etdi: “Bunların hamısı təbii ki, kapital axınıdır. Bəzi şirkətlər var ki, bunu rəsmi, bəziləri isə qeyri-rəsmi yolla həyata keçirir. Tədiyyə balansında da göstərilir ki, ölkədən çıxarılan pulun həcmi haradasa 5 milyarda yaxındır. Bu baxımdan Azərbaycandan vəsaitlərin qeyri-rəsmi çıxarılmasını istisna etmirəm. Çünki müəyyən qruplar var ki, onlar məhz bu işlə məşğul olur”.
Ekspert hesab edir ki, ölkədən vəsaitlərin qeyri-rəsmi yolla çıxarılması Azərbaycan üçün ən böyük təhlükədir: “Xüsusən də neftin qiymətinin aşağı olduğu dövrdə Azərbaycanın neftdən sonra ikinci böyük problemi kapital axını olacaq. Bunun qarşısı alınmasa manatı böyük təhlükə gözləyir. Əgər manat üzən məzənnəyə keçsə kapital axını hesabına həddən çox ucuzlaşacaq”.