24 noyabrda bir neçə saatlıq küləkli qar, yolları da daxil olmaqla, bütün Bakını, eləcə də ölkənin enerji təchizatını demək olar ki, iflic vəziyyətə saldı. Boş dayanacaqlar və onlara bərkidilmiş “intellektual” monitorlar şəhərdə ictimai nəqliyyatın varlığını sübut edəcək yeganə nişanələr idi. Insanlar evlərinə çatmaq üçün yıxıla-yıxıla bir neçə dəqiqəlik yolu piyada, bəzən bir saata qət etmək məcburiyyətində qalırdılar. Bu da azmış kimi, Bakı-Sumqayıt yolunda qaz kəməri partladı və onsuz da hərəkətin mümkün olmadığı bu yolda tıxaclar da yarandı. Bakının yarısı qaz və işıqsız qaldı. Tıxaclarda minlərlə insan maşınlardan düşərək, piyada, soyuqdan xilas ola biləcəyi yerlərə üz tutmağa başladılar. Qəzalar və insanların xəsarət alması adi hala çevrildi. Bir neçə gün əvvəl isə Hacıbala Abutalıbov başda olmaqla, bütün cavabdeh orqanlar qışa tam hazır olduğumuzu bəyan edirdilər.
Cəmi beş santimetrə qədər yağan küləkli qar, bütün infrastrukturun yararsız olduğunu ortaya qoydu. Ölkədə fövqəladə hal yarandı. Halbuki, regionun digər – YAP-çıların təbirincə desək, lider olmayan – dövlətlərində bu, sıradan bir hal hesab olunur və uzağı, yarım saata hərəkət bərpa olunur.
Fövqəladə hal bir də onda idi ki, təxminən bir sutkaya yaxın müddətdə “Azəriqaz” qazla “oynayaraq”, onun hardan sızdığını aşkar edə bilmədi.
Tıxacda qalan və sadə insanların həmişə çəkdiyini bir neçə saat çəkən deputat Çingiz Qənizadə “Qış bakıya yaraşmadığı kimi, Hacıbala Abutalıbov da Bakıya yaraşmır” deməkdən özünü saxlaya bilmir. “Azərbaycanda siyasi məhbus yoxdur” deyən bu deputatın, 24 noyabr və Hacıbala müəllim haqda bu sözləri fəlakətin və özbaşınalığın miqyasının nə qədər böyük olduğundan xəbər verir.
Qənirə Paşayevanın həyəcan təbilini və spiker Oqtay Əsədovun da saatlarla “probkada” qaldığını nəzərə alsaq, iradların artacağını gözləmək olar. Əlbəttə, bir neçə gündən sonra bu deputatlar susacaqlar. Çünki bu sahəyə ayrılan pulları onların qəyyumlarının çoxdan öz aralarında bölüşdürdüklərindən xəbər tutacaqlar.
Indi isə “2 aprel” məhbuslarının mühakiməsi zamanı gətirilən arqumentlərə diqqət yetirək: 5-10 vətəndaşın istirahətinin pozulması, Hövsandan Səməd Vurğun bağına gələn və bir neçə başqa avtobusun tıxacla üzləşməsi (sanki Bakıda 2 aprelə qədər və ondan sonra tıxac olmayıb) və bunun nəticəsində onlara dəymiş maddi ziyan, “Şaolin” markalı Çin istehsalı olan avtobusun şüşəsinin sındırılması və qapısının təpiklənməsi… Vəssalam!!!
Və 17 nəfər “günahkarın” üst-üstə təxminən 35 ilə yaxın azadlıqdan məhrum edilməsi…
Yeri gəlmişkən, bir neçə kəlmə “Şaolin” avtobusları haqda… Yəqin ki, Şaolin təlimi haqda döyüş filmlərinə baxmısınız. Bir neçə il bundan əvvəl gətirilən Çin avtobusları, bu möhtəşəm təlimin imicini sözün əsl mənasında bərbad vəziyyətə saldı. Təkcə onu demək yetər ki, bu avtobusu idarə edən sürücü xəbərdarlıq etməyib, ayağını əyləcə basanda, qəza qaçılmaz olurdu. Ayaq üstə gedən sərnişinlər bir anda müvazinətlərini itirərək, yük balansını pozurdular. Qısa müddətdə sözün əsl mənasında tökülən avtobusları yığışdırdılar və onların qismən yararlıları şəhərətrafı marşrutlarda qədim sovet “PAZ”larına “yoldaş” oldu. Müxalifətin aksiyaları zamanı isə onlar polislərin ixtiyarına verilir.
Hazırda biz şəhərdə tıxac görməyəndə təəccüblənirik, amma vicdan məhbuslarına qarşı sürülən əsas ittihamlardan biri qısa müddətli tıxac yaratmaq idi. Digər ittiham isə əhalinin istirahətinin pozulmasıyla bağlı idi. Amma 24 noyabrda insanlar həyati təhlükə ilə qarşı-qarşıya qaldılar, hətta qəzalarda ölən və yaralananlar da oldu…
Yəqin, kimsə düşünə bilər ki, biz bu müqayisə ilə vicdan məhbuslarının azadlığa buraxılmasına nail olmaq istəyirik. Xeyr, biz sadəcə, ədalətin harda, nifrətin harda olduğunu bildirmək istəyirik. 18 ildir iqtidar azad fikirli insanları ancaq bu yolla zindanlara salır, hətta belə vəziyyətlərdə müxalifəti günahkar çıxarmaqdan çəkinmir.
Bir neçə il əvvəl də təxminən bənzər 24 noyabr olayı yaşandı və Bakı qaranlığa büründü. Böhtanda sərhəd tanımayan bir telejurnalist, bunun günahnı müxalifətdə “tapa bildi”. Bu, iqtidarı sözün əsl mənasında kövrəltdi və həmin zat deputat mandatı ilə mükafatlandırıldı. Hazırda daha bir “zəmanə” jurnalisti öz məharətini göstərə bilər. Yoxsa başlayıblar ki, Hacıbala və digərləri cəzalanmalıdır, nə bilim daha nələr…

2 aprel 24 noyabrdan daha dəhşətli idimi?
•