MTN-də 250 nəfər işdən çıxarılıb

medet quliyevEkpert «təmizləmələr»in davam edəcəyini söyləyir

Milli təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyev MTN-də baş verən son hadisələrə münasibət bildirib.

APA-nın məlumatına görə, M.Quliyev qeyd edib ki,ÿMTN-də işdən çıxarılan şəxslərin yerinə təyinat yox, əksinə ixtisarlar aparılmalıdır: “Biz hesab edirik ki, Milli Təhlükəsizlik Nazirliyinin heyəti sayca az və operativ olmalıdır. Mən vəzifəyə təyin olunandan 250 yararsız əməkdaş vəzifədən kənarlaşdırılıb”.

M.Quliyev həmçinin qeyd edib ki, əvvəllər müxtəlif səbəblərə görə vəzifədən kənarlaşdırılan bacarıqlı əməkdaşlar yenidən xidmətə cəlb edilir.

O, MTN-də baş verənlərlə bağlı başlanmış cinayət işinin gedişindən də danışıb: “Hazırda cinayət işi davam etdirilir və orda adı keçən fiqurlar təbii ki, günahı sübuta yetirilərsə, həbs ediləcəklər. Bu işdə kim qanunu pozubsa, qanun qarşısında cavab verəcək”.

Maraqlıdır, görəsən, ölkənin ən iri nazirliklərindən biri olan MTN-də doğrudanmı 250 işçiyə ehtiyac yoxdur? Yoxsa əməliyyatçıların əksəriyyəti köhnə rəhbərliyə yaxın kadrlar olduqları üçün gələcəkdə problem yaratmaması üçün onlar işdən kənarlaşdırılıb?

Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər söyləyir ki, MTN-nin həbs olunan və işdən çıxarılan rəhbərliyə yaxın olan əməkdaşları həmin 250 nəfərin siyahısına aiddir. Onlar məhz sonradan milli təhlükəsizlik normalarına ziyan gətirməmək, problem yaratmamaq üçün işdən kənarlaşdırılıb. Ekspertə görə MTN-də son 10 ildə yaranmış vəziyyətlə bağlı doğrudan da böyük təmizlənmə əməliyyatına ehtiyac var: “Orada yenə də təmizlənmə işi davam etdirilməlidir. Nəzərə almaq lazımdır ki, Milli Təhlükəsizlik Nazirliyində Azərbaycana fayda deyil, ziyan gətirən kadrlar çalışırsa, onların qalması düzgün deyil və həmin əməkdaşlar işdən kənarlaşdırılmalıdır. Ona görə də təkcə 250 nəfər deyil, daha artıq əməliyyatçının işdən kənarlaşdırılması baş verəcək. Yəni bu iş davamlı olacaq”.