Fikir vermisinizsə, rejim son günlər vintləri yenidən bərkidir, sərbəst toplaşmaq haqqında qanun daha da mürtəceləşdirilir, informasiya azadlığı ilə bağlı kəskin xəbərdarlıqlar bir-birini əvəz edir.
Digər tərəfdən, vergilər artırılır, cərimələr yüksəldilir, hətta dərsə getməyən uşaqların valideynlərini cərimələmək kimi yeni təşəbbüslər ortaya çıxır. Bunlar hamısı neftin sürətlə ucuzlaşdığı, su qiymətinə düşdüyü, ölkənin gəlirlərinin inanılmaz dərəcədə azaldığı, valyuta ehtiyatlarının görünməmiş şəkildə tükənməyə başladığı bir vaxta düşməsi təsadüfi deyil. Qarşıda bizi ağır bir dövr gözləyir. Hətta neft pullarının axdığı çağlarda belə, işsizlik, yoxsulluq girdabında çapalayan xalqın güzəranının yuxarıda bəhs etdiklərimiz fonunda necə olacağını təxmin etmək çətin deyil.
Neft pulları fonunda ölkənin narazı elektoratının səviyyəsi yüksək idi. Protest elektoratının əhəmiyyətli hissəsi hər nə qədər siyasi etiraz aksiyalarından kənarda dayansa da, aydın məsələ idi ki, camaatın böyük bir bölümü hər an sosial partlayışa hazır durumdadır. Bunu ara-sıra baş verən, qeyri-mütəşəkkil xalq ayaqlanmaları – məsələn, Quba, yaxud Ismayıllı hadisələri! – aydın şəkildə gözlər önünə sərirdi.
Indi təsəvvür edin, böhran çağlarında rejim özü üçün hansı ağır, çətin, təhlükəli meyllərlə qarşı-qarşıya qala bilər.
Ona görə də bəri başdan bu cür təhlükələrə qarşı tədarük görürlər, toplum üzərində basqı və təhdidi artırırlar, xof mühitini gücləndirirlər. Eyni zamanda vergiləri artırmaq, cərimələri yüksəltmək, yeni-yeni əndrabadi cərimələr fikirləşib tapmaqla büdcəni doldurmağa, neftin ucuzlaşması nəticəsində itirilən pulları mümkün qədər kompensasiya etməyə çalışırlar.
Bunlar rejimin istədiyi nəticələri verəcəkmi? Nostradamusluq etmək fikrim yoxdur. Hər şeyi zaman göstərəcək.
Amma rejimin gəldiyi nöqtədə dərindən fikirləşməsi gərəkdiyi önəmli bir nüans var. Bəli, bu gün bütün çılpaqlığı ilə görünür ki, o, ötən illər ərzində nə qədər yanlış yolla gedib, nə qədər səmərəsiz işlərlə məşğul olub. Əgər vaxtında neft pulları ölkənin iqtisadi infrastrukturunu genişlətmək əvəzinə, mənasız meqa-layihələrə xərclənərək havaya sovrulmasa, ölkədə real istehsal müəssisələri yaradılsa, bu gün hətta fahişəliklə bağlı cərimələri artıraraq büdcəni doldurmağa çalışmaq ehtiyacı yaranardımı?
Yalnız sadəlövhlər elə düşünə bilər ki, dərsə getməyən uşaqların valideynlərini cərimələtmək Sistemin təhsilə verdiyi dəyərdən irəli gəlir. Belə olsaydı, illər uzunu təhsili məhv etmək üçün əllərindən gələni edərdilərmi, məktəbi bilik ocağından cəhalət yuvasına, müəllim adını seçki saxtakarlığının sinoniminə çevirərdilərmi, dərslikləri “şəxsiyyətə pərəstiş” mətnləri ilə doldurardılarmı, süpürgəpulu, fondpulu, pərdəpulu, təbaşirpulu adı altında uşaqlarımıza rüşvəti dadızdırar, onları erkən yaşdan rüşvətə alışdırardılarmı?
Bu gün isə valideynləri orta statistik azərbaycanlının cibi ilə ölçdükdə fantastik görünən məbləğdə ona görə cərimələməyə hazırlaşırlar ki, gələn ilin də, sonrakı illərin də büdcəsini eyni zamanda bu yolla doldursunlar! Halbuki zamanında neft pullarından elə yararlanmaq, faydalanmaq olardı ki, indi belə ironiya və ikrah doğuran qərarlara ehtiyac qalmasın.
Elə dünən ABŞ-ın “Global Financial Integrity” tədqiqat mərkəzi yeni araşdırmasının nəticələri açıqladı, oradan məlum olurdu ki, Azərbaycan kapitalın ölkə hüdudlarından kənara qanunsuz çıxarılması üzrə lider ölkələrdən biridir, 148 ölkəarasında 17-ci yeri tutur! Açıqca göstərilir ki, Azərbaycandan hər il qeyri-leqal yolla 9,5 milyard dollar çıxarılır. Bu sadəcə, dəhşətdir, niyə indiki duruma düşdüyümüzün bəsit izahıdır. Əlavə nəsə demək artıqdır, yersiz və mənasızdır.
Tarixi təcrübədən də bəllidir: illər uzunu ölkə sərvətlərini sümürüb, talan edib, sonra da ictimai-siyasi fəalları, jurnalistləri həbs etmək, hər cür fərqli fikri düşmən kimi görmək, cəzalandırmaq yolu ilə öz təhlükəsizliyini, uzunömürlülüyünü təmin edə biləcəyini düşünməyin axırı heç vaxt yaxşı olmayıb. Yalan üzərində qurulmuş inkişaf nağılları ilə camaatın başının altına nə qədər yastıq qoymaq mümkündür ki?!
Reallıqdan nə qədər qaçsan, həqiqətdən nə qədər kənar dolaşsan belə, bir gün onunla üzləşəcəksən. Mütləq üzləşəcəksən. Azərbaycanda məhz bu dövr başlayıb.