«Frans Press»: «Ona qarşı irəli sürülmüş ittiham saxtadır»
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsi barədə məlumat artıq beynəlxalq mediada da yayılıb. “Frans Press” agentliyinə istinadən dünyanın müxtəlif media orqanları bu xəbəri yayımlayıb. Agentlik materialı “Azərbaycanda tanınmış müxalifət lideri həbs olundu” başlığıyla təqdim edib. “Frans Press” yazır:
“Azərbaycanda tanınmış müxalifət lideri milli, dini nifrət yaymaq ittihamı ilə həbs olunub. Bu ittihamla onu beş ilədək həbs cəzası gözləyir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini olan Fuad Qəhrəmanlı dekabrın 8-də axşam həbs olunub. Ona qarşı zor tətbiqi hədəsilə milli, dini nifrət yayma ittihamı irəli sürülüb.
AXCP sədri Əli Kərimli “Frans-Press” agentliyinə açıqlamasında bildirib ki, Fuad Qəhrəmanlıya elan olunmuş ittiham saxtadır.
“Fuad Qəhrəmanlı Azərbaycanda demokratiya uğrunda yorulmadan mübarizə aparır. Məhz buna görə də cəzalandırılıb”, – deyə Əli Kərimli vurğulayıb.
Azərbaycanda hakimiyyətin sərt nəzarəti hökm sürür. Bu ölkədə müxalifətçilər hakimiyyətin kəskin reaksiyası ilə üzləşir.
Hüquq müdafiəçiləri deyir ki, neftlə zəngin bu keçmiş sovet ölkəsində Ilham Əliyev 2013-cü ilin oktyabrında üçüncü dəfə prezident olandan sonra hakimiyyət rəqiblərinə qarşı repressiyaları gücləndirib.
ABŞ-da yerləşən “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı bəyan edir ki, hazırda Azərbaycanda 80-dən artıq siyasi məhbus var.
53 yaşlı Ilham Əliyev isə rəhbərlik etdiyi ölkədə insan haqlarının pozulması barədə ittihamları qəbul etmir.
Ilham Əliyev hakimiyyəti 2003-cü ildə atasından miras alıb. Keçmiş KQB generalı və Kommunist Partiyasının liderlərindən olan Heydər Əliyev də öz növbəsində 1993-cü ildən 2003-cü ildə dünyasını dəyişənə qədər bu ölkəni dəmir yumruqla idarə edib”.
İnformasiya şöbəsi