Bu zəng kimin üçün çalınır?

Çox üzücü, hətta deyərdim ki, müdhiş durumdur. Indilər çox şey demək olar və deyirlər, yazırlar. Amma mənə elə gəlir ki, biz son vaxtlar iki maraqlı və perspektivli söz adamını itirdik. E.Əlləzoğlu ilə R.Tağını nəzərdə tuturam. Birini vaxtsız əcəl apardı, o birisini isə… Bəli, adam yazmağa da bir çətinlik çəkir. Insanın həyatında elə bir an olur ki, o, ölümü də dərk etməyə və hətta ona alışmağa başlayır, necə deyərlər, ölümə hazırlaşır. Bu hazırlıq beş il də çəkə bilər, on il də, lap otuz il də… Söhbət bundan getmir. Bu, elə bir andır ki, sən də artıq nə vaxtsa gedəcəyinlə, öləcəyinlə barışırsan… E.Hüseynova qədər ölüm mənim üçün haradasa uzaqlarda baş verən hadisə idi. Bəli, ona qədər artıq itkilər olmuşdu, amma mən ölümü öz yaxınlığımda hiss etməmiş və onun soyuq nəfəsini duymamışdım. O vaxt ölümü lap yaxından duydum və başa düşdüm ki, ölüm bizim sıralarımıza da yol tapdı. Indi artıq o mənim üçün “qəfil qonaq” deyil. O, hər gün gələ bilər – lap elə sabah da, ya da əlli il bundan sonra da. Əsas odur ki, mən də ölüm-qalım məsələsində uduzdum, artıq ölüm mənim üçün gerçəklikdir və əvvəlki kimi haradasa lap uzaqlarda dolaşan Kabus deyil, o mənim yanımdadır, mənimlə yatır, mənimlə durur və elə mənimlə də yeriyir, biz hər an qovuşa, bir ola bilərik. Indi mən də “Həyat deyilən bir şeylə barışmamaq asandır, barışmaq çətindir” fikrilə razıyam və elə bir gün gəlir ki, barışmağa məcbur olursan. Bir gün gəlir, başa düşürsən ki, ömrün boyu vuruşduğun irili-xırdalı despotlar heçdir, daha bir despot var və onun adı ÖLÜMDÜR. Elə bir despot ki, hələ heç kimə onu taxtından salmaq müyəssər olmayıb, əksinə o, dağılmaz evlər yıxıb, taxtlar uçurdub… Təkcə alimlərin, böyük həkimlərin “asistentləri” olmur. Hər bir insanın öz “asistenti” var və onun adı da ÖLÜMDÜR. Sən yazı yazanda lap böyründə əyləşir, mühazirə oxuyanda arxa sıralarda, lakin görünən yerdə oturub sənə tamaşa edir, sən yer şumlayanda yanında durur. Onun özünün saatı var və vədə yetişəndə zəngini çalır: artıq getmək vaxtıdır… Bir kəlmə söz deməyə macal tapan da olur, tapmayan da. Amma nə fərqi… Əgər sənə ayrılmış əlli, yaxud yetmiş, bəlkə də altmış ildə macal tapıb bir söz deyə bilməmisənsə, son bir-iki dəqiqədə nə deyəcəksən ki?.. Nə isə. Hissiyyata qapılmalı məqam və dövrdür. Əlimizdən başqa nə gəlir? Adamın ciddi yazıya, soyuq məntiqə heyi və gücü qalmır. Amma başqa çarəmiz də yox, çünki bu həyat adlanan ippodromda qaçış hələ də davam edir.
Bu qətlin üstü açılmasa…
Bu qətlin üstü açılmasa bu ölkəyə “müəmmalı qətllər ölkəsi” deyəcək, tam ümidsizliyə qapılacağıq, çünki bizi qoruyan dövlət yoxdur. Çox çalışıram ki, optimist olum, insanlara optimizm və ümid aşılayım. Amma necə optimist olum? Azca başımızı dikəldib bu dünyaya baxan kimi elə bir müdhiş hadisə baş verir ki, belimiz yeddi yerə bükülür! Mən, doğrusu, məntiq zəncirini bir az itirmişəm. Bilmirəm, biz hansı dövrdə yaşayırıq! Yazı adamları üçün vaxt nə zaman daha sakit və daha əlverişli olub? Dünyada Volterdən kəskin və hətta deyərdim, acı yazan olmayıb. Amma dövrün adamları yazılarına görə Volterə toxunmamaq üçün özlərində güc və ən başlıcasısa mədəniyyət tapa bildilər. Volter dedim, yadıma bizim M.F.Axundov düşdü. Bəzi, xüsusən də dinlə bağlı müəyyən fikirlərini qəbul etməsəm də, çox güclü publisist, yazar olub. Bəs C.Məmmədquluzadə? Eləcə də digərləri!.. Mən demirəm ki, onlar öz həyatlarında hansısa təhlükə ilə qarşılaşmayıblar, yox, çox olub. Amma o dövrün insanları bu şəxsiyyətləri qoruya bildilər.
Kiçik sözardı
Bəli, deyiləsi sözlər də qurtardı. Düzdür, həmişə daha nəsə demək mümkün və bəlkə də vacibdir. Amma məsələ bunda deyil. Bulat Okucavanın mahnıları yadıma düşdü. Onun bir mahnısı var. Sonda deyilir ki, Ilahi, məni də unutma və bununla mahnı bitir. Indi daha nə demək olar? Dualar, dualar və yenə də dualar! Başqa çarəmiz yox! Qalanların sağlığı, gedənlərin ruhu üçün dualar etmək lazımdır. Bacardığımız və hətta etməli olduğumuz da budur. Allah da bizdən elə bunu gözləyir!