Dünən bunların bir nazir müavini çıxıb ermənilərin Kəlbəcərdən yol çəkməsini qanunsuz elan etdi, o anda yadıma düşdü: əslində bu saat bizim ölkədə bütün yolların çəkilməsini əslən elə Kəlbəcərdən olan Cavid Qurbanov yoldaş həyata keçirir.
Nə əlaqəsi var deyə soruşursunuzsa, illah ki, bir əlaqəsimi olmalıdır? Ağlıma gəldi, yazdım.
Düzünə qalsa, artıq bu ölkədə baş verənlər arasında məntiq, əlaqə axtarmaq özü mənasız bir işdir.
Azərbaycanı Xalq Cümhuriyyətinin varisi elan edib sonra da ölkəni ömürlük prezidentliyə götürmək, monarxiyanı diriltmək, respublikaçılıq dəyərlərinin üstündən xətt çəkmək arasında bir əlaqə varmı?
Hər çıxışında “Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdan” dəm vurmaqla öz xalqına bu qədər yalan danışmaq arasında bir əlaqə varmı? Ayağındakı ayaqqabıdan qolundakı saatacan, boğazındakı qalstukdan gözündəki eynəyəcən, içdiyi sudan mindiyi avtomobiləcən hər şey Avropa istehsalı olduğu halda bu ölkəni illah ki, Afrika cəngəlliklərinə dartmağın bir məntiqi izahı varmı?
Bu ölkədə məntiq deyilən şey qaldımı, Allah eşqinə deyin. Düşünün bir anlıq: bu ölkədə baş verənlər, danışılanlar, yaşananlar arasında əlaqə axtarmaq qədər mənasız, gülməli nə ola bilər?
Məsələn, noyabrın 17-də hakimiyyət telekanalları Ilham Əliyevin bölgələrə səfərindən reportajlar göstəriblər. Məlum olub ki, əlahəzrət əvvəlcə Şəkidə şərab zavodunun açılışında iştirak edib. Elə həmin gün möhtərəm Qəbələdə tikilən məscidə baş çəkib. Sizin eyni gündə baş verən bu iki hadisəyə bir izahınız varmı? Ya da hadisələr arasında əlaqənin necə itdiyinə bundan yaxşı nümunə göstərə bilərsinizmi?
Rafiq Tağının ölümü, məsələn… Qatil 7 yerindən bıçaq vurdu, öldürə bilmədi. Amma həmkarımız ciddi həkim nəzarəti altında… öldü. Seymur Baycan Azərbaycan səhiyyəsinin gerçək durumunu “ağ xalatlı cəlladlar” ifadəsi ilə çox gözəl açıqlayıb – bu öz yerində. Ancaq bir alçaq və amansız qatilin belə bacarmadığını bacaran səhiyyəyə nə deyəsən?
Elə dünən daha bir jurnalistin xəstəxanada öldüyü açıqlandı, qohumları üsyan edirdilər ki, o, həkimlərin biganəliyinin qurbanı olub. Aylar əvvəl üzü çürüyən əsgərimizin ölümündə suçlu kim çıxdı? Yenə səhiyyə!
Indi bu ölkənin həkiminin, tibb işçisinin, xəstəxanasının gerçək səhiyyəylə nə əlaqəsi qaldı, sizcə?
Bunlar ölkəni elə bir vəziyyətə çıxardılar ki, hər şey öz gerçək mahiyyətini, məzmununu itirdi. Hər şey öz ilkinliyindən, öz təbiətindən qopdu, əcaibləşdi. Iyrəncləşdi.
Təhsili götürün… Bu gün onu savadsızlaşmanın, cəmiyyəti cahilləşdirməyə, nadanlaşdırmağa çalışmağın sinonimi kimi qəbul edirik. Məktəb deyiləndə yada elm, maarif, bilik yox, fondpulu, süpürgəpulu, qəzetpulu düşürsə, müəllim deyiləndə göz önündə seçkiləri saxtalaşdıran bir varlığın obrazı canlanırsa, bu təhsildirmi? Bunun təhsillə bir əlaqəsi varmı?
Əslində bu gün Azərbaycanda sadəcə, bir əlaqədən, bir məntiqi nəticədən danışmaq mümkündür – o da ölkədə baş verən bütün iyrəncliklərin, çirkinliklərin Əliyevçi rejimlə birbaşa əlaqəsidir, bu hakimiyyətin Azərbaycanı keçmişə, quldarlıq dövrünə qaytarmasının məntiqi nəticəsidir. Bəli, Azərbaycanda ürəkağrıdan, könülbulandıran, içacıdan, insanı həyata küsdürən, çarəsizləşdirən, tupikə dirəyən nə varsa, hamısı ata-oğul Əliyevlərin qurduğu bu yalan və talan imperatorluğunun məntiqi nəticəsi kimi meydana çıxır.
Və siz siz olun, belə bir rejimlə əsla və heç vaxt əlaqədə olmayın.
Bu rejimlə istənilən əlaqə cinayətkar əlaqədir. Suç ortağı olmaqdır. Yaşanan bunca pisliyi bölüşmək, paylaşmaqdır, baş verən bunca pisliyin, oğurluğun, saxtakarlığın şərikinə çevrilməkdir.
Məsuliyyəti ağırdır və hesabı bir gün, əlbəttə, sorulacaqdır.

Cinayət əlaqəsi
•
•