Keçmiş konsul Fuad Qəhrəmanlının həbsini pislədi

Azərbaycanın Niderlanddakı  keçmiş konsulu Nahid Cəfərov facebook səhifəsində Fuad Qəhrəmanlının həbsinə münasibət bildirib. Həmin statusu təqdim edirik:

AXC sədrinin müavini, ədalətsizliyə qarşı mübarizənin ön cəbhələrində yer alan Fuad Qəhrəmanlı həbs olundu. Daha bir düşünülməmiş addım və daha bir səriştəsiz davranış. Hökümətin bu həbslərlə bağlı hesablamadığı, daha doğrusu, qorxudan hesablaya bilmədiyi 3 məsələyə toxunmaq istərdim:

1. Hökümət bu insanları həbs etməklə və onlara işgəncələr verməklə bu insanları mənən sındıra bilməməsi tamam fərqli effekt yaradır. Öz ideyaları uğrunda üzləşdiyi bu qədər əzab əziyyətlərə baxmayaraq mübarizəsindən dönməyən insanları görən xalq bu insanlara və onların ideyalarına daha çox inanmağa başlayır. Əgər siz həbs dalğası ilə narazılığın səviyyəsini müqayisə edə bilsəz, bunu aydın hiss edərsiz. Həbslər arta arta narazılıqlar da artır. Bununla yanaşı, siz əmin olun ki, bu gün Xədicə İsmayıl, Tofiq Yaqublu, İlqar Məmmədov, Fuad Qəhrəmanlı və digər onlarla qəhrəmanlar öz mübarizələrinə olan inamları zərrə qədər sarsılsa, onlar dərhal azad olunacaqlar. Lakin, bu insanlar öz ideyalarını azadlıqlarından üstün tuturlar. Onlar üçün xalqın bir gün xoşbəxt yaşamaq ümidi öz şəxsi azadlıqlarından üstündür. Bu insanlar tarix yazırlar və bu tarixi öz azadlıqları bahasına yazırlar.

2. Həbs olunan insanların yaxınları daha qətiyyət göstərərək insanları daha aktiv mübarizəyə sövq edirlər. Və meydana yeni yeni liderlər və qəhrəmanlar gəlir. Bu xalqın qəhrəmanları tükənmir və sən həbs etdikcə onları qəhrəmana çevirirsən və boşalan yerlərdə dərhal yeni qəhrəmanlar peyda olur. Biz bir millət olaraq heç vaxt kimsədən qorxmadıq və bizi qorxutmaq lazım deyil.

3. Bu insanlar müxalifətin öndə gedən simalarıdır. Bu insanlar ölkədə sizin yaradacağınız Suriyanın yaranmasının qarşısını ala bilən yeganə insanlardır. Bu insanları həbs etməklə xalqın nifrəti və hiddəti azalmır, əksinə, çoxalır. Bu nifrət və hiddət çoxala çoxala ölkəni inqilaba aparır.
Papağınızı qoyun qabağınıza düşünün. Nə qədər ki, gec deyil, bir nəticə çıxarın.