Deputatlardan məmurlara sərt ittiham

Onlar Bakının iflic olmasına görə Hacıbala Abutalıbovla Cavid Qurbanov barəsində cinayət işinin başlanmasını tələb edir

Bakıda hava şəraitinin pisləşməsi nəticəsində təkcə sıravi vətəndaşlar deyil, ölkə rəhbərliyinə daxil olan şəxslər və deputatlar da “qışa yüksək hazırlığın” qurbanı olub. Və bu “hazırlıq” onları hiddətləndirib. Bu sırada xüsusilə parlamentin spikeri Oqtay Əsədovun adını çəkmək olar. “Qafqazinfo”nun məlumatına görə, saatlarla tıxacda qalan spiker elə hadisə yerindən əlaqədar qurumların rəhbərlərinə zəng edərək tədbirlər görmələrini tələb edib. Lakin məlum olduğu kimi, dünən gecə yarıya qədər yolların tıxacdan qurtulması üçün heç bir tədbir görülməyib.
Deputat Çingiz Qənizadə isə bu məsələdə xüsusilə Bakı meri Hacıbala Abutalıbovu, “Azəryolservis”in şefi Cavid Qurbanovu ittiham edib. “Qış Bakıya yaraşmadığı kimi, Hacıbala da Bakıya yaraşmır”,- deyə deputat “Qafqazinfo”ya açıqlamasında vurğulayıb. Çingiz Qənizadə bildirib ki, dünən Bakıda yaranan 8 saatlıq tıxacda şəxsən qalıb: “Dünən Bakı şəhərində hava şəraitinin qəflətən dəyişməsilə baş verən tıxaclar, elektrik şəbəkəsində, qazın verilməsində problemlər və bütün problemlərin birdən-birə insanların üzərinə düşməsi çox təəssüfedici və acınacaqlıdır. Ilk öncə qeyd edim ki, 6-8 saat tıxaclarda qalan insanların vəziyyətini dərk etmək lazımdır. Onların arasında xəstələr, uşaqlar, yaşlılar var idi. Yanacağı az olan avtomobillər var idi ki, bir-iki saatdan sonra yanacaqları qurtardı və maşınlarda donmuş vəziyyətdə qalmışdılar. Həmçinin mən özüm də 3 saat müddətində güc-bəla ilə başqa istiqamətlərlə gedib evə çata bildim. Bu artıq səhlənkarlıq deyil, cinayətdir. Bütün rayonların icra hakimiyyətlərinin başçıları, bələdiyyə sədrləri, Bakı şəhərinin başçısı bu məsələlərdə hazır olmalı idilər. Niyə yalandan deyirlər ki, qışa hazırıq? Deyirlər, ”Azəryolservis” vaxtında Sumqayıt istiqamətində yollara qum-duz tökməyib və onun nəticəsi Bakıda hiss olundu”.
Deputat əlavə edib ki, yaxın günlərdə bir qrup millət vəkili prezidentə dünən baş verən hadisələrlə bağlı rəsmi şəkildə müraciət edəcək: “Hesab edirəm ki, cənab prezidentə müraciət etməyin vaxtıdır. Dünəndən bir neçə millət vəkili razılığa gəlib”.
Deputat Qənirə Paşayeva da saatlarla tıxacda qaldığını bildirib. O, modern.az saytına deyib ki, parlamentdən 20 Yanvar metrostansiyası üzərindəki körpüyədək 3 saat yarıma gəlib: “Orda da 40-50 dəqiqə hərəkətsiz vəziyyətdə qaldıq, maşınlar bir addım belə irəli gedə bilmirdi. Axırda məcbur olub yolun əks istiqaməti ilə mərkəzə, yaxınlarımın evinə qayıtmışam. Insanlar vardı ki, 5-6 saatdan da çox tıxacda dayanmışdı. Bu, birbaşa olaraq Bakı şəhər Icra Hakimiyyətinin ciddi məsuliyyətsizliyidir. Həmin saatlarda bircə texnika da görmədik ki, yolu açmağa çalışsın, qum, duz səpsin. Dünən səhər hər kəs bilirdi ki, qar yağır və yollarda problem yarana bilər. Niyə axı, səhərdən yollarda işə başlamadılar? Bütün bu baş verənlər, xüsusi ilə də qış gəlməmiş, noyabr ayında belə vəziyyətin yaranması göstərdi ki, həmin orqanlar necə işləyir. Onlar bu vəziyyətin yaranmasına görə cavab verməlidirlər”,  – deyə deputat vurğulayıb.