Dövlət qəzeti məmurları topa tutdu

«Azərbaycan»da Hacıbala Abutalıbov, Cavid Qurbanov, Rövnəq Abdullayev və Etibar Pirverdiyev korrupsiyada ittiham olundu

Rəsmi dövlət qəzeti “Azərbaycan”ın dünənki sayında “Məsuliyyətsizlik iflici” başlıqlı yazı dərc edilib. Müəllif qəzetin baş redaktoru, deputat Bəxtiyar Sadıqovdur. Baş redaktorun yazdığına görə, noyabrın 24-də hava şəraitinin pisləşməsi nəticəsində “bir neçə saat qaranlıqda qalıb, sonra maşın tıxacına düşdükdən sonra qələmə əl atıb”. Yəni, Bəxtiyar Sadıqov da sıravi vətəndaşlar kimi “qışa yüksək hazırlığın” “ləzzətini” dadıb. Və yazıda ad çəkməsə də, bir sıra dövlət qurumlarını, məmurları ittiham edib:
“Bu il olmayan hadisə baş verdi: noyabrın əvvəllərində Bakıda qar və çovğun oldu, qış barmağını silkələyərək taxtına vaxtından qabaq çıxacağını bəyan etdi! Birinci çovğunda işıqlar tez-tez sönsə də  Qurban bayramı hesabına verilən istirahət günləri birtəhər yola verildi. Noyabrın 23-dən 24-nə keçən gecə başlayan qar və çovğun isə kimsənin eyninə gəlmədi. Nə Bakı Şəhər Icra Hakimiyyətinin müvafiq strukturları əllərini ağdan-qaraya vurdular, nə də  küçələrdəki avtomobillərin sayı azaldı! Mərəkə isə axşamtərəfi başladı. Günortadan sonra artıq donaraq buz bağlayan yollara səpilən qumun heç bir xeyiri olmadı. Hamı da evinə tez gedib isti çay içmək üçün işdən erkən çıxaraq sükan arxasına keçdi. Beləliklə, hər il qar yağanda baş verən hadisələr bir daha kəskin formada təkrarlandı!..
…Hər il Bakı Şəhər Icra Hakimiyyəti, ona tabe strukturlar, yolların təmiri və vəziyyətinə baxan müvafiq strukturlar qışa yaxşı hazırlaşdıqlarını və heç bir problem olmayacağını bəyan edirlər. Amma elə ki, ilk qar yağır, soyuqlar düşür, paxırları açılır. Həmişəki kimi, yenə də qış onları “qəflətən” yaxalamış olur, paytaxt sakinləri olmazın əzab-əziyyətini çəkirlər. Bu məsuliyyətsizlik tıxacı təkcə küçələrdə gərginlik yaratsaydı, dərd yarı idi! Artıq xərçəng xəstəliyinə çevrilən və heç cürə müalicə olunmayan bu tıxac mənzillərə gələn təbii qazın borularında, istilik sisteminin işləməyən soyuq batareyalarında, elektrik enerjisi təchizatı xətlərində, bəzən su kranlarında yol kəsərək əsəb və narahatlıq yaradır. Hər il sadalanan qurumların hamısına dövlət büdcəsindən ətək-ətək vəsait ayrılır. Hər il qışa hazırlıqla bağlı “görülən” işlərə ətək-ətək pul xərclənir. Dövlət pul tökür, amma vətəndaşı narazı qalır! Büdcədən pul qoparanlar sevinir, sakinlər isə deyinə-deyinə qazsız, işıqsız, susuz qalırlar”.
Bəxtiyar Sadıqov ad çəkməsə də, onun tənqidlərində əsas “payçı”ların Bakı meri Hacıbala Abutalıbov, “Azəryolservis”in şefi Cavid Qurbanov, neft şirkətinin prezidenti Rövnəq Abdullayev və “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevin olduğu aydın görünür. Baş redaktor adıçəkilən məmurları məsuliyyətsizliklə yanaşı, çox ehtiyatla korrupsiyada da suçlayıb: “Büdcədən pul qoparanlar sevinir…”. Bəxtiyar Sadıqovun ittihamlarının əsassız olduğunu söyləmək, əlbəttə ki, doğru olmazdı. Baş redaktorun yazdıqları tamamilə həqiqətdir. Lakin bu məmurları tənqid etmək yetərli deyil. Dövlət vəsaiti ilə özlərinə dəbdəbəli həyat quran, vətəndaşlara isə cəhənnəm əzabı bəxş edən bu adamlar məsuliyyətə cəlb olunmalıdır. Təəssüf ki, Bəxtiyar Sadıqov bu məqamı və adıçəkilən məmurların məsuliyyətsizliyinin, korrupsiyaya qurşanmasının əsl səbəbini qeyd etməyib. Baş redaktor özü də etiraf edir ki, hər il qar yağanda baş verən hadisələr bir daha kəskin formada təkrarlanıb. Niyə? Bəxtiyar Sadıqov bu sualın cavabını vermək istəməyib. “Heç kimin xətrinə dəymək fikrində deyiləm” deyən baş redaktoru anlamaq olar. Axı bu məmurlar özbaşına deyil. Onlara bu sərbəstliyi və toxunulmazlığı bəxş edən şəxs Bəxtiyar Sadıqovun üzv olduğu partiyanın sədri Ilham Əliyevdir. Baş redaktor yaxşı başa düşür ki, həqiqəti bütün çılpaqlığı ilə təqdim edəcəyi təqdirdə Ilham Əliyevi də qələminə qurban etməlidir. Bu isə Bəxtiyar Sadıqov üçün ən yaxşı halda işdən çıxarılmaq və bütün “mükafatları” əlindən alınmaqla nəticələnə bilər.
Onda, heç olmasa, baş redaktor bu suala cavab versin: Bir neçə saat qaranlıqda qalıb, sonra tıxaca düşməsəydiniz, bu yazını yazardınizmı?

Vidadi