Manatın xilası üçün neyləməli?

qubad-ibadogluİqtisadçı ekspert təkliflər verir

Qubad İbadoğlu: «Azərbaycan iqtisadiyyata və manata neqativ təsirləri neytrallaşdırmaq üçün təxirəsalınmaz tədbirlər görməlidir»

Iqtisad elmləri doktoru Qubad Ibadoğlu dünya bazaında neftin qiymətinin kəskin düşməsinin Azərbaycana təsirləri barədə məqalə yazıb. Alimin Facebook səhifəsində dərc etdiyi məqaləsini təqdim edirik:

– Xam neftin dünya bazar qiymətində bu gün cüzi də olsa artım qeydə alınsa da, dünən baş verən ciddi ucuzlaşma hələ də aparıcı xəbər kanallarının baş mövzusu olaraq qalır. Çünki, müşahidə olunan ucuzlaşma nəticəsində neftin qiyməti 2009-cu ilin fevral ayından sonra ən aşağı səviyyəyə düşüb və uzun müddətdir gözlənilən 1 barrel/40 dollar pisxoloji baryerini aşıb. Beləliklə, yeni qiymət bu ilin əvvəli ilə müqayisədə 1 barrelə görə 10 dollardan çox aşağı düşüb.

Xam neftin qiyməti hansı səviyyəyə qədər enəcək sualı bu gün beynəlxalq analitikləri ciddi düşündürür. Onların qiymətləndirmələrinə və proqnozlarına görə, dünya bazarlarında hazırda xarakterizə olunan yüksək təklif şəraitində qiymətlərin ucuzlaşması qarşısıalınmaz olacaq və ucuzlaşma davam edəcək. Bəzi ekspertlər qiymətin 20 dollaradək ucuzlaşacağını proqnozlaşdırırlar. Hazırda bazara gündəlik 92 milyon barrel tələbə qarşı ən azı 1 milyon barreldən çox artıq neft təklif olunur. Odur ki, qiyməti ucuzlaşdıracaq başlıca səbəb kimi təklifin artması qeyd olunur.

Xam neftin qiymətlərinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına və manatına neqativ təsirlərini neytrallaşdırmaq məqsədilə əlavə maliyyə qaynaqlarının formalaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir. Fikrimizcə, bu istiqamətdə qısamüddətli effektə yalnız biznes mühitinin yaxşılaşdırılması yolu ilə nail olmaq mümkündür. Bu isə təcili olaraq ciddi qərarların, o sıradan da inhisarçılıqla və korrupsiya ilə mübarizə və paralel surətdə də iqtisadi azadlıqların genişləndirilməsi sahəsində tədbirlərin həyata keçirilməsini zəruri edir.

Xatırladaq ki, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiyməti 1 barrel üçün 50 ABŞ dolları götürülüb.