Ər-Riyad Suriya müxalifətini bir araya gətirir
Türkiyəni narazı salmamaq üçün kürdləri tədbirə dəvət etmədilər
Suriya münaqişəsi ilə bağlı Vyana konfransından sonra səngiyən müzakirələr gələn həftədən etibarən yenidən canlanacaq. Bu dəfə müzakirələrin ünvanı Nyu-York olacaq. Dünya gücləri Yaxın Şərqdəki münaqişənin həlli yollarını nazirlər səviyyəsində masaya çıxaracaqlar.
Toplantının əsas təşəbbüskarlarından biri Səudiyyə krallığıdır. Bu dəfə Ər-Riyad prosesə xüsusi missiya ilə qoşulub. Və Suriyada ölkə prezidenti BəşərƏsədə müxalif olan qüvvələri bir araya gətirib. Suriyalı müxaliflər indidən krallığın paytaxtına toplaşıblar.
Əsədin tərəfdar və əleyhdarları bir masa ətrafında
Görüş ərəfəsi açıqlama verən Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Jubeyr bildirib ki, krallıq həqiqətən də Suriya müxalifətini təmsil edən çoxsaylı qurum və qruplaşmaları bir masa ətrafına toplaya bilib. Onların arasında Qərbin dəstəklədiyi Suriyalı Inqilabçıların və Müxaliflərin Milli Koalisiyası da var.
Koalisiya Suriyadakı böhranın həllini keçid hökumətində görür. Azad Suriya Ordusunun cənub cəbhəsi də eyni mövqeni dəstəkləyir. Bu birlikdə ölkənin cənub hissəsində aktiv fəaliyyətdə olan 58 sivil qruplaşma təmsil olunur.
Onlarla yanaşı, toplantıda rəsmi Dəməşq tərəfindən tanınan Demokratik Dəyişikliklər Uğrunda Milli Koordinasiya Komitəsi də iştirak edəcək. Suriyalı müxaliflər bu komitənin mövqeyi ilə razılaşmır, onu Əsədlə əməkdaşlıqda ittiham edirlər. Milli Koordinasiya Komitəsi Suriyadakı münaqişənin danışıqlar və hakimiyyətin dinc yolla ötürülməsi yolu ilə həllinə tərəfdardır.
Sələfilər də müzakirələrə qoşulacaq
Ər-Riyada gələnlər arasında “Jeyş əl-Islam” koalisiyası da var. Koalisiya sələfilərdən və islamçılardan ibarət 40 qruplaşmadan ibarətdir. “Jeyş əl-Islam” 2013-cü ildə Səudiyyə krallığının maliyyə dəstəyi ilə yaradılıb. Müzakirə tərəflərindən biri də “Əxrar əş-Şam”dır. Bu, Səudiyyəyə qarşı olan döyüş qabiliyyətli qruplaşmadır. Qruplaşma “Jeyş əl-Fəth” və “Əl-Qaidə”nin qolu olan “Ən-Nüsra Cəbhəsi” ilə əməkdaşlıq edir.
Toplantının ilkin siyahısında dəvətlilərin sayı 65 nəfər göstərilib. Səudiyyə danışıqlara IŞID və “Ən-Nüsra Cəbhəsi”ndən nümayəndə dəvət etməyib.
Ev sahibi eləcə də kürdlərin aparıcı partiyalarından olan PYD-ni də dəvətlilər sırasına daxil etməyib. PYD-nin savaş qolu olan Milli Müdafiə Dəstələri vəkürd savaşçıların təmsil olunduğu Suriyanın Demokratik Qüvvələri də tədbirə dəvət edilməyib.
“Əl-Cəzirə” telekanalın məlumatına görə, Ər-Riyad kürdləri dəvətlilər siyahısından Türkiyəyə görə çıxarıb. Çünki rəsmi Ankara onları terrorçu kimi qəbul edir.
Iran narazı qalıb
Kürdlərlə yanaşı, Iran da formatdan narazı qaldığını bəyan edib. Tehran rəsmiləri hesab edir ki, ərəblərin bu özfəaliyyəti Suriyada hökumətlə müxalifət arasında danışıqları korlayacaq. Vyana sammitində bu danışıqların 2016-cı il yanvarına 1-dək baş tutması barədə razılığa gəlinmişdi.
Beynəlxalq məsələlər üzrə ekspert Yuri Barmin bildirib ki, bu görüşün əsas hədəfi Vyana formatı çərçivəsində danışıqlar öncəsi mövqeləri koordinasiya etməkdir. Onun sözlərinə görə, görüşün təşkili ilə Səudiyyə həm də onu nümayiş etdirməyə çalışır ki, Ər-Riyad Suriya müxalifətini təmsil edən bütün tərəflərlə təmas qurmağa hazırdır. Məsələn, Demokratik Dəyişikliklər Uğrunda Milli Koordinasiya Komitəsi məhz bu səbəbdən toplantıya dəvət olunub.
Bəzi ekspertlər isə hesab edir ki, Səudiyyə krallığı bu münaqişənin həllində özünün vacib rolunu nümayiş etdirməyə çalışır: “Bütün bu danışıqların hədəfi Bəşər Əsəd rejimini yıxmaqdır. Məsələnin bu cür qoyulması isə Rusiyanı qane etmir. Lakin Moskva paralel olaraq Səudiyyə Ərəbistanı ilə də təmasları dəstəkləyir”.
Açar fiqur…
Tədbir iştirakçılarının bir qismi hesab edir ki, bu cür qarışıq tərkibdə görüş danışıqların uğursuzluqla nəticələnəcəyini göstərir.
Vaxtilə Suriyalı Inqilabçıların və Müxaliflərin Milli Koalisiyasında təmsil olunan Luey Safi “Əl-Cəziyrə”yə bildirib ki, müxaliflərin əksəriyyəti Əsədi problemin bir parçası kimi qəbul edir. Və Əsəd postunu tərk etməyənə qədər məmnunedici qərarın qəbulunu gözləməyi yersiz sayır. Onun sözlərinə görə, Demokratik Dəyişikliklər Uğrunda Milli Koordinasiya Komitəsi Dəməşqin təsiri altındadır. Və Nyu-York görüşündə onlar Əsədin istefası ilə bağlı şərti qəbul etməyəcəklər.
Bütün bunlar onu deməyə əsas verir ki, dünya liderləri Suriya liderinin taleyinə dair ortaq qərar vermədən müxalif qüvvələr də Əsədə münasibətdə ortaq məxrəcə gələ bilməyəcəklər. Müxalifətin bir hissəsi hesab edir ki, Əsəd ən qısa zamanda iqtidardan getməlidir. Digər hissə isə keçid dövrü ərzində onun hökumətdə qalmasına tərəfdardır.
Beynəlxalq ekspertlər onu da qeyd edirlər ki, Dəməşqdə hərbi yolla dəyişikliyin olması ən radikal oyunçunun – IŞID-in işinə yaramış olar. Məhz buna görədə zor yolundansa, danışıqlar masası ətrafına toplaşmaq daha faydalıdır. Budəfəki danışıqların hansı nəticə verəcəyi, Ər-Riyadın təşəbbüsünün münaqişənin həllinə nə dərəcədə təsir edəcəyi isə qarşıdakı günlərdə məlum olacaq.
Gültəkin



