Vicdan məhbuslarının məhkəməsində gərgin anlar yaşandı
2 aprel dustaqları Rafiq Tağının qətlini azad düşüncəyə qarşı terror kimi qiymətləndirib
Ictimai Palatanın 2 aprel aksiyasının təşkilində günahlandırılaraq azadlıqdan məhrum edilən müxalifət yetkililərinin – Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslı və Fuad Qəhrəmanlının şikayətinə dünən Bakı Apelyasiya Məhkəməsində baxıldı. Oktyabrın 3-də Səbail Rayon Məhkəməsi bu şəxslərdən üçünün hər birini 2 il 6 ay azadlıqdan məhrum edib, Fuad Qəhrəmanlıya isə 2 il şərti cəza verilib. Vicdan məhbusları apelyasiya şikayətində Səbail rayon məhkəməsinin hökmünün ləğvini tələb ediblər.
Hakim Vaqif Mursaqulovun sədrlik etdiyi məhkəmə prosesində dövlət ittihamını prokuror Hafiz Imranov müdafiə edirdi. Vicdan məhbuslarının müdafiəsini isə vəkillər Əsabəli Mustafayev, Nemət Kərimli, Osman Kazımov, Anar Qasımlı və Azər Nağıyev həyata keçirirdi.
Utanın!!!
Məhkəmə iclası başlayan kimi vəkil Əsabəli Mustafayev vicdan məhbuslarının dəmir barmaqlıqlar arasından çıxarılaraq müdafiəçilərinin yanında əyləşmələrinə şərait yaradılmasını istədi. Vəkil bildirdi ki, dəmir barmaqlıqlar səmərəli müdafiəyə mane olur, həmçinin insan ləyaqətini alçaldır.
Vəkil Osman Kazımov da həmkarının vəsatətinə dəstək verərək yada saldı ki, birinci instansiya məhkəməsində də eyni tələblə çıxış ediblər və məhkəmə vəsatəti təmin edib. Digər vəkil Nemət Kərimli isə diqqətə çatdırdı ki, bu vəsatət təmin olunmayacağı halda, hər dəfə müdafiəçilərin təqsirləndirilən şəxslərlə məsləhətləşmələri üçün proses xeyli uzanacaq.
Hakim təqsirləndirilən şəxslərin dəmir barmaqlıqlar arasından çıxarılması fikrilə razılaşmadı, bununla belə, bildirdi ki, onlara vəkillərilə məsləhətləşmək üçün şərait yaradılacaq.
Tural Abbaslı isə məhkəmədən vəsatətin hansı səbəbdən təmin edilmədiyinin hüquqi cəhətdən əsaslandırılmasını tələb etdi: “Qərarı əsaslandırın. Burada oturan vəkillər səviyyəsi və savadına görə heç də sizdən aşağı deyil. Başınızın üstündəki gerbdən utanın!”
Hakim isə sadəcə, “Qərar belədir” deməklə kifayətləndi.
Belə olan halda, Tural Abbaslı vəkillərin də qəfəsə salınması barədə vəsatət qaldırdı: “Mən vəkilimlə məsləhətləşmək istəyirəm”.
Vicdan məhbusu hakimi “kölə” adlandırdı
Hakim bildirdi ki, vəsatətə müsbət cavab verilməməsi təqsirləndirilən şəxslərin təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Bu yerdə Tural Abbaslı hakimin nəzərinə çatdırdı ki, zərərçəkmiş qismində məhkəməyə qatılan Sarvan Məhərrəmov şərti cəza almış Fuad Qəhrəmanlı ilə yanaşı oturub: “Sarvan Məhərrəmov hər an Fuad Qəhrəmanlıya hücum çəkə bilər. Eyni maddə ilə ittiham olunuruq. Niyə fikirləşirsiniz ki, Fuad Qəhrəmanlıya qarşı təhlükə yoxdur, amma bizə var?”
Məhəmməd Məcidli isə hakimə dedi ki, onları qəfəsdə saxlamaqla azadlıqlarını heç kim əllərindən ala bilməz:
– Biz sizdən də azad insanlarıq. Amma siz köləsiniz.
Hakim:
– Məhəmməd bəy, etik normalardan kənara çıxırsınız.
– Məni vəkilimdən ayırıb, etik normalardan danışmayın.
Prezident Aparatından gələn sifarişdə…
Arif Hacılı bu məhkəmə prosesinin yerli və beynəlxalq ictimaiyyətin nəzarəti altında olduğunu dedi. O, eyni zamanda, vəkillərin və jurnalistlərin video və audio çəkiliş aparmasına dair vəsatət qaldırdı: “Birinci instansiya məhkəməsində protokollar saxtalaşdırılıb. Keyfiyyətli müdafiə üçün çəkilişin aparılması zəruridir”.
Hakim bildirdi ki, vəsatətlərə vaxtı çatanda münasibət bildiriləcək.
Məhəmməd Məcidli bu yerdə replika ilə söylədi ki, hər halda, Prezident Aparatından göndərilən siyahıda “məhbusları qəfəsdə saxlayın” yazılmayıb.
Prokurora “bazar adamı” ittihamı
Hakimlər vəsatətləri müzakirə etmək üçün müşavirəyə getdilər. Onlar geriyə bütün vəsatətlərə “yox” cavabıyla qayıtdılar.
Daha sonra vəkil Nemət Kərimli Səbail rayon məhkəməsinin hakimi Famil Nəsibovun apelyasiya şikayətini Bakı Apelyasiya Məhkəməsinə 10 gün gec göndərməsi, şikayət ərizələrinin çoxaldılaraq müdafiə tərəflərinə ümumiyyətlə, göndərilməməsinin hüquq pozuntusu kimi qiymətləndirilməsini xahiş etdi. Vəkilin sözlərinə görə, şikayət ərizəsi ən geci noyabrın 3-də Apelyasiya məhkəməsinə təqdim olunmalı idi. Lakin hakim onu 10 gün gecikdirib. Vəkilin fikrincə, gecikmə müddətində hakim protokolları təqsirləndirilən şəxslərin xeyrinə saxtalaşdırmaqla məşğul olub.
Arif Hacılı və Məhəmməd Məcidli də Famil Nəsibovun hərəkətlərini işə səhlənkar kimi yanaşma yox, siyasi siàfarêêêiş əsasında qərəzlilik kimi dəyərləndirdilər.
Vəkil Əsabəli Mustafayev isə Famil Nəsibov barədə xüsusi qərardad çıxarılması barədə vəsatət qaldırdı. Prokuror şikayət ərizələrinin çoxaldılaraq tərəflərə vaxtında çatdırılmamasında heç bir hüquqi pozuntu olmadığını deyəndə Arif Hacılı ona sərt reaksiya verdi. Arif Hacılı Cinayət Prosessual Məcəlləyə istinad edərək, pozuntunu bir daha prokurorun diqqətinə çatdırdı və ardınca da əlavə etdi: “Özünü kolxoza yox, məhkəməyə layiq formada apar!”
Famil Nəsimovun qanunu pozması protokollaşdırıldı
Vəsatəti müzakirə etmək üçün 5 dəqiqəlik fasilə adı ilə gedən hakimlər yarım saatdan sonra geri döndülər və bildirdilər ki, göstərilən pozuntu barədə qərar qəbul edilməsə də, o, protokola qeyd olunacaq.
Çəkilişə yox!
Fuad Qəhrəmanlının vəsatəti isə prosesin video və audiolentə yazılmasıyla bağlı oldu. O bildirdi ki, prosesin obyektiv işıqlandırılması üçün məhkəmədə audio-video yazılışa imkan verilməlidir. Fuad Qəhrəmanlı dedi ki, məhkəmənin sonradan protokollardan saxtalaşdırmaq niyyəti yoxdursa, videoçəkilişə və audioyazıya mane olmamalıdır.
Yerində müşavirə edən hakimlər isə vəsatəti rədd etdilər.
Hacıbala Abutalıbovu dindirmək lazımdır!
Vəkillər və vicdan məhbusları daha sonra apelyasiya şikayətinə məhkəmə istintaqı keçirməklə (şahidlərin dindirilməsi, sübutların araşdırılması və s.) baxılmasını istədilər. Onlar bildirdilər ki, birinci instansiyada bir sıra tutarlı faktlar yetərincə araşdırılmayıb. Bir sıra şəxslər var ki, onların dindirilməsi vacib olsa da, məhkəmə bunu eləməyib.
Bundan başqa, onlar 2 aprel aksiyasında yaşananlara görə məsuliyyət daşıyan Bakı şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da dindirilməsini tələb etdilər.
Vəsatətlərdən daha biri təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığıyla əvəz edilməsi haqda oldu.
Təxminən 50 dəqiqə çəkən müşavirədən sonra hakimlər yenə də bu vəsatətlərin hamısının rədd olunması haqda qərarı açıqladılar. Bununla da dünənki məhkəmə iclası başa çatdı. Proses dekabrın 5-də davam etdiriləcək.
***
Prosesdə yaranan fasilədə vicdan məhbusları ailə üzvlərilə görüşməyə imkan verilməməsindən şikayətləndilər. Onlar bildirdilər ki, belə bir qadağa ilə üzləşmələrini siyasi təzyiq kimi qiymətləndirirlər.
Vicdan məhbusları tanınmış publisist Rafiq Tağının qətlə yetirilməsinə də münasibət bildirərək, bu hadisəni “azad düşüncəyə terror” kimi dəyərləndirdilər.
Natiq


