Hakimiyyət NATO-dan niyə və necə qaçır?

Ekspertlər Araz Əzimovun alyans əleyhinə bəyanatını şərh edir

NATO baş katibinin müavini Hüseyn Diriözün Bakıya səfəri ərəfəsində xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycanın bu qurumla əməkdaşlığına dair fikirlər səsləndirib. Əməkdaşlıqda durğunluğun yarandığını deyən nazir müavini bildirib ki, NATO-nun bir-iki üzvü dar siyasi mövqe və qərəzli yanaşma nümayiş etdirərək alyansla Azərbaycan arasında əməkdaşlıq üzrə Fərdi Fəaliyyət Planının təsdiqlənməsinə mane olur. Plan təsdiqlənməyəcəyi təqdirdə əməkdaşlığın davam etdirilməsi çətinləşəcək.

Lakin Azərbaycanın NATO ilə əməkdaşlığında yaranan durğunluğun səbəbini ilk növbədə rəsmi Bakıda axtarmaq lazımdır. Demokratik islahatlar keçirmək niyyətində olmayan hakimiyyət seçim qarşısında qalanda öz maraqlarına üstünlük verir. Bu da Avropa qurumları, o cümlədən NATO ilə münasibətlərdə problemlər yaradır.

“Azərbaycan nəinki siyasi və iqtisadi, heç hərbi sahədə də islahatlar aparmır”


Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbərin sözlərinə görə, Azərbaycan NATO ilə tərəfdaşlıq edən yeganə dövlətdir ki, “Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planını” üçüncü dəfə təkrar etmək istəyir. Hərçənd, qurumla əməkdaşlıq edən hər bir dövlət bu proqramı tez yerinə yetirib növbəti mərhələyə keçməyə çalışır: “NATO ilə münasibətlərdə Azərbaycan geridə qalıb. Artıq il yarımdır danışıqlar gedir. Rəsmi Bakı hətta bu proqramı da imzalamaq istəmir. Çünki hər bir mərhələdə islahatların daha da dərinləşdirilməsi tələb olunur. Azərbaycan isə siyasi, iqtisadi islahat bir tərəfə, heç hərbi sahədə də islahatlar aparmır”.
Ekspert Azərbaycanın müəyyən tələblərinin olduğunu da qeyd edir: “Məndə olan məlumata görə, Azərbaycan tərəfi istəyir ki, orda Ermənistanla münaqişə məsələləri yer alsın. Bu da NATO-nun “Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı” proqramında öz əksini tapmayıb”.

“Azərbaycan NATO və Avropa Birliyinə inteqrasiya etmək istəmir”


Politoloq Razi Nurullayev isə Azərbaycanın tam cəsarətlə Avropaya inteqrasiya yolunu tutmadığını deyir. Ekspertin fikrincə, bu, rəsmi Bakının yürütdüyü siyasətdə özünü göstərir. Azərbaycanın Şərq tərəfdaşlığı çərçivəsində assosativ sazişə qol çəkməməsi də bunu deməyə əsas verir.
Ekspert deyir ki, Avropaya inteqrasiya Azərbaycanın demokratikləşməsini nəzərdə tutur. Artıq Qərb Azərbaycanda demokratik proseslərin ləngiməsindən narahatlığını ifadə edir.
Ekspertin sözlərinə görə, Azərbaycan Avropaya inteqrasiya məsələsində birmənalı mövqe bildirməlidir. Lakin Moskvadan çəkinən rəsmi Bakı bunu etmir.
R.Nurullayevin fikrincə, xarici işlər naziri müavininin qeyd etdiyi ölkələr Böyük Britaniya, Fransa və ABŞ ola bilər. Çünki həmin ölkələr Azərbaycanda insan hüquqları və demokratiyanın vəziyyəti ilə bağlı narahatlıqlarını bildirməyə başlayıb: “Əgər Azərbaycan Avropaya inteqrasiya etmək istəyirsə, standartlarını NATO-ya uyğunlaşdırmalıdır. Çünki Avropa Birliyi dövlətləri üçün təhlükəsizlik, sərhədlərin qorunması çox ciddi məsələdir. Azərbaycan NATO-ya inteqrasiya etmək istəmirsə, bu o deməkdir ki, Avropa Birliyinə də inteqrasiya etmək istəmir. Artıq Araz Əzimovun sözündən belə nəticəyə gəlmək olar”.
Ekspert bundan sonra da NATO ilə əməkdaşlıqda durğunluğun yaranacağını düşünür. Bu isə o deməkdir ki, Azərbaycan Şərq Tərəfdaşlığı çərçivəsində imzalanacaq sazişi də uzatmağa davam edəcək: “Eyni zamanda bu o anlama gəlir ki, yaxın illərdə Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsini gözləmək lazım deyil. Bu çıxışında Araz Əzimov Avropa Birliyi və NATO dövlətlərinə də ismarıc göndərmiş olub”.

Fizzə