Türkiyəli sənətçinin «Buta»da pencəyi oğurlanıb…

Başqa bir sənətçidən isə Bakı aeroportunda rüşvət istəyiblər

“Buta Palace”da keçirilən “The first-2011” mükafatlandırma mərasimi maraqlı məqamlarla yadda qalıb. Xəbər verildiyi kimi, ”Xəyal Production”un təşkilatçılığıyla keçirilən mərasimdə Türkiyədən xüsusi qonaqlar iştirak ediblər.
Onların arasında Türkiyənin tanınmış sənətçiləri də olub. Lakin mükafat almaq üçün həvəslə Azərbaycana gələn qonaqların gördükləri istədikləri kimi olmayıb. Türkiyədə yaşayan və mükafatçılar arasında Azərbaycana gələn model Günay Musayeva “lent.az”a açıqlamasında bildirib ki, qonaqlar Bakıda başlarına gələn hadisələr, həmçinin tədbirin təşkilindən narazılıqları ifadə ediblər: “Türkiyənin məşhur modelyeri Erol Albayrağın kolleksiyaları dünyada tanınır. Amma çox təəssüf ki, o, Azərbaycanda iştirak etdiyi tədbirdə oturmağa yer tapa bilmir. Erol bəyi oturduğu kürsüdən ayağa qaldırıb başqa yerdə oturmağını xahiş ediblər. Aktrisa Serenay Sarıkayanın isə o qarışıqlığın içində pencəyi oğurlanıb. Əslində, təşkilatçı xəbəri eşitdiyi vaxt əlində viski ortada gəzmək əvəzinə bütün məkanı bağlatdırıb o xanımın pencəyini tapdırmalı idi. Sönər Sarıkabadayıdan isə pasport xidmətində 40 türk lirəsi istədikləri üçün artıq tədbirə kefsiz qatılmışdı. Qalan məşhurlar isə mühafizəçi olmadığı üçün hər addımbaşı çətin vəziyyətə düşmüşdülər. Hava limanından enəndə qonaqlar üçün maşın ayrılmamışdı. Onlar mənimlə danışanda bura nə üçün gəldiklərini və niyə belə münasibət gördüklərini soruşdular.
Mənim uğurlarım Türkiyə ilə bağlıdır. Indiyə qədər də orada özümə qarşı belə münasibət görməmişəm. Indi onlar oradakı iştirakçıları oğru kimi yadda saxlayacaqlar. Gələn bütün qonaqlardan bir-bir üzr istədim və çox utandım”.