Vəfa Quluzadə: «Rusiya heç bir dövlətin arxasında dayanmaq gücündə deyil»
Suriyaya qarşı Qərbin hərbi müdaxiləsinə etiraz edən Rusiya bu ölkənin sahil sularına üç döyüş gəmisi göndərib. Dəməşq rəsmiləri gəmilərin Suriya sularında mühafizə məqsədli patrul xidmətini həyata keçirəcəyini açıqlayıb. Suriyanın ən böyük silah təminatçısı olan Rusiyanın Somali piratlarına qarşı Aralıq dənizinə çıxardığı 3 döyüş gəmisi artıq Tartus limanında lövbər salıb. Israil mətbuatı bu addımı Moskvanın Qərbin Dəməşq rejiminə qarşı hərbi müdaxiləsinə etirazı kimi qiymətləndirib. Eyni zamanda Rusiya modern radar sisteminə sahib olan S-300 raketlərini Suriyaya satacağını bəyan edib.
Qərbin hədəfinə çevrilən Suriyaya Moskvanın bu dəstəyi nəyə hesablanıb? Hərbi müdaxilə olacağı təqdirdə Rusiya Bəşər Əsədi müdafiə edə biləcəkmi?
Politoloq Vəfa Quluzadə Rusiyanın Suriyanın arxasında dayanmadığını deyir. Artıq Moskva bütün vasitələrdən istifadə etdiyini, bundan artığını edə bilməyəcəyini bildirib.
Ekspertin fikrincə, Rusiya gəmilərinin Suriyaya getməsi piar-kampaniyadı: “Rusiyanın Suriyada hərbi-dəniz donanma bazası var. Rusiya o bazanı itirir. Çünki Bəşər Əsəd bu yaxınlarda hakimiyyətdən gedəcək. Suriyanın yeni rəhbərliyi isə o bazanı ruslardan geri alacaq”. V.Quluzadə hazırda Rusiyanın heç bir dövlətin arxasında dayanmaq gücündə olmadığını da vurğuladı: “Ancaq ermənilərin tərəfində dayana bilər. Çünki Ermənistanı işğal edib. Qarşı tərəfdə isə balaca Azərbaycandı. Suriya məsələsinə isə NATO, Avropa, Türkiyə qoşulub. Artıq Bəşər Əsədin məsələsi həll olunub. Moskva ona kömək etmək iqtidarında deyil”.
Fizzə