Elnur Astanbəyli
elnurastanbeyli@gmail.com
Velosipedi yenidən icad, Amerikanı yenidən kəşf etməyə ehtiyac yoxdur: çağdaş dünyada hüququn işləmədiyi bir ölkənin xoşbəxtliyə, rifaha qovuşmaq lüksü sıfıra bərabərdir. Günümüzdə o ölkələr həqiqi inkişafa, əsl yüksəlişə nail ola bilirlər ki, orada hüquq ən üstün iradədir. Toxunulmazdır. Söz sahibidir.
Modern hüququn (bundan sonra onun haqqında sadəcə, hüquq deyə bəhs edəcəyik) işlədiyi elə bir ölkə göstərmək çətin, daha doğrusu, qeyri-mümkündür ki, orada yalan asanlıqla ayaq açıb yeriyə bilsin. Yaxud insan həyatları ucuzlaşsın. Ya da bir ovuc adam gündən-günə inanılmaz sərvət, var-dövlət, imtiyaz sahibi olarkən, mütləq çoxluq bir qarın çörəyə möhtac qalsın, əzilsin, kölə vəziyyətinə düşsün.
Hüququn işləmədiyi bir ölkədə istədiyin qədər qırmızı lent kəs: nə təntənə ilə açdığın məktəb işləyəcək, nə zavod, nə qeyri bir şey.
Hüququn çeynəndiyi, ayaqlar altına atıldığı bir ölkədə heç bir ali dəyərin üstünlüyündən, tətbiqindən danışmaq mümkün deyil.
Bunlar yaşadığımızın ən adi, ən sadə həqiqətləridir. Elə həqiqətlər ki, onlar barədə mübahisə edənin ağlına və əxlaqına şübhə etmək gərəkdir.
Hüququ yalnız yaxşı qanunlar qəbul etməkdən ibarət görmək kökündən yanlışdır. Bir ölkə o zaman hüququn əgəmən olduğu ölkədir ki, orada qanunlar pis, yarımçıq olsa belə, işləyir. Işləyən ən pis qanun işləməyən ən yaxşı qanundan qat-qat yaxşıdır, yararlıdır, faydalıdır.
O ölkə bədbəxtdir ki, orada hüquq kimlərinsə əlində oyuncağa, öz hakimiyyətini və var-dövlətini qorumaq üçün vasitəyə çevrilib. Hüququ karikaturaya çevirən ölkələrə çağdaş dünyada yer yoxdur, onlar ikrah və ironiya obyekti kimi xatırlanmağa məhkumdurlar.
Hüquq elə bir anlayışdır ki, onun haqqında siyasi tostlar söyləməyə, AzTV sayağı şablon, ənənəvi, eyni zamanda, əttökən və bəlağətli sağlıqlar deməyə əsla ehtiyac qalmır. Hüququn işləməsi, üstün iradə kimi qəbul olunması, həlledici gücə çevrilməsi kifayətdir ki, hər hansı bir hakimiyyət:
– büdcə oğurluğundan;
– seçki saxtakarlığından;
– vətəndaşa kölə münasibətdən;
– xalqa usanmadan və utanmadan yalanlar danışmaqdan;
– problemləri xalça altına süpürməkdən;
– doğruları cəzalandırmaqdan və s. əl çəksin, bunları ağlının ucundan belə keçirməsin.
Hüququn aliliyinin qəbul və təmin edildiyi bir ölkədə kimsə:
– məzlumun ahını almağı;
– qul haqqı yeməyi;
– xalqın cibinə girməyi;
– qulduru, yaltağı xalqa dəyər kimi sırımağı;
– millətin sərvətinə kəc gözlə baxmağı;
– insanların həyatını heçə saymağı və daha nələri, nələri xəyal belə edə bilməz.
Konfutsi “Ədalət dövlətin xəzinəsidir” deyirdi. Amma siz dövlətin xəzinəsini ancaq neft pullarından ibarət təsəvvür edərsinizsə, bunun sonu fəlakətdir, qandır, göz yaşıdır.
Hüququn ədaləti təmin etməyə ixtiyarının, iqtidarının çatmadığı bir ölkə hər cür bədbəxtliyə hamilə, istənilən məhrumiyyətə məhkumdur.
Qısası, yaşadığımız zamanda və dünyada xoşbəxtliyin ən sadə formulu hüquq dövləti olmaqdır. Ailə, tayfa, klan maraqlarının önə çıxdığı, sərvət sahiblərinin həm də güc sahibi olduğu, hüquqa diqtə etdiyi, hüququ istənilən şəklə sala bildiyi bir ölkənin yerinin altında və üstündə neft, qaz, qızıl, bir sözlə, dünyanın istənilən qiymətli sərvəti yatsa, boş, mənasız şeydir, filfilodur, nağıldır, mifdir, əfsanədir.
Hüquq yoxdursa – xoşbəxtlik də yoxdur.
Bu zamanda və dünyada xoşbəxtliyin yeganə adı, ünvanı hüquq dövləti olmaqdır.
Sağ qalmağın, ayaqda qalmağın ən sadə, formulu hüquq dövləti olmaqdır bu çağda və bu dünyada.
Kimsə unutmasın: hüququn əli üstə əl, sözü üstə söz olduğu bir ölkə yaşadığımız çağın və dünyanın istənilən qiymətli var-yatırına sahib olsun, o ölkədə insanların qisməti ahdır, göz yaşıdır, kədərdir, hüzndür, ağrıdır, acıdır, əzabdır, məşəqqətdir.
Bu gün hüququn olmadığı, hüququn işləmədiyi, kimlərinsə şəxsi iradə və maraqları hüququn karikaturaya çevrildiyi bir ölkədə bütün ölümlər qətldir. Hətta və hətta öz əcəli ilə ölümlər belə! Hətta və hətta təbii fəlakətlərin sonucu olan ölümlər belə!
“Günəşli” neft yatağındakı faciə haqqında deyə biləcəyim ən son söz bayaqdan bəri yazmış olduqlarımdır. Gerisinə hər kəs öz ağlı və vicdanı ilə qərar versin.