Avropa Parlamentinin prezidentini 2 limuzin sürməkdə ittiham edənlər, milyarderə çevrilmiş məmurlarımızı niyə unudur?
Bəzən söz tapmaqda aciz qalırsan. Hökumət təbliğatının primitivliyi, absurdluğu insanı “heyran” edir. Öz gözlərində tiri görmürlər, özgə gözündə tük axtarırlar.
Belə ki, hökumət mətbuatı Avropa Parlamentinin prezidenti Martin Şultsun israfçılığı ilə bağlı materiallar tirajlayır. Sən demə Martin Şultsu 2 limuzini, 2 sürücüsü və 33 assistenti var imiş. Və buna görə deputat həmkarları ona etiraz edib və bu israfçılığa qarşı çıxıblar. Hökumətyönlülər öz aləmlərində bu informasiya ilə Avropa Parlamentinin prezidentinin imicini ləkləyiblər.
Amma yenə də qaş düzəltdikləri yerdə göz çıxarıblar.
Qeyd edək ki, hökumətimizin Martin Şultsa qarşı bu həssaslığı təsadüfi deyil. Martin Şults dəfələrlə çıxışlarında hakimiyyəti tənqid edib, ölkədəki siyasi məhbuslardan, korrupsiyadan danışıb. Məhz buna görə də YAP rejiminin “qara siyahı”sına düşüb.
Martin Şultsun 2 avtomobilə, 3 sürücüyə, 33 assistentə sahib olmasına gəlincə, hökumətimiz belə informasiyalardan qaçmalıdır. Çünki, bu ölkədə nəinki icra başçısının, nazirin, hətta JEK müdirinün də var-dövlətinin sayı-hesabı bilinmir. Martin Şultsun 33 assistenti var. Amma bizim nazirlərin 133 şirkəti, dünyanın müxtəlif yerlərində bahalı villaları, şadlıq sarayları, bankları var. Məmurların ailə üzvlərinin hər birinin ayrıca sürücüsü var. Hakim ailənin var-dövləti haqqında hər gün yeni məlumatlar eşidirik. Dubaydan tutmuş, Rumıniyaya qədər hər yerdə biznes imperiyaları var. Çovdar qızıl yataqlarından tutmuş, ən iri banklara qədər iri biznes şəbəkələri hakim ailənin adı ilə bağlıdır. Rəsmi şəkildə etiraf olunan budur ki, vəzifədən kənarlaşdırılan Eldar Mahmudov və Əli Abbasovun 100 milyonlarla ölçülən sərvəti var imiş.
Bu ölkədə sadə vətəndaş da bilir ki, hansı holdinq, hansı məmura məxsusdur. Yaxud, dəqiq bilinir ki, hansı məhsulun monopoliyası hansı nazirə məxsudur. Ölkənin bütün rayonlarından məmurların iqamətgahları boylanır, bütün mənzərəli yerlər zəbt edilib.
Yəni, demək istəyirik ki, Martin Şultsun 2 avtomobilindən danışanda, milyardları offşorlara daşıyan məmurları unutmayın. Bilin ki, Martin Şults Azərbyacanın ən kasıb icra başçısı ilə rəqabət apara bilməz.
O ki, qaldı parlament üzvlərinin Martin Şultsun israfçılığına etiraz etməsinə, bu fakt da 125 deputatımızı utandırmaq üçündür. Bu ölkədə parlamentin heç bir üzvü ölkədəki korrupsiyanı, ədalətsizliyi, məmur özbaşınalığını, nazirin, prezidentin qanunsuz əməllərini dilə gətirmək iqtidarında deyil. Heç olmasa Avropa Parlamentinin deputatlarına baxıb, nümunə götürsünlər. Amma bir reallıq da var ki, Avropa Parlamentində oturanlar mandatı saxtakarlıqla almayıblar.
Göründüyü kimi Martin Şultsa qarşı göstərilən ittiham faktları həm bu xəbəri tirajlayanların nə qədər qeyri-müstəqil, qeyri-səmimi olduğunu, həm də hökumətin özünün ifşasını ortaya çıxardı. Nə qədər reallıq və utanc hissini itirməlisən ki, yaşadığın kiçik ölkədə milyarderə çevrilmiş məmurları görməzdən gəlib, 500 milyonluq Avropa Birliyinə rəhbərlik edən şəxsi 2 limuzin sürməkdə ittiham edəsən.
Samir



