Mənim bir versiyam var – əliyevçi rejim!
Çağımızın AYRI cür düşünən adamını itirdik. O adam terror qurbanı oldu. Ayrı cür düşünməyə görə terror qurbanı olmaq. Özü də 21-ci yüzildə. Olduqca ağrılı, olduqca acınacaqlı görsənişdir. Onun itkisinə ağrımaq, onun itkisinə acımaq adına ÖZGÜRLÜK deyilən yüksək, uca INSANLIQ dəyərinə ağrımaq, acımaq deməkdir. Biz olduqca dəyərli bir yurddaşımızı itirdik. Bizimlə bir ölkədə, bir bayraq altında yaşayan, ancaq baxışları, düşüncələrilə bizə bənzəməyən, bizə qatılmayan, çox yerdə bizə qarşı çıxan AYRI AZƏRBAYCAN adamını itirdik. Onu bütün bu özəlliklərinə görə öldürdülər!
14-cü yüzildə Nəiminin, Nəsiminin ölümünə fətva verənlərin ideya ardıcılları 21-ci yüzildə Rafiq Tağının – AYRI söz-düşüncə adamının ölümünə fatva verdilər. Bəlli olduğu kimi, “Ənəlhəq – Mənəm Allah” deyən Nəsimi bir çox gerilikçi düşüncə yiyələrinin düşündüyü kimi Allaha qarşı çıxmır, Allahın varlığını danmırdı. Nəsimi insanın ideya-mənəvi yüksəlmə yoluyla Tanrısallıq qazanacağına inanır, başqalarını da buna inandırmağa çalışırdı. Nəsimi gerilikçiliyin, cəhalətin düşməni idi. Rafiq Tağı da. Nəsimini 14-cü yüzildə öldürdülər, Rafiq Tağını 21-ci yüzildə – ən acınacaqlısı, ən ağrılısı budur!
Bizlər Rafiq Tağının bir sıra baxışlarını, bir sıra düşüncələrini bölüşmürdük, bölüşə bilmirdik. Mənim özümün Rafiq Tağıyla dönə-dönə öcəşmələrim – polemikalarım olmuşdu. Mənim ondan dönə-dönə incidiyim çağlar olmuşdu (sözsüz, onun da məndən incidiyi çağlar olmaya bilməzdi) bununla belə, mən Rafiq bəyi bu ölkənin yalnız ən dəyərli yazarlarından deyil, eləcə də ən dəyərli adamlarından sayırdım. Kimlərsə mənim yanımda Rafiq bəyi ayrı, barışmaz baxışlarına görə yamanlayanda deyirdim: “Baxışlarımızın, düşüncələrimizin üst-üstə düşüb-düşməməsindən asılı olmayaraq, Rafiq Tağı bu ölkəyə, bu xalqa olduqca gərəkli adamdır”. Bir gündə dünyada milyonlarla adam doğulur, ancaq Rafiq Tağı kimi adamlar yalnız Azərbaycanda deyil, bütün dünyada az-az, tək-tək doğulur.
Rafiq Tağı gerçəyi görürkən susmadığına görə öldürüldü. Onun öldürülməsi ilə bağlı Iran Islam Respublikasında iki ayətullahın fətva verdiyi bəllidir. Hələlik öldürən bəlli deyil. Belə bir deyim var: “vur demək vurmaqdan irəlidir”. Baş vermiş ölüm aktı ilə bağlı motivlərdən biri ortadadır: biz bunu istəsək də, istəməsək də. Çağımızın Roma papası Orta çağlarda AYRI cür düşünənlərlə bağlı baş vermiş inkvizisiya CINAYƏTLƏRINƏ görə xristian dünyasından BAĞIŞLANMA istədi. Bu, olduqca önəmli, olduqca gərəkli bir jest oldu. Yalnız xristian dünyasına deyil, bütün insanlığa örnək olacaq bir jest. Quranda dönə-dönə vurğulanır: “Allah bağışlayandır”. Peyğəmbərlə bağlı yazısına görə bizlər Rafiq Tağını qınadıq. Rafiq Tağı suçunu anlayaraq bağışlanma diləyində bulundu. Ayətullahların borcu idi bundan sonra fətvalarını geri götürsünlər, onlar bunu etmədilər. Demək, Quran yolu getmədilər…
Demək, Allah bağışlayandı, bəndə yox. Onda bu nə bəndəlikdi belə?! Olduqca ilginc bir görsənişdir: susanlarla kimsənin işi yoxdur; hamının işi susa bilməyənlərlə, danışanlarladır – hakimiyyətin də işi, dindarların da. Islam peyğəmbəri deyirdi: “Haqsızlıq önündə susan dilsiz şeytandır”. Rafiq Tağı haqsızlıq önündə susmayanlardan idi. Ən azı buna görə onun hansısa yanlışından keçmək, hansısa yanlışını bağışlamaq olardı. Bağışlamadılar, niyə? Bağışlamayanlar kimlərdir? Rafiq Tağıya dözümsüzlük göstərənlər ölkəni mənəviyyatsızlıq bataqlığına batıranlara niyə bir belə dözümlə yanaşırlar? Buradan açıq-aydın görünür: Rafiq Tağının başlıca, bağışlanmaz suçu onun haqsızlıq önündə susmamağında – şeytancasına davranış sərgiləməməsində idi.
Əliyevçi rejim rüşvət-korrupsiya yoluyla təhsil sistemini darmadağın etməklə ölkəni gerilikçi düşüncə burulğanına salıb – bu burulğanda yalnız tək-tək adamlar deyil, ölkənin özü bata bilər…