Müxalifət liderləri yazıçıya qarşı sui-qəsdə qiymət verdi
AXCP sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Əli Kərimli noyabrın 24-də “Media forum” saytına açıqlamasında yazıçı Rafiq Tağının ölümü ilə nəticələnən sui-qəsdə münasibət bildirib.
“Sifarişçinin kimliyi çox önəmlidir”
Əli Kərimli deyib ki, İctimai Palatanın Rafiq Tağıya qəsdlə bağlı bəyanatı var: “Biz öz mövqeyimizi rəsmən ifadə etmişik. Həmin mövqe mənim də bölüşdüyüm mövqedir. Amma bir daha vurğulamaq istəyirəm ki, Rafiq Tağının öldürülməsi ilə bağlı bir çox versiya var. Bu mərhələdə onların heç birini istisna etmək olmaz.
İstənilən halda Azərbaycan hakimiyyəti, hökumət hər şeyi etməlidir ki, bu cinayət tezliklə açılsın. Əgər bu cinayət də tezliklə açılmayacaqsa, o zaman Azərbaycan hökumətinə qarşı yönələn ittihamlar daha da artacaq. Çünki indiyə qədər ictimai-siyasi zəmində baş vermiş olayların, qətllərin üstü açılmayıb. Bu sırada jurnalist Elmar Hüseynovun, general Rail Rzayevin qətlini xatırlatmaq olar. Bu cinayətlərin açılmamısı Azərbaycan hökumətinə qarşı ittihamları, qınaqları daha da artırır. Ona görə də Azərbaycan hökuməti özü bu qınaqlardan, məsuliyyətdən yaxa qurtarmaq üçün tezliklə Rafiq Tağıya qarşı sui-qəsd də daxil olmaqla bütün qətllərin üstünü açmalı və cəmiyyətə bu barədə məlumat verməkdə maraqlı olmalıdır.
İstənilən halda Azərbaycan hökuməti vətəndaşların həyatına görə məsuliyyət daşıyır. Barəsində ağız dolusu danışdıqları sabitlik şəraitində ölkənin tanınmış ictimai xadimini qoruya bilməli idilər. Xüsusilə də ona qarşı hansısa təhlükənin olması məlum idi, yaradıcı fəaliyyətinin əvvəllər ona təhlükə yaratdığı bilinirdi. Hakimiyyət Rafiq Tağını qətlin qurbanı olmaqdan qorumalı idi.
Rafiq Tağını öldürənin məqsədi fərqli ola bilər. Burada ən müxtəlif məqsədlər ola bilər. Bu qətlin arxasında elə qüvvə dayana bilər ki, onun məqsədi ölkədə gərginlik yaratmaq olsun. Bu kimi halları istisna etmək olmaz. Onu da istisna etmək olmaz ki, bu qətli hər hansı fundamentalist özünün, yaxud kiminsə istəyi ilə həyata keçirib. Yaxud belə bir versiyaya inanmaq mümkündür ki, hakimiyyətin daxilindən hansısa qüvvə bunu həyata keçirib – bir tərəfdən islamçılara qaşı repressiyaların artmasına zəmin hazırlamaq, o biri yandan da bu gün daha kəskin çıxışları ilə tanınan yazarların, jurnalistlərin daxilində senzura yaratmaq üçün.
Rafiq Tağı kimin sifarişi ilə öldürülüb? Burada icraçı o qədər də önəmli deyil. Hətta qatil tapılsa da, ciddi araşdırma aparılmasa, cinayət işini açılmış hesab etmək olmaz. Rafiq Tağı məişət zəminində öldürülməyib. Burada sifarişçinin kimliyi çox önəmlidir. Ona görə də mən Azərbaycan hökumətini sürətli və şəffaf istintaqa çağırıram ki, ən azından öz üzərlərindən şübhələri götürə bilsinlər”.
“Cinayətin tezliklə açılıb qatillərin cəzalandırılmasını tələb edirik”
Müsavat Partiyasının başqanı, İctimai Palatanın Koordinasiya Şurasının üzvü İsa Qəmbər isə yazıçının qətli ilə bağlı “Media forum”a bunları deyib: “Noyabrın 21-də Müsavat Partiyası, ertəsi gün İctimai Palata Rafiq Tağının bıçaqlanması ilə bağlı bəyanat verib. Biz hər iki bəyanatda qeyd etmişik ki, müxtəlif versiyalar mövcuddur, bunların heç birini istisna etmək olmaz, onları ciddi araşdırmaq lazımdır, qatillər mütləq üzə çıxarılıb cəzalandırılmalıdır. Eyni zamanda onu da vurğulamışıq ki, hansı versiyanın həqiqət olmasından asılı olmayaraq hakimiyyət məsuliyyət daşıyır. Çünki ölkədə əmin-amanlığa, vətəndaşların toxunulmazlığına məsuliyyəti mövcud hakimiyyət daşıyır və daşımalıdır.
Nəzəri cəhətdən ən az ehtimal olunan versiya olayın şəxsi zəmində baş verməsidir. Lakin buna mən qətiyyən inanmıram. Sadəcə nəzəri cəhətdən səsləndirirəm. Digər bütün versiyalar bu və ya digər şəkildə Rafiq Tağının yazar missiyası, mövqeyi, publisistliyi, jurnalistliyi ilə bağlıdır. Ona görə də qətlin kim tərəfindən sifariş verilməsindən, həyata keçirilməsindən asılı olmayaraq bu, azad sözə, fikir və ifadə azadlığına qarşı qəsddir. Ona görə də biz bu cinayətin tezliklə açılıb qatillərin qanuni yolla cəzalandırılmasını tələb edirik.
Bu hadisənin nəticələrinə gəldikdə isə tarix sübut edir ki, belə hadisələr cəmiyyətdə qısamüddətli şok yaratsa da, insanların mövqeyini dəyişmir. Qorxanlar onsuz da qorxurlar, qorxmayanlar isə əvvəllər necə düşünürdülərsə, necə yazırdılarsa, elə o cür də fəaliyyətlərini davam etdirirlər, həqiqətləri yazırlar. Bu baxımdan mən cəmiyyətimizə, yazarlarımıza, intellektuallarımıza inanıram. Onların cəsarətli, həqiqətləri söyləməyə meylli hissəsi, öz düşündüklərini azad şəkildə ifadə eləməyə meylli hissəsi əvvəlki mövqelərində qalacaq və yenə də düzgün bildikləri həqiqətləri yazmaqda, deməkdə davam edəcək. Bu mənim bütün intellektual kəsimə aid proqnozumdur. Heç bir qatil, heç bir qətlin sifarişçisi Azərbaycan cəmiyyətini, onun ziyalılarını, intellektuallarını susdurmağa nail ola bilməyəcək”.


