Ekspertizanın ilkin rəyi əməliyyat qaydalarının pozulması ehtimalını da doğurur
Beynəlxalq aləm Rafiq Tağı ilə bağlı Azərbaycan hökumətinə çağırış etdi
Noyabrın 23-də müalicə olunduğu 1 saylı xəstəxanada qəfildən dünyasını dəyişən tanınmış yazıçı-publisist dünən Bakıdakı “Qurd Qapısı”ndakı qəbiristanlıqda dəfn edilib. Ailə üzvləri ilə yanaşı, jurnalistlər, yazıçılar, şairlər də dəfn mərasimində iştirak ediblər. Yazıçının ölümü anasından gizlədilib. Qardaşları bildiriblər ki, yazıçının nə bıçaqlanması, nə də ölümü haqda analarına heç nə deməyiblər. Onların fikrincə, yaşlı ananın ürəyi belə xəbərə tab gətirə bilməz.
“Son rəy analizlərdən sonra veriləcək”
Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev “Turan”a açıqlamasında yazıçının ölümünün səbəbini açıqlayıb. O deyib ki, Rafiq Tağı qarın boşluğuna işləmiş bıçaq yarasının fəsadı nəticəsində dalağın, mədəaltı vəzin quyruğunun zədələnməsi səbəbindən ölüb: “Peritonit inkişaf olub, atoniya baş verib və ölümlə nəticələnib. Yəni bıçaq yarasının ağırlaşması, bıçaq yarasının fəsadıdır. Bu, tibbi ekspertizanın ilkin rəyidir. Laboratoriya analizlərindən sonra isə son rəy veriləcək”.
Tibb elmləri doktoru Adil Qeybulla isə deyib ki, ekspertizanın rəyində peritonit qeyd edilibsə, deməli, qarın boşluğunun infeksion zədələnməsi əlaməti var. “Bu, əməliyyat vaxtı aseptik qaydaların pozulması, yaxud qarın boşluğu orqanlarının zədələnməsi nəticəsində möhtəviyyatın qarın boşluğuna tökülməsi ilə bağlı ola bilər. Peritonit fonunda bir qayda olaraq atoniya və dinamik bağırsaq keçilməzliyi inkişaf edir”.
Beynəlxalq qurumlar hökumətdən qətli təcili araşdırmağı tələb edir
R.Tağı ilə bağlı beynəlxalq qurumların reaksiyaları səngimir. ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç dünənki açıqlamasında yazıçı-jurnalist Rafiq Tağının ölümündən kədərləndiyini və cinayətkarların məsuliyyətə cəlb ediləcəyinə ümidlə yanaşdığını bildirib. Miyatoviçin bəyanatında deyilir ki, bu, mətbuata, söz azadlığına hücumdur və cinayət demokratiya naminə hərtərəfli araşdırılmalıdır: “Cinayətin motivi və cinayətkarların kimliyindən asılı olmayaraq bütün cavabdehlər məsuliyyətə cəlb olunmalıdır”.
ATƏT rəsmisi Azərbaycan hakimiyyətinin tez və hərtərəfli istintaq aparacağına ümidlə yanaşdığını vurğulayıb. Eyni zamanda 2005-ci ildə öldürülmüş jurnalist Elmar Hüseynovun qətlinin üstünün hələ də açılmadığını xatırladıb.
Dünən Sərhədsiz Reportyorlar Təşkilatı (Fransa) və Jurnalistləri Müdafiə Komitəsi (ABŞ) də yazıçı-publisistin ölümü ilə bağlı bəyanatla çıxış edib. “Sərhədsiz reportyorlar”ın bəyanatında deyilir: “Bir neçə bıçaq yarası alan Rafiq Tağının dörd gündən sonra ölməsi barədə xəbərlərdən sarsılmışıq. Rafiq Tağının ailəsinə və həmkarlarına öz dəstəyimizi bildiririk. Biz noyabrın 19-da ona qarşı baş vermiş sui-qəsdin hərtərəfli araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edirik”.
“Turan”ın məlumatına görə, Jurnalistləri Müdafiə Komitəsi də R.Tağıya hücum faktının hərtərəfli araşdırılmasını tələb edib. Təşkilatın nümayəndəsi Nina Oqnyanova bildirib: “Biz bütün qəlbimizlə Rafiq Tağının ailəsinin yanındayıq və onun qətlində günahkar olanların tapılıb cəzalandırılmasını Azərbaycan hakimiyyətindən tələb edirik”.
Iran Inqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı, hazırda Iran Islam Respublikası Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayiyə bağlı olan “Tabnak.ir” saytı noyabrın 24-də azərbaycanlı yazıçı Rafiq Tağıya sui-qəsddən yazıb. “Media forum”un məlumatına görə, “Azərbaycan Respublikasının Salman Rüşdisi öldürüldü” başlıqlı yazıda deyilir: “Rəsul əkrəmi (peyğəmbəri) təhqir etdiyi üçün Azərbaycan Respublikasında Salman Rüşdi adı ilə tanınan Rafiq Tağını dünən naməlum bir şəxs qətlə yetirdi. O, peyğəmbəri misilsiz təhqirlərinə görə Azərbaycan Respublikası əhalisinin nifrətinə məruz qalmışdı. Məhz buna görə də Azərbaycan əhalisi ayətullah Fazil Lənkəraniyə müraciət edərək onun haqqında rəyini soruşmuşdu. Həmin vaxt ayətullah Rafiq Tağını edama məhkum etmişdi”.
Salman Rüşdi Hindistan əsilli Böyük Britaniya yazıçısıdır. 1980-ci illərdə “Quran”dan bəhs edən “Şeytan ayələri” kitabına görə Iranda onun ölümünə fətva verilmişdi.
Xatırladaq ki, R.Tağı 2006-2007-ci illərdə “Avropa və biz” məqaləsinə görə həbsdə yatıb. 2006-cı il noyabrın 22-də iranlı din xadimi ayətullah Mürtəza Bəni Fəzl yazıçı Rafiq Tağının ölümünə fətva verib. Noyabrın 30-da Iranın daha bir din xadimi – ayətullah Məhəmməd Fazil Lənkərani də yazıçının ölümünə fitva verib.
“Bu cinayəti törədənin dinlə heç bir əlaqəsi yoxdur”
“Indiyə qədər Azərbaycanda dini zəmində qətl olmamışdı. Çox təəssüf ki, belə bir halla rastlaşdıq”. Bu sözləri “Media forum” saytına “Mənəvi Dünya” Ictimai Birliyinin sədri, Bakının Məşhədi Dadaş məscidinin imam-camaatı Şahin Həsənov yazıçı Rafiq Tağının ölümündən danışarkən deyib.
Ş.Həsənov qətllə bağlı birmənalı fikir söyləməyə çətinlik çəkdiyini vurğulayıb: “Qətli kim törədib, onu sifariş edənlər kimlərdir, hadisənin arxasında kimlər dayanır? Ilkin ehtimalım budur ki, bu işdə Azərbaycan cəmiyyətində iğtişaş yaratmaq istəyən kənar qüvvələrin – dindarlarla dövlət arasında münasibətlərin pozulmasını, ölkədə gərginlik yaranmasını istəyənlərin əli ola bilər. Bu cinayəti törədənin dinlə heç bir əlaqəsi yoxdur. Bu addım eyni zamanda Islamı ölkə vətəndaşlarının gözündən salmağa hesablanıb. Çünki bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da dinə maraq artır, insanlar dini dəyərlərə üz tuturlar. Sovet hakimiyyəti illərindən sonra Azərbaycan xalqı islamla tanışlıq mərhələsi yaşayır. Belə bir dövrdə dinimizi qaralamaq kimlərəsə sərf edir. Kimin törətməsindən asılı olmayaraq bu qətl təəssüf doğuran haldır.
Mən ümid edirəm ki, bu xoşagəlməz hadisədən hər kəs ibrət götürəcək. Eyni zamanda, dini məsələlərdə bir az həssas olmaq lazımdır. Bizim əsrlər boyu yaşatdığımız dəyərlərə həqarətlə yanaşmaq bəzən pis nəticələrə gətirib çıxarır.
Onu da yaddan çıxarmayaq ki, qadağaların artması əks tərəfin radikallaşmasına səbəb olur. Ona görə də azadlıqların tanındığı cəmiyyətlərdə belə hadisələr nadir halda baş verir, yaxud, ümumiyyətlə baş vermir”.
Ş.Həsənovun fikrincə, bu hadisədən sonra təcili olaraq din və dövlət arasındakı münasibətlərin tənzimlənməsi üçün addımlar atılmalıdır: “Inanclı insanların radikal kütləyə çevrilməməsi üçün onların haqqı tanınmalıdır, onlar özlərini bu ölkənin tam hüquqlu vətəndaşları kimi hiss etməlidirlər. Belə mövzularda polemikaların keçirilməsinə, hər kəsin öz fikirlərini açıq şəkildə söyləməsinə, ortaq məxrəcə gəlməsinə ehtiyac var”.
Xatırladaq ki, R.Tağı noyabrın 19-da Bakıda naməlum şəxs tərəfindən bıçaqlanıb. Noyabrın 23-də yazıçı müalicə olunduğu 1 saylı xəstəxanada vəfat edib. Son illər R.Tağının yazılarındakı dini tənqidlər bir sıra mübahisələr doğurub. 2006-2007- ci illərdə belə yazılarından birinə görə o, həbsdə yatıb. R.Tağının ölümünə səbəb olan bıçaqlanmanın da onun yazılarındakı dini motivlərlə bağlı olduğu güman edilir. Yazıçı özü isə ona olan qəsdin Iran və qloballaşma mövzusundakı son yazısı ilə bağlı olduğunu istisna etməmişdi.