Rafiq Tağı dəfn olundu

Noyabrın 19-da naməlum şəxslərin hücumuna məruz qalan və 4 gün sonra müalicə olunduğu xəstəxanada müəmmalı şəkildə vəfat edən yazıçı Rafiq Tağı ötən gün son mənzilə yola salındı. Səhər saat 11 radələrində yazıçının cənazəsi saxlandığı Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyindən mərhumun yaxınlarına verildi. Bundan sonra mərhumun cənazəsi yuyulması üçün “Göy məscid”ə, oradan isə Xətai rayonunun Ələddin Quliyev 2 A ünvanında yerləşən (Bakı Şəhər Baş Polis Idarəsinin yaxınlığında) evinə aparıldı. Rafiq Tağının yaşadığı evin qarşısında jurnalistlər, müstəqil yazarlar, yazıçılar və digər ictimai şəxslər toplaşaraq ona son borclarını verməyə, vidalaşmağa gəlmişdilər. Saat 13:40-da vida mərasimi yekunlaşdı və cənazə dəfn olunması üçün “Qurd qapısı” qəbiristanlığına aparıldı.

Hava şəraiti ilə bağlı yollarda avtomobillərin hərəkəti çətinləşdiyindən xeyli adam dəfndə iştirak edə bilmədi. Buna baxmayaraq, dəfn mərasiminə 50-yə yaxın şəxs qatılmışdı. 
“Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu belə bir hava şəraitində və şəhərdən kənarda yerləşən qəbiristanlığa dəfnə gələnlərə təşəkkür etdi. O, Rafiq Tağının unudulmaz şəxs olduğunu dedi.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev çıxışına Rafiq Tağının həbsini yada salmaqla başladı: “O vaxt onu hədələdilər və bir ilə qədər azadlıqdan məhrum etdilər. Onun yazdıqları bu gün də aktualdır. Rafiq bəyin dedikləri, Avropa ilə bizim aramızda olan fərq burda çox gözəl görünür. Söhbət şaxtadan, soyuq havadan getmir. Söhbət cəmiyyətin soyuqluğundan gedir. Bu gün böyük bir insan aramızdan gedib. Biz bilirik ki, o hansı yolu tutub və hansı idealların uğrunda öz həyatını qurban verib. Mən iki gün öncə onunla bu barədə söhbət elədim. Mənə dedi ki, özünü qoru. Cavab verdim ki, bizi Allah qorusun. Hər birimiz bir yol gedirik və bu yol harda qırılacaq, bunu Allah bilər. Ona görə də bu barədə fikirləşmək yox, sadəcə o yolu getmək lazımdır. Biz bu yolda sona qədər davam edəcəyik. Rafiq Tağının ”Avropa və biz” məqaləsində qoyulan məsələlər ümumbəşəri məsələlərdir. Söhbət ondan gedir ki, biz istərdik bu ölkədə ümumbəşəri dəyərlər bərqərar olsun. Istər islam, istər xristian – fərq etməz. Allahı tanıyanlar bu ölkədə bərqərar olsunlar. Söhbət ondan gedir. Mən bu yola davam edəcəm. Bura yığışanların hamısı mənimlə həmrəy ola bilərlər ki, biz bu yolu gedəcəyik. Rafiqin qanını yerdə qoymayacağıq”.
RATI rəhbəri Emin Hüseynli Rafiq Tağının Beynəlxalq Cəzasızlıqla mübarizə günündə dünyasını dəyişdiyini dedi: “Noyabrın 23-ü 200-ə yaxın ölkənin jurnalist təşkilatlarının təsis elədiyi bir gündür və bu gündə dünyada jurnalistlərin qətllərinə etiraz olaraq bir çox şəhərlərdə mitinqlər keçirilir. Təəssüf ki, belə bir gündə Rafiq müəllimi itirdik. Əminəm ki, Rafiq Tağı məhz bu gündə dünyasını dəyişməklə bir daha bizə göstərdi ki, cəzasızlıqla mübarizəni davam etdirmək lazımdır. Biz də burda söz veririk ki, ən azı hər il noyabrın 23-də Beynəlxalq Cəzasızlıqla mübarizə günündə Rafiq Tağını xatırlayacağıq. Onun qətlinin icraçılarını və sifarişçilərini gec-tez tapıb, ədalət mühakiməsinin qarşısına çıxaracağıq”.
Jurnalist Rey Kərimoğlu isə Rafiq Tağını qətlə yetirənlərin Allahsız, dinsiz, namussuz və vicdansız insanlar olduğunu söylədi.

Ramin DEKO