Putinin hakimiyyətə qayıdışı ölkəni fəlakətə aparacaq

Vəfa Quluzadə: “Rusiya uçuruma doğru gedən və idarəetməni itirən qatara bənzəyir”

Rusiyada növbəti prezident seçkilərində “Vahid Rusiya” partiyasının namizədi kimi yenidən baş nazir Putinin iştirak qərarı birmənalı qarşılanmayıb. Daha çox avtoritar lider kimi tanınan Putin artıq ciddi tənqidlərə də məruz qalır. Rusiyalı politoloq, Putinin prezidentliyi dövründə siyasi texnoloq kimi tanınan Qleb Pavlovski baş nazirin yenidən prezident olmaq arzusunu strateji cəhətdn səhv addım kimi qiymətləndirib. Onun sözlərinə görə, Putinin üçüncü prezidentlik müddəti Rusiyada sabitlik üçün ciddi təhlükədir.
Oxşar fikirlərlə SSRI-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov da çıxış edib. O bildirib ki, Putin-Medvedev birliyi hakimiyyətdən getməsə, dövlət çox ciddi zərbə ilə üzləşə bilər.
Putinin növbəti dəfə prezident seçiləcəyi şübhə doğurmur. Bəs bu halda Rusiyanı hansı təhlükələr gözləyə bilər?  
Politoloq Vəfa Quluzadənin fikrincə, Medvedev-Putin birliyi Rusiya kimi ölkə üçün ciddi rəhbərlik deyil. Çünki Rusiyanı idarə edənlər tərəfindən prezident postuna gətirilən Putinin, daha sonra isə Medvedevin prezidentliyi dövründə ölkənin ciddi problemlərinin heç biri həll olunmayıb. Rusiya yalnız neft hesabına dolanıb. Neftin qiyməti aşağı düşəcəyi təqdirdə, ölkə fəlakət qarşısında qalacaq: “On il prezidentlik dövründə Putin heç nəyi dəyişməyib. Onun reytinqinin yüksək olması isə sadəcə təbliğat idi. Indi məlum olur ki, bu reytinq nə idi”.
Ekspert artıq Rusiya cəmiyyətində Putinin nüfuzunun aşağı düşdüyünü da qeyd etdi: “Iştirak etdiyi qaydasız döyüş zamanı onu fitə basanlar nümayiş etdirdilər ki, reytinqi yüksək deyil. Bundan sonra o, kortəbii surətdə yığışan camaat arasına çıxmayacaq. Çünki yenə fitə basılacaq. Yalnız kiçik dairələrin yığıncaqlarını televiziyada yayacaqlar”.
Ekspertin sözlərinə görə, Rusiya uçuruma doğru gedən və tamamilə idarəetmə qabiliyyətini itirən qatara bənzəyir. Bu qatarı saxlamaq mümkün olmayacaq. Putinin özünü növbəti dəfə prezident seçdirməsi isə rus cəmiyyətində mənfi qarşılanacaq. Çünki bu halda xalqın rəyi nəzərə alınmır. Bütün bunlar da böyük siyasi faciələrə aparır: “Putin heç vaxt siyasətçi olmayıb. Rusiya kimi çətin, ağır, ziddiyyətli bir ölkəni bataqlıqdan çıxarmaq üçün böyük komanda lazımdı. Hələlik Rusiyada bu işə qurşanan olmayıb. Ölkəni neft pulları hesabına diriltmək mümkün deyil. Iqtisadiyyat yaradılmayıb. Putinin bunun üçün proqramı yoxdu. Onun hərbi sənayeni inkişaf etdirməyi Rusiya üçün dalana dirənmək deməkdi. Rusiyada ya partlayış olacaq, ya da bacarıqlı gənclər ölkəni tərk edəcək. Bununla ölkə daha da çökəcək”.
V.Quluzadə Putinin qeyri-adi hərəkətlərini də ucuz populizm kimi qiymətləndirdi və bunun ona kömək etməyəcəyini vurğuladı: “Putinin Baykal gölünün dibinə düşməsi, baykerlərlə motosiklet sürməsi, hokkey oynaması ucuz populizmdi. Əgər o Stalinə pərəstiş edirsə, heç olmasa onun stilinə baxardı. Stalin nə motosiklet minib, nə dənizə düşüb, nə hokkey oynayıb. Ciddi şəkildə öz diktator siyasəti ilə məşğul olub. Putinin qaydasız döyüşlərə getməsi böyük səhv idi. Çünki bu döyüşlər bir çox ölkələrdə qadağan olunub. Bu cür tamaşalara ləyaqətli tamaşaçılar getmir. Heç olmasa seçkilərə qədər bu cür ucuz addımlar atmasın. Çünki hər atdığı addım əleyhinə çevriləcək”.
Fizzə