“Günəşli”dən ölkəyə səpələnən atəş – Qubadan Cəlilabadadək… REPORTAJ

neftci-xatire“Günəşli” yatağının 10-cu platformasında baş verən yanğın nətciəsində itkin düşənlərin axtarışı davam edir.

“Axtarışlara FHN-in daha dörd və Sərhəd Mühafizə xidmətinin iki helikopteri, beş gəmisi cəlb edilib”. Bunu “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov mətbuat konfransında deyib. O bildirib ki, axtarışlar üç istiqamətdə – suda, havada və geofizika dalğıc gəmisi ilə aparılır. Bundan başqa sualtına aparatlar buraxılıb. 

“Saat 11:00-a olan məlumata görə, axtarışlar bir nəticə verməyib. Amma helikopterlərin və gəmilərin axtarışlarda iştirakı bizə ümid veriri ki, itkin düşən neftçiləri tezliklə tapaq”.

***

“Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində həlak olan neftçilər Mayılov Samir Cahangir oğlu və Mahmudov Ağa İzzət oğlu bu gün dəfn olunublar.

31 yaşlı S.Mayılov Qubanın Alpan, 47 yaşlı A.Mahmudov Xaçmazın Köhnə Xudat kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimlərində SOCAR-ın, rayon icra strukturlarının nümayəndələri, neftçilərin yaşadığı ətraf kəndlərin sakinləri iştirak ediblər.

Mərhum A.Mahmudovun 14 və 17 yaşlarında iki oğul övlad atası olub. O, 15 ildən çox idi ki, neftçi kimi çalışırdı. Neftçi S.Mayılov isə 2004-cü ildən neftçi kimi fəaliyyət göstərib. Mərhumun 8 və 9 yaşlarında iki övladı var (Region TV).

***

“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğında itkin düşən neftçilərdən biri də İman Qasımovdur.

İman Qasımov 32 il neft mühəndisi vəzifəsində çalışıb. 4 övladı var. Hadisə baş verən gün baba olub.
Lider TV neftçinin ailəsindən reportaj hazırlayıb.

Qeyd edək ki, dünən İ.Qasımovun həyat yoldaşına yazdığı son mesajlar hər kəsi göz yaşına boğub. O, mesajlarında həyat yoldaşı ilə vidalaşıb və “Arzu, mən getdim, salamat qal” yazıb.

https://www.youtube.com/watch?v=5oPJHIhNWSw

***

“Günəşli” neft yatağının 10-cu platformasında baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən biri də Mingəçevir şəhər sakini İnqilab Osman oğlu İsgəndərovdur.
İnqilab İsgəndərov 10 ildir ki, neftçi işləyir. Mingəçevir Dövlət Unveristetinin avtonəqliyyat fakültəsini bitirən İnqilab İsgəndərov növbəti dəfə noyabrın 19-da işlədiyi neft yatağına yollanıb. Iki övladı və həyat yoldaşı ilə vidalaşıb. Anası, 81 yaşlı Qəmər xanımdan xeyir-dua alıb. Noyabrın 29-da 58 yaşını elə iş yerində qeyd edib Ailə üzvləri ilə zəngləşib, onların təbriklərini qəbul edib. İ.İsgəndərov sonuncu dəfə dekabrın 3-də ailəsi ilə əlaqə saxlayıb və tezliklə görüşəcəklərini deyib.
”3-ü günü onunla danışmışdıq, sağ-salamat idi. Dedi ki, 1-2 günə gəlirəm. Sonra 4-5-i əlaqə saxlaya bilmədik. Zəng etdik telefonuna zəng çatmadı. İndiyə kimi də telefonuna zəng edirəm, zəng çatmır” – deyə İnqilab İsgəndərovun həyat yoldaşı Təranə İsgəndərova bildirib.
İndi İnqilab İsgəndərovun oğlu itkin düşənlər arasında olan atasından soraq almaq məqsədi ilə bir neçə gündür Bakıdadır. Digər ailə üzvləri də ondan xəbər gözləyirlər: “Ananın arzusu nə olar, canımı verərəm, oğlumu versinlər” deyə İnqilab İsgəndərovun anası Qəmər İsgəndərova vurğulayıb.

İnqilab İsgəndərovun qohumları və qonşuları da onların evinə gəlir, hər an xəbər alacaqlarını gözləyirlər. (Region TV).

***

Baş vermiş qəzadan sonra itkin düşənlərdən biri də Cəlilabad rayonunun Abışabad kənd sakini 48 yaşlı Vəli Cəriyevdir.

Vəlinin yolunu Abışabadda hamı gözləyir. Ailə üzvləri, doğmaları, övladları, bütün kənd sakinləri. Oğlanları 13 yaşlı Qismət və 11yaşlı Qamətin gözləri yolda, qulaqları isə səsdədir.

Dünən ad gününü qeyd etmiş Qismət inanmaq istəmir ki, dekabrın 6-da evdə olmağa, ona ad günü hədiyyəsi almağa söz verən atası vədinə dönük çıxa.

“Dünən səhərə kimi yatmayıb ki, atam mənim ad günümdə gəlməlidir. Mənə söz verib, yerinə yetirməlidir. Ataları elə idi. Ürəyi körpə uşaqdan da zərif idi”, – deyə itkin düşənin bacısı Şirinxanım Cəriyeva bidirib.

Vəli Cəriyev 4 ildən çox idi ki, dəniz buruqlarında qaynaqçı işləyirdi. Ayın 15 günü dənizdə, yarısını isə ailəsinin yanında kənddə keçirərdi. 

Hadisədən 20 dəqiqə əvvəl oğlunun zənginə cavab verəndə tufanın başlandığını, ölümlə olum arasında qaldıqlarını da xəbər vermişdi ailəsinə.

“Danışdı, dedi ki, burada qırğındı. Zəng etməyin. Kolonlar aşdı. Gələ bilmədim. Daha mənə zəng etməyin. Ondan sonra nə qədər zəng etsək də cavab vermədi. Bununla da qurtardı”, – deyə həyat yoldaşı Səidə Əliyeva qeyd edib.

Hadisədən üç gün keçsə də, doğmalarında Vəlinin qayıdacağına qəribə inam var. Allahdan ümidini üzməyənlərin duaları isə bütün itkinlər üçündür.

***
“Günəşli” platformasında neftçiləri xilas edərkən ölən xilasedici, 1981-ci il təvəllüdlü Fuad Tahir oğlu Tağıyev bu gün son mənzilə yola salınıb.
Virtualaz.org saytının əməkdaşları F.Tağıyevin yas mərasimində iştirak ediblər.
Atası Tahir Tağıyev qəhərdən danışa bilmir:“Sentyabrda qızı doğulub. İndi iki aylıq körpənin üzünə necə baxım? Onun 3 balasını necə ovundurum? Dünəndən balamla vidalaşırıq. İndi öz yaşadığı evə apardıq, son dəfə orada olsun. Dənizə gedərkən vidalaşdı, elə bil heç vaxt qayıtmayacağını bilirdi”.
Qardaşı Hüseyn Tağıyev isə deyir ki, Fuad istəsəydi xilas ola bilərdi: “Axşam saat 9-da zəng vurdum, telefonunu iş yoldaşı açdı. Dedi ki, Fuad yanımdadır, amma vəziyyət pisdir, neftçiləri xilas etmək lazımdır. Fuad axşama kimi sağ olub. Fuadla birgə cəmi iki xilasedici olub. Partlayış baş verən kimi rezin qayıqları açıblar, neftçilərin qayığa minməsinə kömək ediblər. Sağ qalan neftçilər bizə dedilər ki, Fuad iki nəfəri xilas edib. Birinci qayığa minməyib, ikinci qayığa minib. Sonra qayıq qəzaya uğrayıb”.
Söhbətə dostu qatılır: “Fuad 10 ildir “Günəşli” platformasında xilasedici işləyir. Orada hər günü riskli idi. Hamı ilə görüşürdü, elə bil öləcəyini bilirdi. Dənizdə, o şəraitdə xilasedici olmaq çox çətindir”.
Qardaşı Hüseyn isə deyir ki, Fuad işini itirməkdən çox qorxurdu: “Ötən dəfə qəza baş verərkən hadisə yerini tərk etmişdi. Buna görə də fikir edirdi, “gərək ən sonuncu mən çıxaydım” deyirdi. İşini itirməkdən çox qorxurdu. 3 uşağı var, böyük övladı 10 yaşındadır, kiçiyi isə 2 aylıqdır. Nə qədər çətinlik görmüşdü, amma işini itirməkdən elə qorxurdu ki, sanki bununla da hər şey bitəcəkdi. Deyirdi ki, uşaqları saxlamaq lazımdır”.
Fuad onu da deyirmiş ki, bizim hər günümüz ölümdür: “Buna görə də bilərəkdən ölümə gedirəm”.
Sağ qalan neftçilər isə Fuadın ailəsi ilə əlaqə saxlayıb, minnətdarlıq edirlər.
Fuad Tağıyevin anası ötən il dünyasını dəyişib. Fuadı anasının yanında dəfn etmək istəyiblər, amma qəbirstanlıqda yer tapmaq problem olub.
Fuad bu gün Bülbülə qəbirstanlığanda dəfn olundu.
…Hüseyn göz yaşları içində “Atam da, anam da neftçi idi. Fuad onların yolunu davam etdirmək istəyirdi, neftçi kimi də öldü” deyir…

***

“Günəşli” yatağında baş verən yanğın hadisəsi zamanı həlak olmuş 1965-ci il təvəllüdlü İsgəndərov Habil Tağı oğlunun yas mərasimi keçirilir. Musavat.com saytının hadisə yerində olan reportyorunun verdiyi məlumata görə, yas yerində mərhumun iş yoldaşları, SOCAR-ın bəzi nümayəndələri iştirak edirlər.


***

Dekabrın 4-də “Günəşli” neft yatağındakı yanğın zamanı itkin düşən neftçilərin bir neçəsinin meyitləri artıq tapılaraq ailələrinə təhvil verilib. Onlardan biri – Mikayıl Babayev dekabrın 7-də ailəsinə verilib və ayın 8-də dəfn edilib.
M.Babayevin qohumları bildiriblər ki, o, dekabrın 8-də dənizdən növbədən qayıtmalı idi…
M.Babayev on ilə yaxındır ki, neftçidir. Əlli iki yaşlı neftçinin iki övladı var. Kiçiyinin altı yaşı var. “Həyat yoldaşı da işləmir. İndi ailənin durumu necə olacaq?”,- deyə yaxınları sual edirlər. Bildirilir ki, onlar bir neçə ildir paytaxtın Bakıxanov qəsəbəsində yerləşən neftçilərin təmirsiz, hətta qəzalı vəziyyətdə olan yataqxanasında yaşayırlar (Musavat.com).