Şeyx Irəvan səfərinin şərtini açıqladı

Allahşükür Paşazadə razılıq verməzdən əvvəl imzalanacaq dördtərəfli sənədlərlə tanış olmaq istəyib

Qafqaz Müsəlmanları Idarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının paytaxtı Moskvada səfərdə olarkən onun Irəvana səfəri məsələsi də müzakirə olunub.
QMI-dən APA-ya verilən məlumata görə, A.Paşazadə MDB Dinlərarası Şurası Rəyasət Heyətinin bu il noyabrın 29-30-da Irəvanda keçiriləcək iclasının proqramı ilə tanış olub. Proqramdan məlum olub ki, Irəvanda keçiriləcək toplantı çərçivəsində QMI sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün rusların patriarxı Kiril, Ümumgürcüstan patriarx-katolikosu II Ilya və bütün ermənilərin katolikosu II Qaregin arasında imzalanması nəzərdə tutulan dördtərəfli sənədlərin layihələri hazırlanıb. Şeyxülislam Allahşükür Paşazadə imzalanması nəzərdə tutulan sənədlərin layihələri ilə tanış olmaq istədiyini, yalnız bundan sonra Irəvana səfər edib-etməməklə bağlı qərar verəcəyini bildirib. Sənədlərin layihələri yaxın günlərdə QMI-yə çatdırılacaq.