Türkiyə ilə “viza düyünü” yenidən gündəmdə

elxan-shahinogluElxan Şahinoğlu: «Viza rejiminin ortadan qaldırılması münasibətləri daha da inkişaf etdirə, siyasi və iqtisadi əlaqələri dərinləşdirə bilər»

Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş Azərbaycanla Türkiyə arasında olan viza problemini yenidən gündəmə gətirib. O, Azərbaycanın qardaşlığını, dostluğunu Rusiya ilə gərginik yaranandan bəri göstərdiyini deyib. “Azərbaycan Rusiya türk yük maşınlarının keçişinə əngəl törətdiyi üçün sərhəddə gözləyən 300 TIR-in təhlükəsizlik keçidini təmin edib”.

M.Elitaş tranzit daşımalarında əldə edilən endirimlərin də yaxın zamanda tədbiq ediləcəyini açıqlayıb. “Viza ilə problemlər var idi. Onlar da düzələcək. Azərbaycan ilə aramızdakı səmərəli ticarət anlaşması baş nazirimiz və prezidentimizin təlimatı ilə sürətləndiriləcək”.

Artıq bununla neçənci dəfədir ki, Azərbaycanla Türkiyə arasında viza problemi gündəmə gətirilir. Amma əvvəllər Azərbaycan bu istiqamətdə bir sıra bəhanələr gətirirdi. Onlardan biri Türkiyəyə qarşı sadələşdirilmiş viza rejimi tətbiq ediləcəyi halda Iranın da eyni istəkdə bulunacağı ilə bağlıydı. Amma hazırda regional situasiya tam fərqlidir. Bəs son şərtlər nəzərə alınarsa, Azərbaycan hansı seçimi edə bilər?

Hazırda Türkiyənin yeni bazarlar axtardığını deyən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğuladı ki, Davudoğlu Bakıda olarkən yükdaşımaları ilə bağlı məsələni xüsusi gündəmə gətirdi: “Əslində Türkiyə ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi yenidən aktuallaşıb. Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinin fonunda Türkiyə yeni bazarlar axtarışındadır. Davudoğlunun Bakıya səfərinin məqsədləri nələr idi? Rusiya ilə daşınması dayandırılan yüklər Azərbaycan üzərindən daşınmağa başlandı. Bu barədə razılıq əldə olundu. Bu, Azərbaycanın statusunu artıran, tranzit ölkəyə çevirən məqamdır. Eyni zamanda Bakı-Qars layihəsi tezləşdiriləcək ki, bu da Azərbaycanın xeyrinədir”.

E.Şahinoğlunun sözlərinə görə, daha bir mühüm məqam TANAP layihəsinin tezləşdirilməsi ilə bağlıdır. Çünki “türk axını” dayandırıldığından Türkiyəyə təcili qaz lazımdır: “Bütün bu məqamların qarşılığında viza rejiminin sadələşdirilməməsi doğru olmazdı. Əksinə, indi viza rejiminin ortadan qaldırılması münasibətləri daha da inkişaf etdirə, siyasi və iqtisadi əlaqələri dərinləşdirə bilər”.

Xəyal