Ola bilsin, riyaziyyatçı olduğuna görə mən Fikrət Əliyev adında akademik tanımıram. O da ola bilsin, Fikrət Əliyev gerçək akademik olmadığından mən onu tanımıram. Kimdir suçlu? Bilmirəm. Di gəl, bunu yaxşı bilirəm: Rusiyada riyaziyyatçı akademik var: Iqor Şafareviç. Uzun illərdi mən onun yazılarını ayrıca maraqla oxuyuram. Özüm də riyaziyyatı bilməyə-bilməyə, riyaziyyatdan başım azacıq da olsa çıxmaya-çıxmaya. Məndə Iqor Şafareviçin bir çox yazıları var: jurnal-qəzet yazıları. Hərdən olur, görürsən, o yazıların hansınısa götürüb yenidən oxuyuram. Özü də bir daha deyirəm: ayrıca maraqla.
Kimlərsə mənim bu “bir daha”, “ayrıca maraqla” deməyimdə yalan, ironiya axtara bilərlər: sözsüz, “riyaziyyatdan başım çıxmır” dediyimə görə. Düz düşünürsüz, riyaziyyatdan başı çıxmayan kimsə hansısa riyaziyyatçı akademikin yazılarını bir yol da yox, dönə-dönə, “ayrıca maraqla oxuyuram” deyirsə. Ancaq siz mənə inanmalısız, özü də kəsinliklə inanmalısız; axı, mənim Iqor Şafareviçdən oxuduğum yazılar riyaziyyat yazıları deyil. Iş burasındadır: Iqor Şafareviç millətçi-akademikdir. Onun riyaziyyatla bağlı olmayan yazıları da matuşka Rusiyanın dünəni, bugünü, gələcəyi ilə bağlı millətçi yazılardır. Allaha and olsun, Ramiz Mehdiyevin ətəyindən yapışmaq yoluyla akademik olmuş Fikrət Əliyev çox demirəm, bir neçə millətçi yazı yazmış olsaydı, mən onu çoxdan tanıyardım. Ancaq… tanımıram. Bundan belə tanımaq da istəmirəm.
Bundan belə onu tanımaq da istəmirəm – özünü yerdən yerə vurub akademik Rafiq Əliyevə TANIMAMAQ görsənişi sərgilədiyinə görə yox. Bu antiSaxarov, antiSoljenitsın görsənişi sərgiləməsilə o, ANTIMILLI, ANTIDEMOKRATIK rejim qulluqçusu olduğunu utanıb-qızarmadan, açıq-açığına ortaya qoydu. Belə əldəqayırma “akademikdən” bizdə necə çox olduğunu biz indi bildik – burası da öz yerində. Məndə bu adama antipatiya onun bir sıra alim-akademiklərə “Ramiz Mehdiyevin elmi məqalələrini, kitablarını oxuyun” buyruğundan yarandı. Belə görünür, bu adam R.Mehdiyevin “elmi məqalələrini, kitablarını” OXUMAQLA alim-akademik olub. Iqor Şafarefiçin öyrətməni akademik V.I.Vernadski, Fikrət Əliyevin öyrətməni administrator-akademik R.Mehdiyevdir.
V.I.Vernadski yazırdı: “Ellik anlaşma olmayan yerdə hakimiyyətin düzgün çalışmaları ağlasığmazdır”. Indi gəl, sən bu aksiomaya bizim F.Əliyevsayağı “akademiklər”i inandır. Gətirilən alıntı Vernadskinin “Yaşamın özülü – gerçəklik axtarışı” əsərindəndir. F.Əliyev başda olmaqla bizim bir çox akademiklər “Yaşamın özülü – yalan yolçuluğu” kimi əliyevçi siyasi (bir az da elmi) sistem daşıyıcıları olduqlarından, gerçəklik axtarışında buluna bilməzlər. Elə olsaydı, onlar da Rafiq Əliyevin yolunu gedərək gerçəyi görüb göstərmək MƏNLIYI sərgiləyərdilər. Administrator-filosof yandaşları-yoldaşları bunu edə bilməzlər, çox saya bir nədənə görə: filosofdan administrator, aministratordan filosof olmaz – buna görə! Bir var Asif ata kimi görməzləri gördürən gerçək filosof, bir də var Ramiz Mehdiyev kimi görənləri görməz günə qoyan administrator-filosof : birincilər Tanrısal ideyalara, ikincilər Heydər Əliyev ideyalarına bağlı kimsələrdir.
R.Mehdiyevin kitabına gəlincə, onun öz əlilə, özünün gerçək ideyalarına uyğun olaraq yazılmış bir başlıca kitabı var: bugünkü Azərbaycan. Ancaq bu kitabı o, tək yazmayıb, ötən yüzilin 70-ci illərindən bu yana H.Əliyevlə birgə yazıb. Yol qıraqlarında yazırlar: “Müasir Azərbaycan Heydər Əliyevin əsəridir”. Buraya kəsinliklə R.Mehdiyevin adı da artırılmalıdır. Bugünkü, rüşvətə, korrupsiyaya, oğurluğa, soyğunçuluğa, monopoliyaya, bütün bunların sonucu olaraq REPRESSIYALARA bürünmüş Azərbaycan başlıca olaraq onların ikisinin əsəridir. Oxuyan gəlsin! Bu, eləcə kitab deyil, xalqa yağı böyük, bütöv diktatura məktəbidir.