Keçmiş həyat yoldaşı İvanişvilini biabır elədi

ivanishviliGürcüstanın baş naziri dələduzluqda, saxta sənədlərlə Fransa hökumətini aldatmaqda ittiham olunur

Gürcüstanın sabiq baş naziri, milyarder Bidzina İvanişvilini keçmiş həyat yoldaşı dələduzluqda ittiham edir.

“İstəyirəm ki, onu boşanmadakı fırıldaqçılığına görə cəzalandırsınlar. Çünki məhkəmədə mənim əvəzimə başqa bir adam iştirak edib”, – deyə İvanişvilinin keçmiş xanımı İnqa Pavlova “Rustavi 2” telekanalında efirə gedən verilişdə bildirib.

İnqa Pavlovanın sözlərinə görə, İvanişvili boşandıqdan sonra da onun ad-soyadından istifadə edərək, Rusiyada dələduz fəaliyyətini davam etdirib: “2011-ci ildə o, siyasətə qoşulmaq qərarı verəndə mən onu televizorda gördüm. Bu xəbər məni şoka saldı. Boris çox qapalı şəxsiyyət idi, müsahibə verməyi, bu qəbildən olan fəaliyyətləri, həmçinin rəsmi çıxışları xoşlamırdı. Yəni daha çox qeyri-rəsmiliyə üstünlük verirdi. Və birdən-birə televiziya vasitəsilə xəbər verdilər ki, o, siyasətə gəlir. Bu, mənim üçün gözlənilməz oldu.

O, seçkidə qələbə qazanıb baş nazir olanda onu təbrik etmək barədə fikirləşdim. Eyni zamanda, həm də ondan soruşmaq istəyirdim ki, mənimlə evlənərkən artıq onun evli olduğu barədə deyilənlər doğrudur? Açığı, onun məndən əvvəl evli olduğuna inanmırdım. Mən köməkçisi Kaxa Kaladze vasitəsilə onunla əlaqə saxlamağa çalışdım. Onun telefon nömrəsini öyrənmək üçün daha çox cəhd göstərmək lazım gəldi. Mən uzun müddət zəng elədim və nəhayət, şəxsən baş nazir Bidzina İvanişvili ilə danışmaq imkanı yaratdılar. Həmin danışıq zamanı bildirdi ki, gələn həftə zəng eləyəcək.

Bir həftə sonra ona zəng eləyəndə mənimlə danışmaq istəmədi. Mən çox pis oldum. Başa düşdüm ki, o, bədbəxt adamdı. İstəyirəm ki, onu boşanma prosesindəki dələduzluğuna görə cəzalandırsınlar. Çünki məhkəmədə mənim rolumda başqa birisi iştirak edib”.

Keçmiş xanımı deyir ki, onun əlində İvanişvilinin fırıldaqçı olduğunu sübut edən başqa sənədlər də var. Həmin sənədləri jurnalist Vladimir İvanidzedən alıb: “İvanidze ilə söhbətə qədər bilmirdim ki, İvanişvilinin katibəsi Polyakovanın 1994-cü ildən 2007-ci ilə mənim adıma şirkəti olub. Kiminsə Moskvada mənim sənədlərimdən istifadə etməsi gözlənilməz idi. Eyni zamanda, iki bankda adım əməkdaş kimi qeydə alınıb. İvanidze sənədləri təqdim edən kimi mən hər iki məsələ ilə bağlı müvafiq qurumlara müraciət etdim. Bildirdim ki, şirkətin sahibi mən deyiləm. Həmçinin mən Rusiyada olmamışam, xaricdə yaşamışam, mən necə banklarda işləyə bilərdim?”.

İnqa Pavlova iddia edir ki, İvanişvili və ikinci xanımı Xvedelidze Fransa hökumətini də aldadıb, onlar vergidən yayınmaq üçün saxta sənədlərdən istifadə ediblər: “Bizim nikahımızın pozulmasından düz iki gün sonra Fransada daha iki şirkət təsis olunub. Vladimir İvanidze bu sənədləri də mənə təqdim etdi. Hər iki şirkət 20 may 1994-cü ildə yaradılıb. İvanişvili öz əmlakını bu şirkətin adına rəsmiləşdirib. Ən əsas məsələ, bu sənədlərdə yazılıb ki, guya, o, heç vaxt evli olmayıb. Eka Xvedelidze isə özünün biznes tərəfdaşı kimi göstərib. Halbuki, 1994-cü ilin mayında ondan artıq uşaq gözləyirdi”.

İnformasiya şöbəsi