“Mənsuri də yad etməliyik dari-fənadə…”

Ziyalılığın böyük örnəyi Səməd Mənsur
XX əsrin əvvəllərində Azərbaycan mətbuatı və ədəbiyyatı tarixində Səməd Mənsurun bir şair və publisist kimi özünəməxsus yeri olmuşdur. O, dövrün müxtəlif mətbuat orqanlarında ictimai-siyasi məzmunlu məqalələrlə, bədii publisistik yazılarla, satirik şeirlərlə və felyetonlarla çıxış etmişdir. Səməd Hacı Əhməd oğlu Kazımzadə (Kazımov) 1879-cu ildə Bakıda doğulub. Rus-müsəlman məktəbində təhsil alıb. Rus, ərəb və fars dillərini mükəmməl bilib. Bir müddət müəllimlik edib, Bakıda “Səfa” cəmiyyətinin məktəbində çalışıb.
Klassik ədəbiyyatın mükəmməl bilicilərindən olan Səməd “Mənsur” təxəllüsü ilə şeirlər yazıb. “Bəsirət”, “Iqbal”, “Tuti”, “Səfa”, “Molla Nəsrəddin” kimi dövrün tanınmış mətbu orqanlarında satirik şeirləri “Səməd Mənsur” imzası ilə çap olunub. Bakıda çap olunan mütərəqqi fikirli “Şeypur” jurnalının naşiri olub.
S.Mənsur universitet təhsili almayıb. Şair bu haqda sonralar yazırdı: “Çox gənc ikən on beş-on altı yaşlarımdan kəndi zəhmətlərim sayəsində yaşamağa başladım. Savadsız, məlumatsız meydana atıldım… Daima yazılar ilə, kitablar ilə uğraşardım”.
Onun milli teatr tariximizdə də özünəməxsus izi var. Aktyorluq fəaliyyəti ilə yanaşı, pyeslər yazıb, tamaşalar hazırlayıb, tərcüməçilik edib.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Səməd Mənsur müxtəlif təsərrüfat işlərində çalışıb, Xalq Komissarları Sovetində, respublika Plan Komitəsində işləyib.
Azərbaycanın məşhur təkamül qurumlarından olan “Səfa” mədəni-maarif cəmiyyəti 1910-cu ildə yaradılıb. Iki il sonra cəmiyyətin teatr bölməsi təşkil edildikdə rəhbərlərindən biri də Səməd Mənsur olur. O, truppanın aktyor heyətinin təkmilləşməsində, repertuar siyasətinin formalaşmasında, aksessuarların toplanmasında son dərəcə səmərəli işlər görüb.
15 noyabr 1913-cü ildə “Səfa” Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini Tağıyev teatrı binasında yubiley edəndə, təntənənin əsas təşkilatçısı Səməd Mənsur idi. Yubiley gecəsi Cahangir Zeynalovun rejissorluğu ilə göstərilən “Yağışdan çıxdıq, yağmura düşdük” (“Hacı Qəmbər”) tamaşasında tacir Hacı Salman rolunu Səməd Mənsur oynayıb.
Müəyyən vaxtlarda “Nicat” cəmiyyətinin truppasında və “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti” teatr dəstəsinin tamaşalarında da rollar oynayan Səməd Mənsur müxtəlif xarakterli səhnə obrazları ifa edib. Bu baxımdan onun böyük türk mütəfəkkir şairi Əbdülhəq Hamidin eyni adlı əsəri əsasında Dadaş Bünyadzadənin hazırladığı “Tariq ibn Ziyad” (Tofiq ibn Ziyad) tamaşasında, Baxmetevin “1812-ci il” (“Napoleon müharibəsi, yaxud Moskva yanğını”. Arakçeyev və Baqration), türk ədibi Şəmsəddin Saminin “Dəmirçi Gavə” (Zabit), M.Mərəndinin “Çəkməçi Seyfulla” (Səməd xan), Yusif Talıbzadənin “Ərmənusə” (Zübeyr) tamaşalarında oynadığı rolları qeyd etmək olar.
Teatr və poeziyada da öz sözünü demişdi
Səməd Mənsur opera və operetta tamaşalarında da aktyorluq edib. Hətta bir müddət dahi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında Məcnunun atasını oynayıb.
Onun təşkilatçılıq, inzibatçılıq və aktyorluq fəaliyyəti “Səfa” mədəni-maarif cəmiyyəti ilə bağlıdır.
Səməd Mənsurun şairlik fəaliyyəti iki xətt ilə davam etmişdir. Birincisi satira, ikincisi romantika. Satirik şeirlərində şair Sabir yolunu tutaraq ictimai xəstəlikləri, köhnə münasibətləri qamçılamağa çalışmışdır. “Içkilər, oflar”, “Ey həkim”, “Qarabağlı”, “Qələmim” belə şeirlərdəndir. Şəməd Mənsur satiralarında klassik şeirin təsvir vasitələrindən məharətlə istifadə etmişdir. Qəzəl ədəbiyyatında zəriflik, incəlik üçün işlədilən təşbih və sifətləri həcv şeirinə salmaqla satiranın məlahətini bir qədər də artırmışdır. Füzulinin çox məhzun və mütəəssir bir lirika ilə yazdığı məşhur “Ey həkim” rədifli qəzəli vardır. Burada aşiq həkimə müraciətlə eşq dərdindən şikayət edir:
Eşqdən qəlbimdə bir pünhan mərəz var, ey həkim!
Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!
Səməd Mənsur isə ayrı münasibətlə həkimə müraciət edir. O, Bakıda yoxsulluq, pulsuzluq ucundan həkimə gedə bilməyən xəstələrin şikayətini qələmə almışdır. Insafsız və pulpərəst həkimlər belə xəstələri qapıdan qovurdular. Şair həmin xəstələrin dilindən yazır:
Nə cibimdə parə, nə evdə çörək var, ey həkim!
Nəbzimi bihudə sıxma, çəkmə azar, ey həkim!
Ət yemək pəhrizini əmr etmə kim bazardə,
Hər qədər axtarsa ət tapmaz xiridar ey həkim.
Şairin yaradıcılığında ictimai məsələlərdən bəhs edən mövzular üstünlük təşkil edir. Onun şeirlərini səciyyələndirən başlıca keyfiyyət onların canlı hiss və  təəssüratlardan qaynaqlanması, yüksək mübarizlik əhvali-ruhiyyəsinin olması idi.   S.Mənsur digər qələm sahiblərindən fərqli olaraq ateist olmamışdır. O, millətin  inkişafında  islam dininin müəyyən rol oynadığını bəyan edərək, xalqını fəlakətdən xilas etmək üçün Ulu Tanrını köməyə çağırırdı:
Ya Rəbb, öz lütfünü  kəsmə millətdən,
Lütf qıl qurtaraq  cəngi-zillətdən.
Bu möhlik yanğından saxla islamı,
Etmə  bizi mərhum  feyzü rəhmətdən”.
“Türklüyün varlığı qeyrə nə böyük qorxuymuş…”
S.Mənsur yaradıcılığının ikinci dövrü 1918-1920-ci illərə düşür. Şair Azərbaycan Xalq Cümhuriyyəti dövründə daha məhsuldar işləmiş və bu dövrdə  nəşr edilən “Zənbur” və “Şeypur” satirik jurnallarının ərsəyə gəlməsində onun daha çox əməyi olmuşdur. “Zənbur”la mütəmadi əməkdaşlıq edən şair “Şeypur”un naşiri idi.
S.Mənsur AXC dövründə naşirliklə də məşğul olmuşdur. Çox böyük  maddi çətinliklər bahasına “Turan” elektrik mətbəəsində bu işə başlayan şair 1920-ci ilin may ayına qədər burada çalışmışdır. Ən güclü lirik və satirik şeirlərindən  sayılan, poeziyamızın qızıl fonduna daxil edilən “Naz et”, “Sən mənim olsan”, “Həpsi  rəngdir” və  s. əsərlərini də elə bu zaman yazmışdır. Böyük qəzəlxanımız Əliağa Vahid də “Naz et…” adlı qəzəlini ona xitabən yazmış və sonda şairin adını da xatırlatmışdır.
Şairin yaradıcılığının üçüncü – sonuncu dövrü 1920-1926-cı illəri əhatə edir. O zaman daha çox səhnə əsərləri yazmağa üstünlük verən ədib məşhur “Satir-aqit” səhnə əsəri ilə yanaşı yeddi pyesini də bu illərdə qələmə almışdır. Həcmcə böyük olmayan bu əsərlərin məzmunu əsasən millətin maariflənməsi, ölkənin azad olması problemlərinə həsr edilib.
Mollanəsrəddinçi şair kimi tanınan S.Mənsur əməkdaşlıq etdiyi mətbu orqanlarının əksəriyyətində “Pompuşəli”, “Kənarçı Pompuşəli”, “Tuti”, “Şeypur”, “Mütəşair” kimi gizli imzalardan istifadə etmişdir. Qələmə aldığı hər bir şeir, felyeton çox aktual mövzulara həsr edilmişdir. Istər ölkə daxilində, istər xaricində baş verən  hər bir siyasi məsələyə  həmin an münasibət bildirərdi.  Milli azadlıq, milli mənlik, ana dilinə qarşı münasibət isə yaradıcılığının ana xəttini təşkil edirdi.  
“Şeypur”da çap etdirdiyi “Ziyalılarımız” sərlövhəli silsilə felyetonlarında ana dilimizə olan soyuq munasibətdən bəhs edir. Hələ o zaman ana dilini, bəyənməyərək rus dilinə üstünlük verən “ziyalılara” üzünü tutaraq onları “ruslaşdırma” siyasətindən uzaq olmağa çağıran şair yazırdı: “…Indi mənə deyirlər ki, hökumət müsəlmandır, gərək uşaqlar türk dili danışsınlar. Canım, sən özün  yaxşı görürsən ki, burada türk dili bilən biçarələri heç qapıdan içəri qoymurlar ki, gedib dərdlərini öz köhnə ağalarına ərz eləsinlər. Sən özün görürsən ki, tamam böyüklərimiz də hələ sənin uşaqların kimi vaspitanniy adamlardı. Ağızlarının əyilməyindən qorxub, türk dili öyrənməyiblər”.
Bütün varlığı ilə millətinə, vətəninə bağlı olan şair böyük TÜRK dünyasının  yaranması arzusu ilə yazdığı “Möhtərəm dostum və qələm arkadaşım Azər  əfəndiyə” adlı şeirində çox narahatlıq hissi ilə yazırdı:
Türklüyün varlığı qeyrə nə böyük qorxuymuş-
Dost-düşmən onu məhv etməyi istər, Azər!
Yuxarıda qeyd etdiyimiz kimi bu məsləksiz, simasız insanlar şairi çox narahat edirdi. Barışa bilmirdi bu hallarla. Xüsusən də 1920-ci ildən sonrakı baş verən siyasi hadisələr milli azadlığın, müstəqilliyin boğulması, ölkənin rus imperiyasının zəncirləri ilə buxovlanması şairi dəhşətə gətirirdi. Xalqına edilən  zülm, təhqir onun mənəvi və ruhi sarsıntılarına səbəb oldu. Lakin millətin xoş günə çıxacağını ümid edərək oğluna belə vəsiyyət edirdi:
“Bizim də ölkədə, Əhməd, gələr bir öylə zaman,
Hüquqa malik olur millət, gülür vətənim…
O gün məzarıma qoş! Sanma bir ovuc xakim,
O gün vürdunu gözlər o xaki qəmnakim”.
Dövrün haqsızlıqlarına, insanların məsləksizliyinə dözə bilməyən şair 1927-ci ildə 47 yaşında dünyasını dəyişib…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir